adalet.az header logo
  • Bakı 7°C
19 Oktyabr 2021 14:41
1135
HÜQUQ
A- A+

Vəzifəli şəxslərdən pul tələb edənlərin işi məhkəməyə göndərildi

Vəzifəli şəxslərə hədə-qorxu gələrək onların pul vəsaitlərini ələ keçirən şəxslər barəsində olan cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluqdan Adalet.az-a verilən məlumata görə, Abdullayev Sənan Həsən oğlu və Atayev İlqar Əliabbas oğlunun qanunsuz hərəkətlərinin ifşa olunması istiqamətində aparılmış təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Aparılmış əməliyyat-istintaq tədbirləri ilə Sənan Abdullayevin “Youtube” sosial şəbəkəsində yaratdığı “Xəbər kanalı” səhifəsində birgə çəkiliş apardığı İlqar Atayevlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində 2021-ci ilin əvvəllərindən qeyd olunan səhifədə Goranboy rayon icra hakimiyyətinin vəzifəli şəxslərinin guya qanunsuz əməllərə yol vermələrinə dair məlumatları video çarxlar formasında yaymasına, həmin video çarxların qeyd edilən səhifədən silinməsi məqsədilə RİH-nin vəzifəli şəxsindən hədə-qorxu ilə 4 min manat məbləğində pul tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə əldə edilmiş sübutlar əsasında Sənan Abdullayev və İlqar Atayevə Cinayət Məcəlləsinin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.