adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Ay camaat, mən Şuşaya gedirəm - Əbülfət MƏDƏTOĞLUNDAN altıncı yazı

ƏBÜLFƏT MƏDƏTOĞLU
15515 | 2021-09-14 10:10

...Biz Qara Qəzənfərin xasiyyətinə bələd olduğumuzdan sözünü yerə salmadıq. Bildik ki, əks halda özü tənbəllik etmədən küçədə gözləyən dostlarımızı içəri dəvət edəcək. Ona görə də mən dərhal yerimdən qalxıb Vaqif Bəhmənli ilə Mirzağa Zeynalovu otağa dəvət etdim.

Oturmuşuq Qara Qəzənfərin bir az mətbəxi xatırladan, bir az istirahət otağını yada salan balaca kabinetində. Qarşımızda da Natəvan bulağının suyundan dəmlənmiş çay. Söhbət edirik. Təbii ki, biz daha çox Qəzənfəri dinləyirik. Qara Qəzənfər bu ilin fevral ayını Şuşada olduğunu söyləyir. Bildirir ki, Şuşada çörək sexinin istifadəyə verilməsi ilə bağlı elan edilmiş tenderdə qalib gəlib. Onun qalib gəlməsinin əsas səbəbi iki ay müddətinə Şuşada xidmət keçən əsgərlərimizi pulsuz çörəklə təmin etməsi şərti olub. Və o da sözünü tutub. Tenderin qalibi kimi çox qısa bir müddətə fəaliyyət başlayıb və düz iki ayda əsgərlərimizi, ümumiyyətlə, burda xidmət edən hər kəsin çörək təminatını ödəyib. Necə deyərlər, hər zaman sözünün ağası olan Qara Qəzənfər bu sözünü də birmənalı şəkildə yerinə yetirib. Sonra isə artıq Laçın ərazisində xidmət edən əsgərlərimizin çörək təminatı ilə bağlı addımlar atıb. Artıq onun bir sexi də Laçında çörək bişirməklə məşğuldur. Öncə Şuşadan aparılan çörəklə başlanan bu iş Laçında açılan sexlə məsələni daha optimal bir şəkildə həll olunmasına imkan verir. Burada bir məqam da Qara Qəzənfərin özünün vaxtlı-vaxtında Laçına baş çəkməsinə şərait yaradıb...

Bəli, az qala iki saata qədər davam edən söhbət zamanı Qara Qəzənfər bizi yeməyə də saxlamağa çalışdı. Bildirdi ki, buz dolabında hazır yeməklər var. Bizim üçün hər şey təşkil edə bilər. Gördük ki, razılaşmasaq inciyəcək, qərara gəldik ki, bu məsələni sabaha saxlayaq. Çünki bir azdan plana uyğun şəkildə Xarı bülbül otelinin yemək zalında olmalıyıq. Axşam saat 8-də müsafirlərə şam yeməyi veriləcək...

Gəzə-gəzə geriyə, Xarı bülbül otelinə gedirik. Şuşanın müxtəlif küçələrindən, tinlərindən baş yola doğru adamlar üz tutub gəlir. Bunlar bizim yol yoldaşlarımızdı. Şuşa üçün darıxmış söz adamlarıdı, ədəbiyyat, mədəniyyət işçiləridi. Onlar sərbəst gəzintidən – şəhər və görüşdən qayıdırlar. Bir azdan hamı Xarı bülbül otelinin yemək zalında əyləşib Şuşada ikinci dəfə süfrə başında ilk təəssüratını bölüşürdü...

Bu da Şuşanın 30 ildən sonrakı ilk axşamı. Hərə bu axşama bir cür yanaşır. Hərə öz duyğularından çıxış edib öz münasibətini ifadə edir. Gəzə-gəzə otelin əsas korpuslarından binaya tərəf gedirəm. Birdən doğma, şirin bir səs eşidirəm. Yunis Oğuzun səsidir:

- Mən Şuşada yazıram!

Dönüb səsə tərəf baxıram. Eyvanda dayanıb əlində tüstülənən siqaret ilə məni salamlayıb fikrini bir də təkrar edir:

- Ayə, mən Şuşada yazıram! (həmin məqamı ayrıca bir yazı kimi sayt üçün işləmişdim. İndi onu yazıma əlavə edirəm)

Bu da bir məqamdı

Vaqif poeziya günlərinə səfər zamanı qarşılaşdığım ən maraqlı və yadımda qalan məqamlardan biri dəyərli dostum, zarafatla «general» deyə müraciət etdiyim yazıçı-publisist Yunis Oğuzla bağlıdır. Deməli, Şuşada olduğumuz ilk gecə təqribən axşam saat 9 ərəfəsində Yunis bəylə Xarı Bülbül otelinin həyətində qarşılaşdıq. Məni görən kimi birbaşa dedi:

-  Ayə, baxdınmı?

Təbii ki, mən də maraqla soruşdum:

- Nəyə?

- Ayə, artıq saytlarda, feyzbukda paylaşmışam, hamı da durmadan yayır...

- Nəyi?

- Ayə, Mən Şuşada Yazıram!

Bir anlıq dayandım. Və elə o bir anın içərisində də doğrudan-doğruya Yunis Oğuzun sözün incə nöqtəsindən tutduğunu anladım. Çünki Yunis bəy heç kimə demirdi ki, Şuşa haqqında yazıram, Şuşa ilə əlaqəli nəsə yazıram. O deyirdi ki, Mən Şuşada Yazıram! Yəni, faktiki olaraq mən Şuşadayam. Həqiqətən bu bir tarixi gün idi, tarixi an idi və biz hamımız Şuşada yazmağa başlamışdıq. Bunu ilk bəyan edən isə Yunis Oğuz idi.

Onsuz da köklənmişdim. Yunisin bu sözü də mənim dolmuş bulud kimi köklənmiş ruhumu silkələdi. Bir də gördüm ki, otelin həyətindəki parkda qoyulmuş skamyaların birində əyləşmişəm və öz-özümə pıçıldayıram...  

 

Şuşa

 

Görmədim dağının başında duman,

Əlləri qaşında baxırdı Şuşa...

Ürək çırpınırdı quşdan da yaman –

Yandırırdı Şuşa, yaxırdı Şuşa!

 

İllər çəkdiyini para daş edib...

Yağını bizimlə kim «qardaş» edib?

Bütün əzabını qara daş edib –

Düşmənin başına çaxırdı Şuşa!

 

Açıb Qələbəyə o cüt qolunu,

Seyr edib qürurla Zəfər yolunu...

Öpüb sərkərdəni – qalib oğlunu –

Bayrağı zirvəyə taxırdı Şuşa!

 

Qırmızı tumanın, yaşıl koftanın

Əlləri yanağın öpür ovdanın...

Ancaq vüsalınla yanıb – oddanım –

Silim göz yaşını – axırdı, ŞUŞA!

...Səhəri günü saat 7-də yenidən testdən keçdik və səhər yeməyini bitirib maşınlarla Cıdır düzünə yollandıq. Bu gün Vaqif poeziya günlərinin açılışı keçirilirdi. Bu möhtəşəm tədbirdə ölkə prezidenti cənab İlham Əliyev və Mehriban xanım Əliyeva da iştirak edirdi...

Hər kəs təhlükəsizlik baxımından zəruri olan prosedurlardan keçib onun üçün üzərində ad və soyadı göstərilmiş yerdə əyləşib sanılı dəqiqələrin başa çatmasını gözləyə-gözləyə söhbət edirdi. Bu məqamda fürsəti qaçırmayıb xatirə şəkilləri də çəkirdik. Qeyd edim ki, Şuşaya çatanda keçirtdiyim hisslərdən özümü bir anlıq idarə edə bilmədim və mobil telefonum əlimdən düşüb sındı. Ona görə daha çox dostların yardımına möhtac qaldım. Bunu ona görə qeyd edirəm ki, dəyərli şairimiz Zakir Fəxri məni göstərdiyim xidmətə görə «Şuşanın Fotoqrafı» tituluna layiq gördü. Yəni onun istəyi ilə elə onun öz telefonundan istifadə etməklə şəkillər çəkməyə başladım. İlk 5-6 şəkil, demək olar ki, boşuna  getdi. Amma sonra çəkdiyim bütün şəkillər Zakir Fəxrini çox məmnun etdi və hamının yanında bildirdi ki, Əbülfət, sən oldun Şuşanın fotoqrafı. Çünki çəkdiyin bütün şəkillər ən yüksək keyfiyyətdədi.

Təbii ki, bu fəxri ad məni bir az da ruhlandırdı və dedim ki, çalışacam etimadınızı doğruldam və hər kəsi olduğu kimi çəkəm!

Şuşada Vaqif poeziya günlərinin bütün gedişatı telekanallar vasitəsi ilə canlı yayımlandığı üçün mən o məqamları həm yazıya gətirmirəm. O mənim yaddaşımda yaşayacaq. Bircə onu vurğulamaq istəyirəm ki, televiziyalarda çıxışlarda dəfələrlə izlədiyim xalq yazıçısı Elçin Əfəndiyevin çıxışı zamanı səsinin titrəməsi, kövrəlməsi, onun Şuşa həsrətinin ölçüsüzlüyü məni əməlli-başlı mütəəssir etdi.

Ardı var

TƏQVİM / ARXİV