SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: BU GƏLƏN YAZIN…

  52784   |  
Şriftin ölçüsü  

... Havadan o dəqiqə hiss olunur ki, yaz gəlir. Hətta Bakının dəlisov küləyi bir qədər sakitləşib. Martın 19-du. Başqa yeri deyə bilmərəm, Bakıda bir yaz havası hiss olunur. Günəş çıxıb, şəhəri öz ağuşuna alıb, istiliyini və hərarətini insanlara paylayır. Sanki artıq təbiət də qışın soyuğundan, şaxtasından, qarından, çovğunundan yorulub...

...Və elə bil ki, çıxan günəş, havada hiss olunan təmizlik  insanları səsləyir ki, darıxmayın, mən gəlirəm. Mən gələndə sevinəcəksiniz, ürəyiniz, qəlbiniz açılacaq. Və mən gələndə görəcəksiniz ki, sizə göz verib işıq verməyən COVİD-19 da yavaş-yavaş sönəcək. Və bir də görəcəksiniz ki, bu günəşin, bu istinin işığında o COVİD-19 əriyib, itib və cəhənnəmə vasil  olub...

... Hələ səhər-səhər Günəşlidən evdən çıxıb iş yerimə gedəndə havadakı təmizliyi görüb bir anlıq da olsa ağzımdakı tibbi maskanı çıxarıb doyunca o təmiz havadan ciyərimə çəkdim. Axı bir təmiz havaya da tamarzı qalmışıq. Bu xəstəlik peyda olandan bu günə qədər maskasız gəzmək olmur. Gəzərsən ey, bir də görərsən ki, polis səni saxladı və maska taxmadığına görə, 200 manat cərimə elədi. Indi gəl, bu bayram günündə bazarlıq eləməyə pul tapma, apar 200 manatı ver cəriməyə...

...Hələ bir gün əvvəl Bakıda dumanlı bir hava vardı. Yazın gəlişini xəbər verən dumanlı bir hava. Belə bir deyim var: “Qış dumanı qar gətirər, yaz dumanı bar”. Özü də yaşadığım binanın qarşısındakı qonşuların saldığı bağda bülbüllərin bir gün əvvəl cəh-cəhi eşidilirdi. Bülbüllərin cəh-cəhi istər-istəməz qəlbimizə bir yaz havası gətirir. Yaz gəlirsə, bütün ağrımız, acımız, dərdimiz, kədərimiz hamısı ötən ildə qalır. Və çərşənbə tonqallarının üstümdən atılarkən “ağırlığımız, uğurluğumuz bura tökülsün” deyib o sıxıntılarımızı ocaqda yandırırıq...

... Yazın gəlişi təbii ki, hamımızı çox sevindirir. Elə mən də bu sevincin içindəyəm. Ancaq bu yaza bir çox dostlarım, yaxınlarım, qohumlarım çıxa bilmədi. Və ötən il mən neçə-neçə əzizimi, dostumu itirdim. Və həmişə də onlarla görüşəndə deyirdim ki, darıxmayın, bu yaza bir yerdə çıxacağıq. Yadıma dostum, polis polkovniki İlham Rəcəbov düşür... yadıma istedadlı jurnalist və 30 il çörək kəsdiyim, yoldaşlıq elədiyim Lətif Süleymanlı düşür... yadıma əmim nəvəsi, çox istedadlı hərbi jurnalist Rəşad Süleymanov düşür... O Rəşad Süleymanov ki, Birinci və İkinci Qarabağ Savaşında ən qaynar nöqtələrdə, səngərlərdə, döyüş bölgələrində oldu. Yerlərdən reportajlar, müsahibələr, zarisovkalar hazırladı və cəbhədəki əsl həqiqətləri hamıdan tez oxuculara çatdırdı. Ona erməni gülləsi dəymədi, amma bu evi yıxılmış koronavirus 38 yaşında yaxaladı... Ağırdı, çox ağırdı həmin dostlarımı itirmək mənə. Amma təsəlli olan odur ki, bu insanlar sözün həqiqi mənasında vətənini, xalqını, millətini və böyük Qarabağı sevirdi. Və düşünürəm ki, nə İlham Rəcəbov, nə Lətif Süleymanlı, nə də Rəşad Süleymanov ölüb. Onlar dostlarının, sevənlərin ömründə yenidən yaşayırlar. Və hər yaz gələndə yenidən boylanacaq, yenidən həyata atılacaq və yenidən doğmaların yanında olacaqlar. Çünki yaxşı insanlar heç vaxt ölmürlər. Ən azından ona görə ki, onlar tək özləri üçün deyil, həm də başqaları üçün yaşayıblar...

... Dünyaya göz açdığım Bəhmənli kəndində də bir yaz havası var ki, gəl görəsən! Alça, ərik, gilənar, alma ağacları çoxdan çiçəkləyib. Düzdür, pandemiya ilə əlaqədar elimə-obama gedə bilmirəm. Amma hər gün, hər saat ordan xəbər tuturam. Bir gün xəbər tutmasam, ürəyim partlayar. Elə bəlkə də Qarabağın ö gözəl havasıdır, yaz ətridir ki, gəlib çıxıb Bakıya. Axı Bakının dəlisov bir havası var. Özü də boz ayda o hava gündə 4 dəfə dəyişir; bir dəfə yaza bənzəyir, bir dəfə yaya bənzəyir, bir dəfə payıza bənzəyir, bir dəfə də qışa... Dostumuz və qardaşımız, gözəl bir ailənin övladı olan Rüstəm Hacıyev deyir ki, martın 18-də o qədər isti idi ki, plaşımı  soyundum və elə təsəvvür etdim ki, evə belə qayıdaram. Avtobusa minib 20 yanvara çatanda gördüm bir külək qalxıb ki, az qala adamı apara. Soyuq da bir yandan. Rüstəm müəllimin bu sözlərini ona görə xatırladım ki, Bakının havasına bel bağlamaq olmaz. Günün çıxmasına arxayın olub paltosuz, plaşsız şəhərdə bir yerə getsən, qəfil hava dəyişər və səni pis vəziyyətə salar.  Ona görə də o günəşə inanıb Bakıda harasa gedəndə pencəyinizi, plaşınızı götürməyi unutmayın. Ola bilər gənclər bunu hiss eləməsin. Amma yaşlı nəsil dəyişkən hava şəraitində hər an xəstələnə bilər.

... Bütün fəsillər gözəldi. Və hər fəslin öz gözəlliyi, öz çaları, öz rəngi var. Amma yazın min cür ətri, min cür rəngi, min cür çaları var. O rəng ki, o ətir ki, biz onu hiss edəndə, duyanda  qəlbimiz və ürəyimiz çox sakit olur. Və bu yazın ətri hələ yaz gəlməmişdən bizim qəlbimizə dolur. Havadan, güldən, çiçəkdən, hətta insanların çöhrəsindəki təbəssümdən hiss olunur ki, bir yaz havası gəlir. Və bu yaz havası hər bir insana, hər bir gəncə, hər bir yaşlıya dərmandı desək, yanılmarıq. Və yazda hər şey oyanır; torpaq dilə gəlir, güllər, çiçəklər insanları salamlayır, bülbül öz xarı bülbülünü axtarır, bal arıları çiçəklərin üstünə qonub şirə çəkir.

...Və çiçəklərin üstündəki şeh insana sanki yeni bir nəfəs, yeni bir an bəxş eləyir. O təmiz havadan, o təmiz ətirdən nə qədər ciyərimizə çəksək də, doyan deyilik ki, deyilik. Bu təmiz havanı ciyərimizə çəkdikcə, Allahımıza, ulu Yaradanımıza şükür eləməliyik. Şükür eləməliyik ki, bu yazı da görürük... şükür eləməliyik ki, bu yazın da ətrini ciyərimizə çəkirik... şükür eləməliyik ki, bu yazın da güllərinin, çiçəklərinin min bir rəngini və nəfəsini duyuruq...

... Sevdiyim bir neçə böyük şair var. Onlardan da biri də xalq şairi Musa Yaqubdu. O Musa Yaqub ki, təbiətin gözəlliklərindən, gülündən, çiçəyindən, buz bulağından, meşəsindən, dağından, aranından ilham alaraq bir-birindən gözəl şeirlər yazıb. Və təsadüfi deyil ki, elə onun çöhrəsində də, üzündə də Azərbaycan təbiətinin – gülün, çiçəyin, meşənin, bulağın havası hiss olunur. Onun yazdığı “...Bu yazı da gördük”  şeiri yadıma düşür. Və yadıma düşən həmin şeirin üç bəndini oxucularla bölüşmək istəyirəm ki, qoy onlar da yaz havasını hiss eləsinlər:

Selləndi çayımız, daşdı arxımız,

Üzü yaza durdu ömür çarxımız.

Açıldı yenə də cənnət bağımız,

Bu yazı gördük...

 

Bənövşənin qanmı vurub beyninə,

Bu dünya fərəhi alıb çiyninə.

Ömür möhlət verdi, sağ olsun yenə,

Bu yazı gördük...

 

Ömürlər baharlı, payızlı, qışlı,

Pöhrəli, ağaclı, cavanlı, yaşlı,

Salam, yolumuzun alı, yaşılı,

Bu yazı gördük...

 

... Nə yaxşı bu yazı görürük... Nə yaxşı Böyük Qarabağ Savaşında azad olmuş şəhərlərimizi, kəndlərimizi, qəsəbələrimizi görürük... Nə yaxşı yenidən dirçələn Şuşanı, Ağdamı, Cəbrayılı, Füzulini, Laçını, Kəlbəcəri görürük... Və nə yaxşı Ali Baş Komandan, prezident İlham Əliyev və Azərbaycan Ordusu bu Böyük Zəfəri millətimizə yaşatdı. Vallah, bu millətə ağlamaq yox, sevinmək və qələbə yaraşır. Həmişə  üzü Günəşə, üzü Qarabağa, üzü Qələbəyə doğru!..

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-08
17:17

Dahi


Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK