SON DƏQİQƏ:

EKSTREMAL VƏZİYYƏTDƏ İNSAN - Şahnaz Şahin yazır

  46617   |  
Şriftin ölçüsü  

Esse

     Dünyanı fəth edən Napoleon Bonapart gördüklərindən belə nəticəyə gəlib ki, insanlar rəqəmlərə bənzəyir, vəziyyətlərinə uyğun dəyər qazanırlar.

    Dilimizdə isə işlək bir ifadə var, ekstremal, yəni fövqəladə vəziyyət. Tibbdə ekstremal vəziyyət deyərkən insan orqanizminin uyğunlaşdırıcı mexanizmlərinin ya tükənməsi, ya da həddən çox gərginləşməsi nəticəsində yaranan demək olar ki, həyatla ölüm arasındakı vəziyyət başa düşülür. Hamımızın eşidib bildiyi, amma çoxumuzun heç əyani görmədiyi şok, stres, koma, kollaps, o cümlədən ağrı fərqli anlayışlar olsa da, hamısı ekstremal hal sayılır. Yəni bütün bu adı çəkilən hallarda orqanizmdə maddələr mübadiləsində güclü dəyişikliklər baş verir, həyati vacib orqanlar və daxili sekresiya vəzilərinin fəaliyyəti normadan kənara çıxır...

    Həyatı bir orqanizm kimi təsəvvür edək, axı o da canlıdır, bütün kainat, bizi əhatə edən aləm özü də canlıdır və insan da kainatın bir hissəsi və ya bəlkə kainat özü insanın bir hissəsi olmaqla qarşılıqlı münasibətdədir. Eynən kainatda baş verənlər insan orqanizmində də təkrarlanır. Onun da fəsilləri, isti-soyuğu, küləyi, qarlı-yağışlı günləri olduğu kimi, insan xarakterlərinin də  gizli, bəlkə də heç yeri gəlməsə ömrü boyu açılmayan tərəfləri var.

...Insan göydə Ay kimidir,

Görünməyən tərəfi var...(B.Vahabzadə)

   Elə təbiətin özündə də ekstrim vəziyyətlər yaranır, daşqın, sunami, zəlzələ, tufan və s. Bu zaman baş verənlərə hər kəs bir cür reaksiya göstərir, hadisələrin mərkəzində olmağa çalışandan tutmuş ta özü ekstrim hal keçirənə kimi. Yəni kimsə qorxu və həyəcandan başını itirib kütləyə qoşulduğu halda, başqa biri qəhrəman olmaq üçün  fürsət əldə etmiş olur.

  Bir neçə il əvvəl Kür çayının öz məcrasından çıxaraq daşması və bunun Aran rayonlarında yaratdığı ekstrim vəziyyət yadınızda olar. Biz, dövlət adamları, özüm də başda olmaqla o günlərdə gecə gündüz demədən hadisələrin tam mərkəzində idik, Fövqəladə Hallar Nazirliyinin bütün əməkdaşları, eləcə də əsgər və zabitləri  vəziyyəti bir dəqiqə də diqqətdən kənar buraxmırdılar. Selin qabağını almaqdan ötrü əlavə bəndlər vurulur, bərkidilir, suyun artıb azalması nəzarətdə saxlanırdı.

Amma məsəl var, deyirlər “ oddan qalar, sudan qalmaz”, su qədər güclü nə ola bilər ki!.. Yaponlar nahaq demir ki, su kimi ol, su yumşaq və güclüdür.

Amma kəndi sel basdı, yaxşı ki, əvvəlcədən qabaqlayıcı tədbirlər görülmüş, camaat evlərindən köçürülmüşdü. Rayon mərkəzində bir neçə orta məktəbdə yerləşdilən insanlar başlarına gələnlərə hərəsi bambaşqa reaksiya göstərirdi. Həmin çətin günlərdə nə qədər adamın “üzü” söküldü, “astarı “göründü, indiyə qədər eyni kənddə yaşadığın, guya yaxından bələd olduğun, etibarına güvəndiyin neçə-neçə adam təsəvvürlərimi alt-üst edib, məni mat vəziyyətinə saldı. Sanki dünyanın sonu gəlmişdi, Nuhun gəmisinə oturub xilas olmaq üçün son şans yaranmışdı. Bir-birini tapdalamağa hazır idi bu bir qism adam! Təki o rahat olsun, qarnı tox, əyni yerində. Bu günün sabahı olduğunu unutmuşdular, nəfsinin quluna çevrilən belələri yaranmış ekstrim vəziyyətdən bacardıqca yararlanmağa çalışırdılar...

Kötük adam, divar adam, daş adam,

Hardan çıxdı ayaq adam, baş adam.

Adam gəzdim, heç olmadım tuş, adam,

Əsir düşdüm kələyinə adamın...

 

   Devid Yuma görə insan eyibləri, onun ödənilməyən meyllərinin nəticəsidir. Lap bu yaxınlarda bir film izlədim, “Eksperiment”. Filmin süjeti mənə bir ara yerli telekanalların birində həyata keçirilən, qalmaqalla yaddaşlarda qalan  və ən nəhayətdə bağlanan “Qəfəs” layihəsini xatırlatdı. Eynən bu filmdə də məqsəd ekstrim vəziyyətlərə düşən insanın davranışları, indiyəcən görünməyən gizli tərəfləri, xarakterik xüsusiyyətlərinin aşkara çıxarılmasıdır. Bu çağa qədər şəxsin biruzə vermədiyi naqis xasiyyətlər köhnə toxum kimi əlverişli şəraitə düşəndə “dint” vurub göyərir...

   Filmin qəhrəmanları 12 gün müddətində müəyyən pul müqabilində həbsxana rejimində yaşamağa razı olur. İçəridə onlar  bir tərəf dustaq, digəri həbsxana işçisi rolunu icra etməklə  iki qrupa ayırırlar.  Xarici aləmdən tamamilə təcrid olunmuş bu xüsusi binada onlar yalnız qırmızı işığın yanacağı təqdirdə işin təşkilatçıları tərəfinfən müdaxilə oluna biləcək şəraitdə yaşamalıdırlar. Eksperiment isə yalnız kiminsə bədəninə fiziki xəsarətlər yetirildiyi və bunun izləri qaldığı zaman dayandırıla bilər.  Azadlıqda dost münasibəti saxlayan iki nəfərdən biri, həbsxana nəzarətçisi rolunu oynayan şəxs özünün məhz ekstrim vəziyyətdə ortaya çıxan mənfi və iyrənc xarakteri ilə “dustaq”ları sındırmaq, şəxsiyyətini alçaltmaq üçün bütün vasitələrə əl atır, lakin tək həmin dost olduğu “dustaq” oğlanın  qarşısında aciz qalır.  Cəmi altı gün davam edən müddətdə tərəflər arasındakı münaqişə dustaqlardan birinin ölümü ilə daha da gərginləşərək ən pik həddə çatır.

   Artıq içəridə qalmaq və özünü qorumaq çox təhlükəlidir, birlikdə tabe edə bilmədikləri “dustaqları” indi tət-tək kameralara salıb qandalayıblar. Amma təhlükə qarşısında ağıl və zəka işlədən liderin köməyilə xilas olmağa və qarşı tərəflə hesab çəkməyə imkan əldə edirlər. Yaranan ağır və qanlı qarşıdurma səbəbindən eksperiment nəhayət ki, yarıda dayandırılır... Elə gəldikləri maşınla geri qayıdan bu adamların simaları, baxışları kamera önündən keçirilir, ön plana çəkilən həmin iki insanın bir-birinə zillənən baxışları tamaşaçıya çox söz deyir...

Döy təpənə, tök külünü,

Ətəyin o ətək deyil...

 

    Napoleon Banopart deyirdi ki, acı çəkmək ölməkdən daha çox cəsarət tələb edir. Bəli, müsbət qəhrəman olmaq  çətindir, zor işdir, kişi işidir. Tarixin müxtəlif döngələrində aclığını yenib bir tikə çörəyə mənliyini satmayan, sürgündə çürüyən insanlar, erməni əsirliyində aylarla, illərlə fiziki və mənəvi təhqirlərə dözüb vətən qeyrəti çəkənlər, ölüm köynəyini könüllü geyərək həyatına əlvida edənlər qəhrəmandır! Azərbaycan tarixini vərəqləsən orda bütün dövrlərdə vətənin sanballı qəhrəman oğul və qızlarının  adına rast gələcəksən. Amma Babəklərlə yanaşı Yalıncıqlar da çıxacaq qarşına, bundan kədərlənmə, üzülmə, oxucu, bu təsəlli üçün deyil, ibrət üçündür. Unutma ki, həyatda ən çox gördüyün şey də elə ibrət olacaq... və sonda yenə N. Banoparta inanacaqsan...

-“Dünyada təqlid edilməyən tək şey cəsarətdir”.

Cəsarətli olaq...

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-16

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK