adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: 5 oktyabr Azərbaycan müəlliminin peşə bayramıdır

FAİQ QİSMƏTOĞLU
1453 | 2021-10-04 12:50

Unudulmaz o müəllimlər

 

...Dünyada müəllim peşəsindən, müəllim sənətindən müqəddəs ikinci bir peşə tanımıram. Çünki elə bir adam, elə bir insan yoxdur ki, məktəbə getməsin, parta arxasında əyləşib, müəllimin dərsinə qulaq asmasın. Və eyni zamanda biz uşaq olanda düşünmüşük ki, müəllim nə çörək yeyir, nə də su içir...

...İlk dəfə məktəbə getdiyim gün indiyə qədər yadımdadı. Məktəbə məni rəhmətlik qardaşım Qürbət aparmışdı. Hamımız Bəhmənlidəki məktəbin həyətinə yığışmışdıq. Müəllimlər, valideynlər və şagirdlər «ilk zəngi» səbirsizliklə gözləyirdi. Qardaşım da deyirdi ki, bax bu məktəbin direktoru Əvəz müəllimdi. Bax bu sizə birinci sinifdə dərs deyəcək Rza müəllimdi, bax bu Cəlal müəllimdi. O gülərüz və hündür boy kişi isə Balaca müəllimdi. Gördüyün ortaboy, balaca kişi isə Nuğay müəllimdi. Qardaşım bir-bir kəndimizin müəllimlərini mənə tanıtdırırdı...

...İlk dərsimiz başladı. Rəhmətlik Rza müəllim sinifə girdi. Elə uşaqlarımız vardı ki, ağlayırdı, eləsi də vardı ki, sakit durub Rza müəllimin keçdiyi ilk dərsə diqqətlə qulaq asırdı. Bax, beləcə bizim ilk dərsimiz oldu...

...Və onda düşündüm ki, vallah nə Rza müəllim, nə Əvəz müəllim, nə Cəlal müəllim, nə də Balaca müəllim çörək yemir, su içmirlər. Çünki onlar o qədər böyük, o qədər qeyri-adi müəllimlər idi ki, bizim yaddaşımızda, düşüncəmizdə elə-belə qalmışdı: vicdanlı, savadlı və ədalətli!

...Orta məktəb illərində müəllimlərimizin necə əziyyət çəkdiyini və ipə-sapa yatmayan uşaqların adam elədiyinin şahidi olduq. Şahidi olduq ki, o müəllimlər əsəbləri pozula-pozula bütün vaxtlarını bizə həsr edə-edə özləri xəstəlik tapdı, biz də savad aldıq, adam olduq və istədiyimiz ali məktəbin tələbəsi adını qazandıq...

...Biz orta məktəbdə 10 il oxumuşuq və bu 10 ildə ancaq müəllimlərimizdən tələbkarlıq, sevgi və bir də məsuliyyət görmüşük. Mənə dərs demiş müəllimlərin çoxu Allahın dərgahına qovuşub və həmişə də onların ruhuna dualar oxuyuram. Qalanlara isə cansağlığı diləyirəm. Düzdür, cəmi bizə dərs demiş iki müəllim qalıb: biri ibtidai sinif müəllimimiz Həqiqət xanım, biri də tarix müəllimimiz Məhər müəllim!

...Bir daha dünyasını dəyişən müəllimlərimi yada salmaq istəyirəm: məktəbimizin direktoru Əvəz müəllim, direktor müavini Cəlal müəllim, Balaca müəllim, Nuğay müəllim, Cəmil müəllim, Məhəmmədəli müəllim, Qəzənfər müəllim, Məcnun müəllim, İsa müəllim, Əkbər müəllim, Həşim müəllim, Rza müəllim, Kəklik müəllim...

...Bir sözlə, bizim üstümüzdə əziyyəti olan bütün müəllimləri bu peşə bayramında xatırlayırıq və onların ruhuna bir daha dualar oxuyuruq...

...Hər dəfə kəndimizə gedəndə 10 il oxuduğum məktəbin yanından keçəndə çox qəribə hisslər keçirirəm və adını çəkdiyim müəllimlərin hamısı yada düşür. Yada düşən həm də 10 il bir yerdə oxuduğumuz sinif yoldaşlarımızdı. Onların da bir çoxu Allahın dərgahına qovuşub...

...Bizim köhnə məktəbin yerində ikimərtəbəli məktəb inşa edilib. Amma köhnə məktəbin qoxusunu və iyisini az da olsa bu məktəbdən alırıq. Və köhnə məktəbimizin uçuq divarları və bir də xatirələri qalıb. Və o xatirələrə bizim 10 illik ömrümüzün anları, dəqiqələri, həftələri, ayları, illəri hopub...

...Və hər dəfə məktəbin yanından keçəndə düşünürəm ki, bu uçuq divarlardan xatirələr boylanacaq və bizi öz rəngarəng dünyasına aparacaq...

...Mənim həmişə çox sevdiyim, hörmət elədiyim bir müəlliməm olub – Həqiqət müəllimə! Dördüncü sinifdə bizə dərs deyib. Ali məktəbi yenicə bitirmişdi və ilk dəfə də bizə dərs deyirdi. Sinifimizdə ən zəif uşaqların «boş damarı»nı tapdı və onları əlaçıların cərgəsinə çıxardı. Və elə uşaqlardan biri də mən idim. Bu gün həyatda nə qazanmışamsa, bax, həmin müəlliməyə, Həqiqət müəlliməyə borcluyam!

Beş il Azərbaycan Dövlət Universitetinin (BDU-nun) jurnalistika fakültəsində təhsil almışıq və düz 5 il elmin Məkkəsi sayılan jurnalistika fakültəsində Azərbaycanın ən böyük ziyalılarından dərs almışıq, onların mühazirələrini dinləmişik, göstərdikləri yolla getmişik. Jurnalistika fakültəsi Bakı Dövlət Universitetində yeganə fakültədir ki, heç vaxt orada rüşvət, pul olmayıb. Çünki  o fakültədə dərs deyən müəllimlər peyğəmbər kimi adamlar idi. Fakültəmizin dekanı Şirməmməd Hüseynov elə bir qayda-qanun, elə bir sağlam mühit yaratmışdı ki, bir kimsənin cəsarəti nə idi ki, tələbədən nəsə umsun...

...Əksinə, onlar biz tələbələrə əmi olmuşdular, dayı olmuşdular, qardaş olmuşdular. Universitetdə bizə dərs demiş peyğəmbər kimi ziyalıların çoxu Allahın dərgahına qovuşub. Qoy onların da adını və soyadlarını xatırlayım ki, bu peşə bayramında bir daha ruhu şad olsun ki, tələbələri heç vaxt o böyük ziyalıları yaddan çıxarmır. Mir Cəlal Paşayev, Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Nurəddin Babayev, Qulu  Xəlilov, Famil Mehdi, Nəriman Zeynalov, Tofiq Rüstəmov... Bax, bu müəllimlər bizim üçün peyğəmbər idi. Çünki onların dünya malında gözü olmaz, hər bir tələbənin halal haqqını özünə verərdi. Bu gün də jurnalistika fakültəsində bizə dərs demiş müəllimlərimiz var. Cahangir Məmmədli, Nəsir Əhmədov, Yalçın Əlizadə, Mahmud Mahmudov, Akif Rüstəmov. Bax, bu müəllimlər sözün həqiqi mənasında tələbənin dəyərini və qiymətini verən böyük ziyalılardır və onlar bu gün də Şirməmməd Hüseynovun qoyduğu ənənəni davam etdirirlər.

Mən onların adından «Qurana» əl basaram ki, bu ziyalılar əvvəllər də və indi də çox təmiz və vicdanla işləyiblər. Tələbədən heç bir şey ummayıblar. Xüsusi qürur hissi keçirirəm ki, bu ənənələr bu gün də jurnalistika fakültəsində yaşayır və davam edir...

...Mənim sevdiyim müəllimlər mənə ürəyim qədər çox yaxındır. Çünki onlar bizə düz yol göstəriblər, elm öyrədiblər. Və el dilində demiş olsaq, bizi adam ediblər. Əsas məsələ alim olmaq deyil, akademik olmaq deyil, professor olmaq deyil. Əsas məsələ odur ki, adam olasan! Adam olsan, alim də olmaq olur, professor da olmaq olur, nazir də olmaq olur...

...Bu peşə bayramında bir daha bütün Azərbaycan müəllimini və mənə dərs demiş ali və orta məktəb müəllimlərimi təbrik edirik. Çünki Azərbaycan müəllimi Aqil Abbasın dili ilə demiş olsaq, Milli Qəhrəman adına layiqdir. Onlar az maaşla bizim balalarımıza, nəvələrimizə elm öyrədir, savad verir və düz yol göstərirlər. Bir daha peşə bayramınız mübarək, Azərbaycan müəllimi. Yazımı Musa Yaqubun «Müəllim ömrü» şeirindəki aşağıdakı misraları ilə tamalamaq istəyirəm:

 

Birinin şanında, böyüklüyündə,

Uçar, qanadlanar müəllim ömrü.

İnsanla həmyaşdır, ölməz, yorulmaz,

Bizimlə yol gedir, müəllim ömrü.

Hamıya pay verib ömründən bir az,

Məndədir, səndədir, müəllim ömrü...

 

 

 

 

TƏQVİM / ARXİV