adalet.az header logo
  • Bakı 18°C
24 Dekabr 2014 14:59
53220
RUBRİKA
A- A+

"Ədalət"in vaxtı: Arif Quliyevlə

"Vaxt həyatımıza qoyulmuş sayğacdır, onu boşa sərf etməyin!” Aforizm kimi dillərdə gəzəcək bu kəlamı nə antik yunan, nə şərq filosofları, qərb ədibləri deməyiblər. Qulaqlara sırğa olacaq bu ifadə "Ədalət”in vaxtı”nın  budəfəki qonağı tərəfindən – müsahibənin sonunda, insanlara tövsiyə olaraq deyildi. Amma son, əvvəl bilməyən, həyatın istənilən anında bu tövsiyə su kimi axan zamanı dəyərləndirməkdə, həqiqətən də öz çəkisini göstərəcək bir ifadədir. Elə isə məşhur həmsöhbətimizi  bir az da yaxından tanıyaq:

Azərbaycanın xalq artisti, sevilən gülüş ustası Arif Quliyev – 1950-ci ildə Şirvan şəhərində doğulub. Hələ körpə vaxtından valideynlərini itirən aktyor uşaq evində böyüyüb və çətin həyat sürüb. Amma bütün çətinliklərə baxmayaraq, ayağa qalxa bilib, özünü geniş ictimaiyyətə təsdiqləyib. 1965-ci ildə Bakı Mədəni-Maarif Texnikumunun "Dram və kino aktyorluğu" fakültəsinə daxil olub, 1968-ci ildə Mingəçevir Dövlət Dram Teatrına təyinatla işləməyə göndərilib. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Musiqili komediya aktyorluğu" fakültəsinə daxil olub, 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilib.

A.Quliyev müxtəlif səpgili və müxtəlif xarakterli obrazlar yaradıb. Teatr səhnəsində ifa etdiyi Şərbətəli (S.Dağlı, C.Cahangirov, "Təzə gəlin"), Salyanski (F.Əmirov, M.Əlizadə, "Gözün aydın"), Əli (M.Şamxalov, Z.Bağırov, "Qaynana"), Dursun (S.Rüstəmov, S.Rüstəmov, "Durna"), Mürsəl (S.Ələsgərov, S.Qədirzadə, "Gurultulu məhəbbət"), İbişov (Ş.Qurbanov, S.Ələsgərov, "Özümüz bilərik"), Tofiq (Ş.Axundova, N.Gəncəli, "Ev bizim, sirr bizim"), Səbzəli (M.Haqverdiyev, "Məhəbbət, şeytan və ağ ölüm") kimi obrazlar aktyorun komediya janrında yaratdığı uğurlu rollardan bir qismidir.

 A.Quliyevin yaradıcılığında Azərbaycan Televiziyası da geniş yer tutur. Onun "Şans", "Bığ əhvalatı", "Qaynana", "Lift əhvalatı", "Yarım ştat", "Evləri köndələn yar" və başqa teletamaşalarda, "Bəyin oğurlanması", "Yaramaz", "Bəxt üzüyü", "O dünyadan salam", "Qəm pəncərəsi", "Mənim ağ şəhərim", "Alma almaya bənzər", "Ağ gəmi" bədii filmlərində oynadığı rollar tamaşaçıların rəğbətini qazanıb.

1982-ci ildə o, Respublika Gənclər mükafatına, 1988-ci ildə Əməkdar Artist fəxri adına, 1993-cü ildə "Humay" mükafatına, 1994-cü ildə Xalq Artisti fəxri adına, 2006-cı ildə teatrdakı qazandığı uğurlara görə "Qızıl Dərviş" mükafatına layiq görülüb. 1988-ci ildən Özəl Satira Teatrının bədii rəhbəridir.

 

...Və Arif Quliyevin zaman anlayışı:

 

– Zaman nədir və sizin üçün nə əhəmiyyət kəsb edir?

– Zaman böyük bir məfhumdur, geniş miqyaslı anlamdır... Zaman illərin, dönəmin, dövranın bir çərçivədə birləşməsi, məsafəsi, ölçüsüdür. Məsələn, bizim zamanımız, vaxtımız dövrümüz deyilir, əslində bunlar sinonim anlayışlardır, amma məna eynidir. Bura insan ömrü də, dövran da, yaşadığımız vaxt-an da  daxildir... Zaman nələr görməyib ki, böyük dövlətlər, sülalələr yaradıb, inkişaf etdirib, süquta uğradıb, yəni zamanın imkanı böyükdür.

 

"Hərəmiz bir cür zamandan istifadə etməyə çalışırıq”

 

– Zaman insanın içindədir, yoxsa insan zamanın?

– Hamı, bütün bəşəriyyət zamanın içindədir. Başqa sözlə, zamanın "papağ”ının altındayıq. Bizim öz zamanımız var ki, həmin zamanın içində yaşayıb, dövrümüzü başa vururuq. Amma zaman qalır. Hərənin öz zaman kəsiyi var. Zaman görüntü deyil, biz onu yox, o bizi görür. Bütün gördüklərimizi, bildiklərimizi və ola biləcəkləri öz içində yığıb və vaxtı çatanda bizə göstərir. Biz sadəcə olaraq, seyrçiyik... Allahın verdiyi zaman çərçivəsində yaşayırıq, hərəmiz bir cür zamandan istifadə etməyə çalışırıq. İnsan qarışqa kimi əziyyət çəkir, dağı arana, aranı dağa daşıyır, qurdalanır, yaradır, yıxır... Ağıllı adam dərk edir ki, vaxt yetməyə bilər və verilən vaxtda çox iş görmək üçün əzmlə çalışır.


– İnsan zamana diktə edə bilər?

– Heç vaxt diktə edə bilməz! Kainat mövcud olandan öz oxu ətrafında fırlanır: alimlər bununla bağlı müəyyən kəşflər ediblər, amma hələ də yetərli deyil. Hələ də kainatın necə yaranmasını, hansı gücdən enerji alıb idarə olunmasını dəqiq deyə bilmirlər, aça bilmirlər.  Kainatın, zamanın sirrini aça bilməyən insan ona necə diktə edə bilər?!

 

"Bütün kəşfləri, yenilikləri zamanının nəbzini tutan insanlar edib”

 

– Bəzi insanlar özlərini yaşadığı zamana aid etmək istəmirlər. Ya əsrlər əvvəl, ya da sonra dünyaya gəlməli olduqlarını deyib gileylənirlər...

– Onlar özlərini tapa bilməyən insanlardır. Özünə inamı olmayan, yaşadığı zamanla ayaqlaşıb özünü sübut edə, istiqamətini seçə bilməyənlərdir. Belə insanlar öz bacarıqsızlığına don geyindirib, günahı başqalarının, ələlxüsus da zamanın üstünə atırlar. Amma düşünmürlər ki, insan pisi də yaxşını da özü edir, zamanın yönünü tutub özünü göstərə bilir. Bütün bu kəşfləri, yenilikləri zamanının nəbzini tutan insanlar edib. Vaxt var idi insan kosmosun ancaq xəyalını qurardı, amma zamanı gəldi kosmosu fəth etdi. Və ya digər texniki kəşflər olsun. Ağacı basdırmaq üçün torpaq əllə qazılardı, ancaq indi texnika gətirib kiçik çalalar qazırlar, işçilər sadəcə, ağacı ora basdırırlar. Bu gün istifadə etdiyimiz, artıq adi görünən mobil telefonlar  nə vaxtsa inanılmaz bir şey olub. Amma insan bunu da bacardı, həmin vaxtını gözləyən zamanın çərçivəsində.  Hər bir zamanın öz təkanı, kəşfi və inkişafı var.  Bəzən insan vaxtı qabaqlamağa çalışır, bunu bacaranlar da var, amma hər adamın işi deyil.

 

"Zaman o vaxt üzünə gülər ki, sən onun qədrini, dəyərini biləsən”

 

– Zamanı düzgün dəyərləndirmək də hər adamın işi deyil...

– Təbii ki! İnsan mütləq dərk etməlidir ki, hansı zamanda yaşayır, ona görə hərəkət etməlidir. Məhz bu zamanda vaxtı, fürsəti fövtə vermək olmaz. Çox ayıq-sayıq olmaq lazımdır. Ayağına gələn və ya yaxalaya bildiyin fürsəti sənə verilmiş zaman-imkan daxilində dəyərləndirməlisən. Zaman o vaxt üzünə gülər ki, sən onun qədrini, dəyərini biləsən. Zamanın pisi-yaxşısı yoxdur, hər zamanın öz üstünlükləri, öz fərqlilikləri var, bunu tuta bilməyən insan özündən küssün. Deyir, səndən hərəkət, məndən bərəkət. Zaman həmin o bərəkətdir, hərəkətlə, fəaliyyətlə, cəhdlə ondan yararlanmaq lazımdır.


– Məhz bu zamanın nəbzini tutmaq asandır?

– Bu zaman ağıllı və tədbirli insanları sevir. Onun nəbzini tutmaq üçün yüz ölçüb bir biçmək, ağıllı düşünmək lazımdır. Yaxşı münasibət, qarşılıqlı anlaşma, soyuqqanlılıq bu zamanın əsas şərtlərindəndir. Ümumilikdə götürəndə isə, indiki zaman çox yaxşı zamandır: imkanları, icadları genişdir. Sovet vaxtı əl-qolumuz bağlı idi. Fərdi inkişaf strukturları yox idi. İndi azad yaradıcılıq, biznes var, sərbəst düşüncə var. Sanki bizim üçün hər bir şərait yaradılıb, təki biz onu yaxşı dəyərləndirək.


– Zamanın sizdən aldıqları çoxdur, ya sizin zaman verdikləriniz?

– Zamanın mənə verdikləri daha çoxdur. Zaman mənə imkan yaradıb ki, böyük yaradıcılıq yoluna çıxa bilim. Zamanın töhfəsi deyilən bir anlam da var: bu töhfə ondan ibarətdir ki, mən kimim-kimsəm olmadan, ata-ana görmədən ayaqda dura bilmişəm, öz sözümü demişəm. Zaman mənə şans verdi ki, özümü ayağa qaldıra, təsdiq edə biləm. Həyat özü də elə zamandır, onunla vəhdətdir.


– Həyatınızda sizi təəssüfləndirən vaxt itkisi olubmu və ya bilərəkdən vaxt "öldürdüyünüz” məqamlarınız olub?

– Yox, vaxtın qızıl kimi dəyərli olduğunu həmişə anlamışam. Müdrik Nizami deyir ki:

İnsanda varsa da hünərdən əsər,

İnsan özü susar, danışar hünər.

Çalışmışam ki, hünərimi, bacarığımı göstərim. Mən səhnədə danışmışam, obrazlarda, rollarda sözümü demişəm.

 

"Vaxtı cilovlamaq istəyirik, amma özümüz vaxtın cilovuna düşürük”

 

– Yaradıcı adamlar, adətən, vaxt bölgüsünə riayət etmirlər...

– Vallah, vaxt o qədər tez keçir ki, gün açılmağı ilə axşam olmağı bir olur. Çalışıram ki, bu sürətli məsafəni özümə layiq, vacib şəkildə istifadə edim. Bunu bacarıramsa, onun bəhrəsini də görürəm. Qabaqcadan plan tuturam ki, səhər hara getməliyəm, günorta harda olmalıyam, axşam hara dəvətliyəm və s.  Amma həmişə vaxt yetmir. Bir də görürsən kimsə getdiyim yerdə məni saxlayır, baş ona qarışır, öz işimə ləngiyirəm. Vaxtı cilovlamaq istəyirik, amma özümüz vaxtın cilovuna düşürük.

 

– Vaxtla bağlı insanlara nə tövsiyə edərdiniz?

– Maksim Qorkinin bir sözü var: "Vaxtını, zamanını, ömrünü elə keçir ki, dönüb geriyə baxanda mənasız, boş, ləyaqətsiz anlarını görüb peşman olmayasan”. Çalışın, vaxtınızı səmərəli keçirin. Vaxt həyatımıza qoyulmuş sayğacdır, onu boşa sərf etməyin!  

 

Biz də "Ədalətin” vaxtı”nın qonağına Vaxtın onunla həmişə ədalətli davranmasını arzu edirik.

Şəfiqə Şəfa