adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
24 Noyabr 2021 14:28
2448
MÜSAHİBƏ
A- A+

“Azərbaycanın bu qələbəsi türk dünyasının qələbəsidir” - MÜSAHİBƏ

Müsahibim Qırğızıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri hüquq elmləri doktoru, professor Kayrat Mederbekoviç Osmanəliyevdir.

 

- Cənab səfir, yenicə fəaliyyətə başladığınız bu müddətdə Azərbaycanda özünüzü necə hiss edirsiniz?

- Öz yurdumda, öz ölkəmdə olduğu kimi desəm səmimiyyətimə inanın, Türk kökənli, islam inanclı bir məmləkətdə başqa cür də ola bilməz. Sovetlər birliyi yetmiş il müxtəlif xalqları, o cümlədən türk xalqlarını da eyni bayraq, eyni ideologiya ətrafında birləşdirsə də milli azadlıq, müstəqillik meylləri bu birliyi parçaladı, dağıtdı. Məcburən birləşdirilən respublikaların hər biri müstəqil bir dövlət oldu. İndi müstəqil dövlətçiliyimizin 30 yaşı olsa da tarixən mövcud olmuş dövlətlərimizin ideologiyasına və atributlarına varislik edirik. Bu ənənə sizdə də, bizdə də demək olar ki, eyni şəkildə qorunur.

Tarixdən bilirəm ki, Azərbaycan 1918-ci ildə Şərqdə ilk Demokratik Respublika quran türk kökənli müsəlman ölkəsidir. Sizin ölkə bu tarixi təcrübədən yararlamaqla bu gün özünün yeni mövqeyini, yeni fəaliyyət proqramını, müstəqil daxili və xarici siyasətini formalaşdırır. Təbii ki, Qırğızıstan da Azərbaycanın xarici siyasətindən kənarda qalmır. Elə bu yaxınlarda Bakıda Qırğızıstan səfirliyinin yenidən fəaliyyətə başlaması bunun bariz nümunəsidir.

Əlbəttə, Azərbaycan gözəl ölkədir, Bakı möhtəşəm şəhərdir. Bəziləri Bakını Şərqin Parisinə, yaxud Dubaya bənzədir. Mən belə deməzdim. Fikrimcə, Bakı Azərbaycan xalqının minilliklərdən süzülüb gələn milli koloritinin şəhəridir. Bu şəhərdə müasirlik qədimliyi ört-basdır etmir. Sizin Qız qalası, Şirvanşahlar, İçərişəhər unikal tarixi abidələrdir.

- Sizcə Bakı-Bişkek münasibətlərinin yeni və daha istiqanlı mərhələyə keçməsi üçün nədən başlamaq, hansı işləri görmək lazımdır?

- Düşünürəm ki, Zəngəzur dəhlizinin açılması Türk dünyasının Avropaya inteqrasiyasında böyük rol oynayacaqdır. Bizim ölkəmiz də bu dəhlizin açılmasında maraqlıdır. Çin kimi böyük dövlət də bundan yararlanmağa çalışır. Bir sözlə, Zəngəzur dəhlizinin açılması Mərkəzi Asiya üçün yeni reallıqlar vəd edir. O ki qaldı məsələnin başqa tərəfinə, İran, Türkiyə, Azərbaycan, Rusiya, hətta Ermənistan bu dəhliz vasitəsilə iqtisadi münasibətlərini Beynəlxalq platformalara çıxarmaqla ticari əlaqələrini daha da genişləndirə bilər. Əslində bu marşrut qədim ipək yolunun marşrutudur.

- Şərqdən Qərbə uzanan böyük ipək yolunun Avrasiya mədəniyyətinin tərəqqisində xüsusi rolu inkarolunmazdır. Çindən başlayıb Tyan-Sanın cənub silsiləsindən – Qaraşəhər, Küçör, Ağsu, İssık-Göl, Çu, Talas və İsfar vadilərindən keçən bu qədim karvan yolu "Manas” eposunda da xatırlanır.

- Doğrudur. Siz manasşünas olduğunuz üçün bunu yaxşı bilirsiniz. İpək və karvan yolunun keçdiyi ölkələrə, bölgələrə Çin tacirləri torpaqbasdı, indiki anlamda gömrük rüsumu verərmişlər. Bu rüsumu alan məmləkətlərdən biri də o zamankı Qırğızıstan olub. Zaman keçdikcə, dövlətlər və millətlərarası münasibətlərin yeni modelləri meydana çıxdıqca, elm, texnika inkişaf etdikcə ipək yolu da öz funksiyasını itirməyə başlamışdır. İndi bu yolu ən müasir qaydada Şərq ilə Qərb arasında ticari körpüyə çevirmək türk dünyası üçün bir zərurətdir.

- Kayrat Mederbekoviç, Azərbaycan-Qırğızıstan əlaqələrinin daha hansı istiqamətlərdə qurulmağını istərdiniz?

- Bütün istiqamətlərdə. Haqqında danışdığımız Zəngəzur dəhlizi bu strategiyanın bir hissəsidir. Biz Azərbaycanla siyasi, iqtisadi, mədəni və mənəvi əlaqələrimizi, turizm və ticarət sektorundakı əməkdaşlığımızı yüksək səviyyədə inkişaf etdirmək niyyətindəyik. Yeri gəlmişkən deyim ki, turizm sahəsində əməkdaşlıq üçün hər iki ölkənin kifayət qədər resursları var. Azərbaycan Cənubi Qafqazın əsrarəngiz təbiətə malik bir parçasıdır. Dağlar, meşələr, çaylar, göllər,şəlalələr, saf iqlim, alp çəmənlikləri, narzan bulaqlar və s. bu ölkənin turizm üçün əlverişli məkan olduğunu təsdiqləyir. Qədim abidələri, qala və qəsrləri, xalçaçılıq, dulusçuluq, dəmirçilik kimi qədim el sənəti nümunələrini də buraya əlavə etsək möhtəşəm bir mənzərə alınır.

- Sizin ölkəniz də turizm baxımından çox maraqlı məmləkətdir. Dəfələrlə olduğum İssık-Göl, Talas vadisi, Çolpon-Ata, Ala-Too, Çu çayı insanı ilk baxışdan valeh edir.

- Paytaxt Bişkekdən tutmuş Qırğızıstanın digər bölgələrinə kimi, əyalət və vilayətlərinə qədər hamısı zirvəsi qarlı, uca dağların əhatəsində yerləşir. O dağlar ki, dəniz səviyyəsindən yeddi min metr yüksəklikdə qərar tutub. İssık-Göl də dəniz səviyyəsindən beş min metr yüksəklikdə yerləşən, dünyanın nadir dağ göllərindən biridir. İssık-Göl "isti göl” deməkdir. Bu göl qış aylarında nəinki donmadığına, hətta müəyyən hərarətə malik olduğuna görə ona bu adı veriblər. Tyan-Şanın Ala-Too silsiləsi boyunca keçib getdiyin dağ yolları, ətri insanı məst edən alp çəmənlikləri, yaylaqlara səpələnmiş yurtalar (alaçıqlar-A.C.) olduqca cazibədar və valehedicidir. Yəni, demək istəyirəm ki, ölkəmizdə gəzməli, görməli və əylənməli yerlər çoxdur ki, bu da turizmin inkişafına öz töhfəsini verə bilər. Bakı-Bişkek hava marşrutunun da açılması bu əlaqələrin inkişafında əsas şərtlərdəndir. İnşallah, tezliklə ona da nail olacağıq.

Bir məsələni də qeyd edim ki, Qırğızıstanda iyirmi mindən artıq azərbaycanlı var. Onlar otuzuncu illərdə repressiyaya məruz qalmış, Qırğızıstana sürgün edilmiş azərbaycanlıların varisləridir. Turizmin, mənəvi əlaqələrin inkişafı sizin soydaşlarınızın da ata-baba yurdunu ziyarət etməyə real şərait yaradar.

Bizim dilimiz, dinimiz, inancımız bir olduğu kimi mədəniyyətimizin də ortaq və oxşar cəhətləri var. Məsələn, biz hər il köçəri xalqların beynəlxalq oyunlarını keçiririk – müxtəlif ölkələrdə. Gələn il bu oyunlar Türkiyədə keçiriləcək. Çox istərdik ki, növbəti dəfə bu tədbir Şuşada baş tutsun.

- Niyə məhz Şuşada?

- 44 günlük Vətən müharibəniz Şuşa zəfəri ilə sonuclandı. Mənə görə Şuşa Qarabağ zəfərinin simvoludur. Bu tarixi şəhərdə deyək ki, "xarı bülbül festivalı”, "Vaqif poeziya günləri” və başqa mədəniyyət tədbirləri keçirilirsə "köçəri oyunları”nı da o gözəl məkanda keçirməkdən qürur duyardıq. Əslində Azərbaycanın bu qələbəsi türk dünyasının qələbəsidir. Müzəffər Ali Baş Komandan, səriştəli siyasətçi, mütəfəkkir diplomat İlham Əliyev və onun yenilməz ordusu Azərbaycan xalqının dədə-baba torpaqlarını işğaldan azad etdi. Mən də çox şadam ki, bu zəfərin 8 noyabr təntənəsini Bakıda seyr etmək şərəfinə nail oldum.

- Cənab səfir, səmimi söhbətə görə sizə öz təşəkkürümü bildirir, fəaliyyətinizdə uğurlar diləyirəm.

 

Adil Cəmil