adalet.az header logo
  • Bakı 11°C

Ramiz Rövşəndən ağır gələn Ramiz "- Saffari yazır

Orxan Saffari
91044 | 2021-06-21 10:18

Düzü, bu yazıya qədər Ramiz Qusarçaylı haqqında müsbət fikirdə deyildim. Bir dəfə gecə yarı şair uşaqlarla müəllif adlarının mənasızlığından danışanda Ramiz Qusarçaylının adını çəkdim, bir adamın adının niyə Qusarçaylı olmasını pislədim. Bunu müasir dövrdə, müasir şairlərin modernlik məsələsi ilə əlaqələndirdim. Açığı, bu barədə indi də eyni fikirdəyəm. Mənə görə ədəbi ad da insanı çəkməlidir. Xüsusi ilə bölgə, yer adlarından uzaq durmaq lazımdır. Bölgə adları daha çox meyxanada olduğundan, ədəbiyyatda isə mənə klassik bir obraz yaratmağı, görməsəm də, Sovet dövrünün mənasız əyalət şairini xatırlatdığından itələyir məni. Amma indi sözümün canı bu deyil. Ramiz Qusarçaylıdan oxunan cəmi iki şeir ordaca fikrimi dəyişdi və bu yazını da yazmağı qərarlaşdırdım.

Təbii, hər şair nə qədər şeir yazır yazsın, cəmi bir-iki şeiri dillər əzbəri olur. Ramiz Qusarçaylının ən məşhur şeiri məncə, bayraq şeiridir ki, onu da bir qədər sevmirəm. Sevmirəm deyəndə quru pafos görürəm, amma bir yandan da deyirəm ki, bu mövzuda başqa nə cür, necə yazmaq olar ki? Bu isə birbaşa mənlik bir məsələdir deyə tənqiddən saymıram.

“Şənini vəsf etməyə yetər, qüdrətim yetər,

Ulduzunu,ayını göydə mələklər öpər,

Hər rəngində “ya qazi, ya şəhid” bir mən bitər,

Sən ey İstiqlalımın əbədiyyət sancağı, –

Azərbaycan bayrağı !

 

Yağının min hiyləsi küydən, kələkdən keçər,

Sən sancılan ucalıq min-min ürəkdən keçər,

Dağlar yerindən oynar, daşlar ələkdən keçər,

Göylərin nur yağmuru, yerlərin göy qurşağı,-

Azərbaycan bayrağı !

 

Sən Arazın, Samurun umuduna bələndin,

Çəni ağlar Göyçənin buluduna bələndin,

Dərbəndin dərd hıçqıran sükutuna bələndin

O tayımda Savalan, bu tayımda Şah dağı,

Azərbaycan bayrağı !

 

Cəngidə cövlan yerim, cövlanda can yerimsən,

Barışda gül çələngim, savaşda qan yerimsən,

Sən mənim and yerimsən, mənim iman yerimsən,

Dalğalı ləngərlərin yelpiklənən yarpağı,-

Azərbaycan bayrağı !

 

Sənsən Azadlıq eşqim, sənsən Hürr,- deyəcəyəm,

Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,

Şuşada sən qonduğun daşa pir deyəcəyəm,

Çəkəcəyəm gözümə kölgən düşən torpağı

Azərbaycan bayrağı !

Azərbaycan bayrağı !”

Amma bu yerdə özümü tərifləyib, bayraqdan söz düşdü deyə, kiçik bir cümləmi demək istəyirəm;

- Kəfən- o biri dünya respublikasının bayrağıdır.

Əl-qərəz.

Demək olar ki, bir gün ancaq Ramiz Qusarçaylını oxudum. Özümə qeyd tuturam. Ən bəyəndiyim şeirlərdən əlavə, ən bəyəndiyim misraların da qeydini. Hərdən şeirə yox, məhz bircə misraya ehtiyacım olur ki, elə gələcək ehtiyacımı qarşılamaq üçün bu misraları qeyd elədim.

Bu gecə özümə elə ağladım,

Ölsəm, heç anam da ağlamaz, elə...

İlahi, nə gözəl enerji, nə gözəl misra. Bəlkə də bu kimi hissləri çatdıra bilmirəm, amma gözəl bir sözə o dəqiqə həyəcanlanıram. Rastıma çıxan kimi bu misraya da həyəcanlandım.

Özümü yenə tərifləməli olacam, misramı misal gətirəcəm. Belə də, söz sözü çəkər.

İndi heç bilmirəm kimə ağlayım,

Yuvasını dağıtdığım qarışqalarımı,

yoxsa, yuva qura bilmədiyim qadınlaramı?

Amma Ramiz Qusarçaylının bu misrasına görə öz misram gözümdən düşdü.

"Ürəyim böyüyür bir qarışqanın

Dənindən boylanan halallıq kimi.."

Bu barədə Del Geraninin da bir gözəl, həyəcanlı misrası var;

"Para buğdasına söykənib duran

Qarışqa misalı elə yorğunam.."

Yazını bütün önyarğılarım dağılandan sonra yazmışam deyə, çox pafoslu olmamasına çalışıram. Hərdən ilk heyranlıqlar bu cür olur. Özümü yeganə obyetiv saxlaya biləcəyim məsələ budur. Bu müstəvidə hər şeyi vicdan və təmizliklə etdiyimə əminəm. Qusarçaylı demiş,

Vicdan da papaq kimidi,

Atdın, üstə toz yığılır...

Ramiz Qusarçaylı şeirlərində təbiət və insanın vəhdəti olduqca gözəl və maraqlı alınır. Əgər burda sənin öz talehin də varsa. Məsələn, düşünürəm bu bənddə təbiətlə insan qarşı durmasında tale çıxış edir;

Gözündən ölməyə başladı atam,

Gözündən düşməyə başladı dünya.

Saraldı gözünün ağ çiçəkləri

Gəlib gözlərində qışladı dünya…

Heyrət, ey şeir!

Bilmirəm pafoslu çıxar yoxsa yox, Ramiz Qusarçaylı artıq mənim üçün Ramiz Rövşəndən böyük şairdir.

Adların eyniliyinə dediyimə görə pafosu vurğuladım. Amma ciddi deyirəm bunu. Ramiz Rövşəni onsuz da bir qədər sevməməzliyim var. Gözəl şair olsa belə. Amma hər iki Ramizi eyni müstəviyə qoyuram, Qusarçaylı demək olar hər şeirində Rövşəndən ağır gəlir.

Qusarçaylının təbiətə həsr olunmuş, yaxud dediyim kimi, insan və təbiət vəhdətində olan şeirlər belə bir ad verməyimə əsas vermir. Məsələn, birinə təbiət şairi deyirlər. Allah rəhmət etsin, Musa Yaqubumuz var idi, amma Ramiz Qusarçaylıya tək təbiət şairi demək düz olmazdı. Heç Musa Yaquba da düz deyildi.

Amma Bəxtiyar Vahabzadənin bu təbiətik fikirləri uyğundur;

"Ramiz Qusarçaylı poeziyası büllur kimi saf, bulaq kimi dumdurudur".

Əlimə alınca əlim qurudu

Qurudub göndərmə bənövşələri.

Nəfəsim qurudu, dilim qurudu

Qurudub göndərmə bənövşələri.

Əl saxla, dər saxla, təzə-tər saxla,

Çıxart ürəyimi, üstə sər, saxla,

Mənə də ölməyə bir az yer saxla

Qurudub göndərmə bənövşələri.

Necə də gözəl şeirdir. Təbiətə yeni nəfəs kimidir. Təmizdir, safdır, durudur.

Torpağa batıram dizimə qədər,

Şeir göyərdirəm kökümün üstə- deyən Qusarçaylı şeirlərini hər oxuduqca bu misraların haqqını verdiyinə bir daha şahid oluram. Bu şeirlər məhz bu cür ifadə edilə bilərdi. Bir növ, öz özü şeirlərinə izah verir, amma çox gözəl bir şəkildə.

Ramiz Qusarçaylı klassik şeiri də yenilikçi ənənə ilə yazan şairdir,bir növ, köhnə havada, formada ən yeni sözləri deyən. Buna oxuduqdan sonra bir daha əmin oldum.

Ramiz Qusarçaylının oxuduğum bütün şeirləri haqqında danışsam, yazını bitirmək də çətinlik çəkəcəm. Ona görə də, çox da uzatmadan elə burdaca bitirir, yenidən şeirləri oxuyub zövq almağa başlayıram.

 

Orxan Saffari

TƏQVİM / ARXİV