adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 Yanvar 2021 10:22
103762
MƏMLƏKƏT
A- A+

Qıcıqlandırıcı tendensiya: Köçkünlər Qarabağa dönəcəkmi? - CAVABIM

Hazırda sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzulardan biri də  köçkünlərlə bağlıdır. 1990-1994-cü illərdə Ermənistan Silahlı Qüvvələrinin , eləcə də, onlara havadlıq edən ölkələrin dəstəyi sayəsində Azərbaycan dövlətinin Qarabağ bölgəsi işğal olundu.

Yurdlarından perik düşmüş qarabağlılar respublikanın 67  rayonuna səpələndilər. Artıq 30 ilə yaxındır  ki, onlar bu ərazidə məskunlaşıb, özlərinə uygun şərait yaradıb, tikib-qurublar. Ailələri –uşaqları işlə  təmin olunublar. Yerli əhali ilə qaynayıb qarışıblar. 30 il heç kimə zarafat gəlməsin. Bir ömrün böyük bir hissəsidir və adaptasiya mərhələsi də çox çətinliklərdən keçib.

2 il əvvəl gördüklərim: Dünya Cənnətə dönsə...

Bu gün müzəffər ordumuzun rəşadəti sayəsində artıq 30 ilə yaxındı Ermənistan Silahlı Qüvvələrinin işğalında olan  və 2 ay əvvəl azad edilən doğma yurdlarımıza dönmək ərəfəsindəyik. Azad olunmuş Qarabağ torpaqlarında artıq yenidənqurma və quruculuq işləri başlayıb. Yollar çəkilir, məişət-iaşə və ticarət obyektləri tikilir, elektrik-kommunikasiya xətləri bərpa olunur. Bütün bunlar qarabağlıların yurda qayıdışına, evlərinə dönüşünə görə görülən işlərin başlanğıcıdır. 

Yenə qayıdaq sosial şəbəkələrdə  və bəzi xəbər saytlarında köçkünlərlə bağlı paylaşımlara. Köçkünlərin 30 ildir hansı problem, çətinlik, ağrı-acı çəkdiyindən xəbəri olmayan  bəzi qanısoyuq,  burnundan o tərəfi görə bilməyən, savadsız, bilgisiz soydaşlarımızın “Köçkünlər geri dönmək istəyəcəkmi?” sualını vaxtaşırı gündəmə gətirmək həvəsinə. Ən pisi də odur ki, bəzən bir çox sosial şəbəkə istifadəçilərində köçkün soydaşlarımıza qarşı aqressiya,  nifrət  sərgiləyənlər də kifayət qədər olur. “Niyə?”sini anlamasamda bunu  Bakıda hazırda ən rahat və təhlikəsiz şəkildə yaşayan 50 min (bəzi mənbələrə görə, 100 min) erməni əsilli vətəndaşlarımızın ayağına bağlayıram və “pataloji nifrət sindiromu” deyib keçirəm. Amma anlamayan və məlum sualı vermək üçün növbəyə durub qarabağlılara qarşı ağzınagələni danışanlara verəcəyim cavablar  var.

1.Sizdən soruşuram: 1980-90-ci illərdə qarabağlılar  Qarabağdan  kütləvi şəkildə köçmüşdümü? Xeyir!Çünki o cənnət elləri-obaları səbəbsiz yerə qoyub gəlmək imkansız bir şeydi. 1993-cü ildən o məşum köç başladı.

2. Tək erməninin yox Rusiya nizami ordusunun birliyi qarşısında igidlərimiz qəhrəmanlıq göstərsə də, yeni yaranmış  və təhcizatı tam olmayan ordu, təsadüfi həmçinin, xəyanətkar adamların, o  cümlədən qrupların ordunun tərkibində fəaliyyəti və özbaşnalığı, mərkəzləşdirilmiş komandanlığın olmamaması dinc əhalinin kütləvi şəkildə öldürülməsinə, iyrənc şəkildə təcavüzünə səbəb olurdu. Malıbəyli-Quşçular , Qaradaglı, Ağdaban, Başlıbel faciələri, Xocalı soyqırımından sonra əhali nisbətən ərazini tərk etməyə başladı. 

3. Silahı ən son yerə qoyan məhz torpağı işğalda olan qarabağlılar oldu. (12 may 1994-cü il)Bir sözlə, heç kim doğma ocağına adi bir səbəbdən buraxıb başqa yurdlara dönmək istəməz!   

2 il əvvəl gördüklərim: Yaddan çıxmaz Qarabağ...

Yadınızdadırsa 2019-cu ilin aprel ayında Bakı şəhəri, Kürdəxanı qəsəbəsi ərazisində yurd-yuvasından köçkün düşmüş soydaşlarımız üçün tikilən şəhərciyin açılış mərasimi olmuşdu. Məlumat üçün qeyd edim ki, qəsəbədə layihə üzrə doqquzmərtəbəli 15 bina tikilib ki, bunlardan 9-u 54, 4-ü 36, digərləri isə 108 və 72 mənzillidir. Yaşayış kompleksində məktəb və uşaq bağçası, o cümlədən digər zəruri infrastruktur obyektləri - klub-icma mərkəzi, həkim məntəqəsi inşa edilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sistemlərinin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib. Açılış mərasimində  iştirak edən ölkə prezidenti şəhərciyi qarış-qarış gəzib, hər bir xırda detalla maraqlanıb, mənzillərdə yaradılan şəraitlə tanış olmuşdu.

Biz də öz növbəmizdə bunu dövlətimizin köçkün vətəndaşlara bir qayğısı kimi dəyərləndirdik.   15 hektar torpaq sahəsində salınan yeni məkana-qəsəbəyə səfərim iyun ayının ilk günü baş tutdu. Yenə də qeyd edim ki, bura şəhərcik demək tam bir haqsızlıqdır. Əslində şəhər içində möhtəşəm bir şəhər desək, daha doğru olar. O vaxt  baharın gözəlliyi də şəhərciyə bir başqa mənzərə əlavə etmişdi. Hər tərəf yaşıllığa bürünmüş, yaşıl çəmənliyin ətrafı isə gül-çiçək kolları ilə bəzədilmiş, iri Eldar şamı, küknar ağacları isə bir adamboyundan uca olmuşdu. Bir sözlə, baharın xoş ətri və yüksək əhval-ruhiyyənin müşayəti ilə şəhərciyi gəzdik.  Şəhərciyi gəzə-gəzə gəlib çıxdıq uşaq bağçasının qarşısına. Bağçada yaradılan şəraitin gələcəyimiz olan körpələrin ürəyincə olduğuna əminik. 280 yerlik bağça balacaların zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin edir. Otaqlar və dəhlizlər uşaqların sevimli nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilib. Bağçanın yerləşdiyi ərazidə geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıq zolağı salınıb. Səliqə-səhman, yenilik adamda lap uşaq olmaq istəyini yaradır. Bağçanın qarşı tərəfində, yolun sol səmtində isə 560 şagird yerlik tam orta məktəb yerləşir. Bir sözlə, hər şey möhtəşəm!

Hər kəs yurduna dönəcək! Dönməlidir!

Orda- Kürdəxanı qəsəbəsindəki şəhərcikdə məskunlaşanlarla qısa müsahibələrimiz “xoş günə çıxdıqlarına görə, geriyə gönməyəcəklər” ittihamını alt-üst etmişdi. Yüksək standartlara uygun yaşam   tərzi köçkünləri arxayınlaşdıra bildimi? Onlara Qarabağı unutdurdumu?

Gəlin birlikdə araşdıraq.

Dünyanın ən gözəl məkanı kimi bilinən Laçın rayonundan Əli Qurbanovla,  Möcüzə dolu, unikal Şuşa rayonundan olan Faiq İsgəndərov, Səxavət Qasımov, aranlı-dağlı Ağdamdan Ələkbər Məmmədov,  Hüseyn Qarayev, Cantiq İsgəndərov, Novruz Tağıyev (Keştazlı), Təbibə Quliyeva (Şıxbabalı),   kəhrizlər məkanı Cəbrayıldan Tofiq Xankişiyev (Hacılı) və başqaları ilə bu mövzuda  xeyli söhbətləşmişdikdə. O lüks yaşam standartlarına başlayan bu insanların Qarabağ adı dillərindən , həsrəti gözlərindən düşmürdü.
Onda cəbrayıllı Tofiq dayı mövzuya səsi titrəyə-titrəyə qoşuldu:  “Qızım bilirsən, məni yaşamağa məcbur edən nədi? İçimdəki inam. Bəli, inanıram ki, güclü dövlətim, prezidentim, ordum var.  Yüz minlərlə köçkünə qəsəbələr tikiblər, evlər veriblər. Camaatı zülümdən qurtarıblar. Bax, həmin gücnən-qüdrətnən bir gün də  yurdumuza qovuşacağıma inanıram! Hər kimsə, hər hansısa başqa bir dövlət bizim daxili işimizə qarışır, Prezidentimizin  Qarabağ uğrunda apardığı siyasətə pəl vurursa, Allah onun cəzasını versin. Əşşi, imkan verin kişi öz işiylə məşğul olsun də. Sən o qəzetində yaz ki, oğlum İlham, mən Tofiq dayın öz nəsli- kökümlə həmişə arxanda dayanmışam. Sənə inanıram, ordumuza güvənirəm! Di, Allah qolunuza qüvvət versin!”.

Əziz sosial şəbəkə “qaragüruhçuları” sizcə, bu inamla yaşayan insan yurduna dönməzmi? 

Elə  söhbət əsnasında Keştazlı Novruz dayı  ürək sözlərini  ifadə etdi: “Allah hökumətimizin uğurlarını da, qazancını da, var-dövlətini də bol eləsin! Artıq biz də rahat mənzildə, şəraiti olan bir evdə özümüzü normal adam kimi hiss edəcəyik. Amma uşaqlar maşına yük yığanda nəsə ürəyim xarab oldu. Yadıma kəndimiz düşdü. 1993-cü ilin iyul ayının o narahat gününü bir anlıq canımda hiss elədim. Məcbur qalıb köçdüyümüz günü deyirəm. Təəssüf edirəm ki, kəndimdən çox uzaq, bu qərib yerdəyik. 27 il... Mən rayondan çıxanda 45 yaşım vardı. Müharibə başlayan günə qədər kənd təsərrüfatı sahəsində - sovxozumuzda çalışmışam. Üzümçülük sahəsi üzrə briqadir olmuşam. Düzdü, o vaxt sovet dönəminin, necə deyərlər, “kəsakəs” dövrü idi, çox işləyirdik, zəhmət çəkirdik, günün hardan çıxıb, hardan batdığından da xəbərimiz olmazdı. Amma yurdumuzdaydıq, evimizdəydik, elimizin içindəydik deyə, o çəkdiyimiz əziyyətlər də bizdə narazılıq doğurmurdu. İndi bilirsiniz, iş yox, iş yeri yox, o vaxtki əziyyətin heç bir faizini çəkmirik. Amma yorğunuq, tükənmişik, hər şeydən gileyliyik. Hər şeyə əsəbləşirik. Bizlər anasının yoxluğundan cığallıq edən, ağlayan, bağıran, hər şeyə tərs münasibət göstərən körpə uşağa dönmüşük. Amma bu gün fərqli gündü. Bu gün yurdumuza dönəcəyimiz günə inamımız birəbeş artdı. Köçkünlərin rahat yaşaması üçün bu qədər qəsəbə tikmək ancaq güclü dövlətlərə məxsus bir fərasətdi. Deməli, gücümüz, fərasətimiz varsa, niyə də yurdumuza dönməyək? İnanıram ki, Kürdəxanı bizim son düşərgəmiz deyil. Cox keçməz o qəsəbələrdən də üzü Qarabağa köç karvanlarımız axnaşar. İnşallah!”.

Əziz sosial şəbəkəkədəki  “təəssübkeşlər”, e l ağsaqqallarının 2 il əvvəl dedikləri və bu gün də sadiq qaldıqları  söz! Onlar Qarabağa- öz doğma yurdlarına dönməyi istəyirlər. Həm də şiddətlə istəyirlər! Bu istək həmişə olub, dünən də, bu gün də, sabah da olacaq! Bu istəyin qarşısında siz, yenəmi, boşboğazlıq edib vətəndaşları bölgələrə bölməyə çalışacaqsınız?

 Qarabağ yenicə düşmən caynağından alınıb. Hələ minatəmizləmə prosesi tam başa çatmayıb. İnşallah, o torpaqlarda yaşamaq üçün cüzi şərait yaradılsın, evlər, məktəblər, bagçalar  tam tikilsin, su , işıq, qaz çəkilsin! Hamı bir nəfər kimi öz doğma ocağına dönəcək! Həm də mütləq dönəcək! Buna görə, kimsə narahat olmasın! Kimsə Qarabağ camaatını aşağılamağa da cürət etməsin! Heş kəs mənim yurdumu mən qədər sevə, orda yaşamağı mən qədər istəyə bilməz! 

 Torpağım üçün canını fəda etmiş şəhidlərimizin ruhu qarşısında baş əyirəm! Bütün qazi və veteranlarımıza isə uzun ömür, can sağlığı arzulayıram!

 Əntiqə Rəşid