adalet.az header logo
  • Bakı 6°C
27 Iyul 2021 13:18
135386
MÜSAHİBƏ
A- A+

“Nə yaxşı tarix müəllimiyəm, nə yaxşı məcburi köçkün məktəbində işləyirəm”- Müsahibə

“Müəllim danışır” layihəmizin qonağı Zəngilan rayonu 29 saylı məktəbin tarix müəllimi Günay İbrahimovadır.

 

-Günay xanım, Zəngilan məktəbinin müəllimisiniz. Bir növ bu məktəblər də qaçqın məktəbi sayılırdı. Bir məktəbin qaçqın olması necə bir hiss idi, digər məktəblərdən hansı fərqləri var idi?

-Əslində məcburi köçkün məktəblərinin şəhərdə yerləşən digər məktəblərdən elə də bir fərqi yoxdur. Digər məktəblərdə olan şərait elə məcburi köçkün məktəblərində də yaradılır. Sadəcə , işğal edilmiş bir rayonun , hal-hazırda işğaldan azad edilmiş bir bölgənin övladlarına tarix fənnini tədris etmək daha qürurvericidir. Çünki onlara düşmənimizi tanıtdırırıq. Bu gün isə Zəfər tariximizi böyük bir iftixarla, qürur hissi ilə danışırıq. Və buna görə də sevinirəm ki, nə yaxşı ki, tarix müəllimiyəm, nə yaxşı ki, məhz elə məcburi köçkün məktəbində işləyirəm.

-Zəngilan işğaldan azad edilib. Yəqin ki, bir müddət sonra belə qaçqın məktəblər olmayacaq. Rayona köçürülən əhali üçün məktəblər tikiləcək. Bəs, bu şəhərdə yerləşən məktəblərin, müəllimlərin aqibəti nə olacaq?Nə planlayırsınız bu barədə?

- Bəli, şükür bu günümüzə ki, torpaqlarımız işğaldan azad edilib. Biz artıq məcburi köçkün deyilik. Bu adı üzərimizdən götürən şəhidlərimizə, qazilərimizə, Ali baş komandanımıza minnətdarıq. Bəli , o məktəblər eynilə öz rayonumuza köçürüləcək.Və biz orada təhsilimizi , tədrisimizi davam etdirəcəyik. Orada cənnət yaradılacaq qısa zaman ərzində. Artıq bunun üçün müəyyən tədbirlər də görülməyə başlayıb.

-“Marker müəllim”lərin fəaliyyəti nədən ibarətdir? Sıravi məktəb müəllimlərindən onların fərqləndirici işləri nədən ibarətdir?

- Dövlət İmtahan Mərkəzi abituriyentlərə blok imtahanında hər fənn üzrə 30 sual təqdim edir. Onlardan 22-i qapalı, 5-i açıq və 3 sual isə situasiya sualıdır. Marker müəllim isə o situasiya suallarının qiymətləndirilməsində iştirak edir. Cavabları yoxlayır.

Şagird repetitor hazırlığına arxayın olmamalıdır

 

-Repetitor hazırlığından imtina etmək, şagirdləri məktəbdə dərs vaxtı hazırlamaq qeyri-mümkündü?

- Əlbəttə ki, mümkündür. Mən özüm də abituriyent vaxtlarımda orta məktəbdən öyrəndiklərim hesabına gedib qəbul imtanında oturmuşam. Yaxşı da nəticəm olub. İşlədiyim bu 11 il ərzində də müəllim yanına getmədən sadəcə orta məktəbdə öyrətdiklərimizlə universitetə qəbul olan şagirdlərimiz olub. Bu gün artıq onlar universiteti bitiriblər. İndi də ola bilər. Sadəcə şagird arxayın olmamalıdır ki, hə, mən hazırlığa gedəcəm, orada öyrənəcəm.

 

Şagirdlərə müxtəlif üsullarla hazırlığa cəlb edə müəllimlər var

-Bəlkə müəllimlər də bu işdə maraqlıdır? Yəni, şagirdlərin məktəbdə bilgiyə yiyələnməsinə deyil, hazırlıqda öyrənməsinə.

- Var elə müəllimlər. Bunun üçün müəyyən üsulları da olur o müəllimlərin. Özüm müşahidə etmişəm. Amma sonu heç yaxşı bitməyib. Çünki o müəllim o şagirdlərə heç nə öyrədə bilməyib hazırlıqda. Mən həmişə çalışmışam ki, əlimdən gələn köməyi edim. Kitab istəyiblər kitab vermişəm, izah istəyiblər izah vermişəm. Sözün düzü , mən abituriyent hazırlığına o qədər də adaptasiya ola bilmirəm. Mən daha çox Miq və Sertifikasiyaya müəllim hazırlığı ilə məşğul oluram. Yəni müəllimlərlə işləyirəm.

-Şəhərdə yerləşən məktəblərin kənd məktəblərindən pandemiya dövründə əsas fərqlərindən biri də bu oldu ki, şəhər məktəblərində ənənəvi dərslər az oldu. Bunun mənfi təsirləri nələr olacaq?

- Təbii ki, ənənəvi dərslərin olması daha yaxşı idi. Çünki ən azından şagirdlərin səninlə birlikdə işlədiyini görürdün. Amma distant formada etiraf etməliyik ki, müəyyən çətinliklər oldu. Hətta heç vaxt onlayn dərsə qoşulmayan şagirdlər də oldu ki, internet və s. kimi problemləri var idi. Məktəb rəhbərliyi də həmin şagirdlərin təhsilə cəlb olunması üçün müəyyən köməkliklər göstərməyə çalışdı. Onlara teamsə daxil olmasına köməklik edildi. Amma mənfi təsiri nələr olacaq sualına gəldikdəsə, əgər bir şagirdin fikrində oxumaq -çalışmaq varsa, o distant dərslərdə də tam hazır şəkildə qoşuldu. Dərsimiz saat 9-da başlayırdısa , mən 10 dəqiqə əvvəl qoşulurdum və görürdüm ki, şagirdlər var ki, məndən əvvəl ,hətta məktəbli geyimində qoşulublar dərsə. Yenə deyirəm , bu şagirdin özündən asılı bir şeydir. Oxuyan hər şəraitdə oxuyub davam etdirəcək.

-Onlayn dərslərin sizinçün üstün və mənfi cəhətləri nədir?

-Üstün cəhətləri odur ki, İKT bacarıqlarımızı daha inkişaf etdirməyə çalışdıq. İndiki dövrdə komputersiz müəllim təsəvvür etmək mümkün deyil. Çünki sabahkı dərsim üçün izah hazırlamalıyıq, testlər tərtib edib teamsə yerləşdirməliyik və s. Bunları edə-edə çox şey öyrəndik. Mənfi cəhəti isə az sayda olsa da bəzi şagirdlərin onlayn dərslərdən kənar qaldığını müşahidə etdik.

-Dövlətçilik, vətəni sevdirmək, layiqli vətəndaş yetişdirmək və.s məsələlərdə tarix müəllimlərinin üzərinə daha böyük məsuliyyət düşür. Siz də tarix müəllimisiniz.

- Bəli, bizim üzərimizə düşən məsuliyyət daha çoxdur. Amma məncə tək tarix müəllimləri deyil, bütün müəllimlər bu mövzuda həssas olmalıdır. Bəzən digər fənn müəllimlərindən eşitmişəm ki, "əşi, bu tarix nəyə lazımdır ee, ancaq əzbərçilikdir". Birinci növbədə onu deyim ki, tarixi sevmək lazımdır ki, o sənə çətin görünməsin. Sonra hər birimiz bu dövlətin vətəndaşıyıq. Hər birimizin borcudur vətəni sevmək və sevdirmək. Siz tarixə sevgi ilə yanaşın, görün sizə necə gözəl görünəcək o. Və bu günkü tariximizi də sevməmək mümkün deyil. Məsələn, mən məktəbdə hər hansı bir tədbir keçirəcəmsə, çalışıram ki, birinci növbədə bu tarixə aid olsun və ən əsası da sevdiyim mövzu olmalıdır. Elə bu tədris ilində Zəfər tariximizə aid şagirdlərimlə dəfələrlə tədbir keçirdim. Çalışdım ki, materialları onlar hazırlasın, onlar araşdırsın və ən əsası da komputerdə də özləri yığsın gördükləri işə. Onlar necə sevgi ilə bu işi dəfələrlə etdilər. Qeyd etdiyim kimi həmişə çalışmışam sevdiyim mövzulardan tədbirlər keçirim. Elə sonuncu tədbirim də Ümummilli lider Heydər Əliyevin doğum günü əlaqədar tədbirim olub. Hətta bu tədbirə Bakı Dövlət Universitetinin Tarix üzrə Fəlsəfə doktoru Arzu Xəlizadəni də onlayn dəvət etmişdim. Arzu xanım da tədbirimizə qoşularaq Heydər Əliyev şəxsiyyəti haqqında şagirdlərə məlumat vermiş və şagirdlərin bu tədbirə uyğun hazırladığı slaydlara baxaraq çox gözəl hazırlandığını vurğulamışdır

Qiymət davası edən valideynlərlə də rastlaşmışıq

 

-Müəllimlər adətən digər peşə sahiblərinə nisbətdə səbirlərinə daha çox hakim olmağa məcburdu. Sizi müəllim kimi çilədən çıxaran olaylar olmamış olmaz.

- Doğrudur. Amma biz müəllimlər hər zaman çalışmalıyıq ki, səbirli olaq. Çünki biz uşaqla işləyirik. Bunu nəzərə almalıyıq. Dediyimiz hər bir sözü ehtiyyatla deməliyik ki, xətrinə dəyməyək, incitməyək, ancaq yaxşı gələcəyə motivasiya edək. Ancaq bəzən qiymət davası edən valideynlərlə də rastlaşmışıq və müəyyən mənada anlamağa çalışmışıq.

-Bir neçə test toplusunun müəllifi və rəyçisisiniz. Test tərtibatında əsasən nələrə fikir vermək lazımdır?

-Test toplusunda sualların daha çox öyrədici olmasına diqqət yetirməliyik. Testdə olan sualların cavabları mütləq və mütləq dərslikdə öz əksini tapmalıdır. Ən əsası suallar əzbərçiliyə deyil , məntiqə əsaslanmalıdır. Çünki özümüz də müşahidə edirik ki, DİM artıq imtahanlarında əzbərçiliyə deyil, məntiqi nəticəyə əsaslanan suallar qoyur.

 

Söhbətləşdi: Emin Piri