adalet.az header logo
  • Bakı 12°C
15 Aprel 2015 19:08
55192
RUBRİKA
A- A+

"Ədalət"in vaxtı: Elçin Mirzəbəyli ilə

Zaman vaxtını "öldürmək” istəyənlərin həmişə axırına çıxır. Bunu anlayan insan, əlini vaxtın "qanına bulamaz”,  həmsöhbətimin dediyi kimi vaxtın qatili olmaz. Müdrik  insan vaxtın əhəmiyyətini dərk edir, onun səmərəli keçməsi üçün çalışır, sabahı düşünür, bu günün vaxt qatilləri isə zamanın sabahkı qara siyahısında yer alır.  Öz dəyərli vaxtını "Ədalət”in vaxtı”nda bölüşən bu dəfəki qonağımızı tanıyaq:

Şair-publisist, ictimai-siyasi xadim Elçin Mirzəbəyli - 1967-ci il avqustun 12-də Lənkəran şəhərində doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Sankt-Peterburq Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunu bitirib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. "Sevil" kinoteatrının direktoru, "Sara" TV-nin "Xəbər" departamenti direktorunun müavini və redaktoru, "Üç nöqtə" qəzetinin redaktoru olub. Azərbaycan Dövlət Televiziyasında (AzTV), "Space", "Sara" telekanalında müəllif proqramları ilə çıxış edib. Məhəmməd Füzulinin 500 illiyinə həsr olunmuş filmin rejissoru, Bəxtiyar Vahabzadə, Rüstəm Behrudi və digər görkəmli şəxslər haqqında çəkilmiş filmlərin müəllifi və rejissorudur. Naxçıvan Dövlət Musiqili Dram Teatrında Nəriman Nərimanovun "Nadir şah" dramına quruluş verib. "Nadir şah" dramı Türkiyə və İranda uğurla nümayiş etdirilib. Şeirlərinə Abbas Əhməd, Nailə Mirməmmədli, Hikmət Mirməmmədli, Hatəm Nəbioğlu və digər tanınmış musiqiçi və bəstəkarlar tərəfindən mahnılar bəstələnib. Bu mahnıların arasında Abbas Əhmədin ifa etdiyi "Ürəyim yanar" mahnısı daha çox populyarlıq qazanıb. Şeirləri, esseləri və publisistik məqalələri Azərbaycan, Türkəyə və Rusiyada nəşr olunub. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Gündəlik yayımlanan "Xalq Cəbhəsi" qəzetinin baş redaktorudur.

"Bir gecənin tənhalığı", "İtirilmiş vaxtın adamı", "Poz bu sükutu", "Sevgi məktubları"  və. s kitabları işıq üzü görüb. "Tərəqqi" medalına, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY-un Basın Onur Ödülünə (Mətbuat Şərəf Mükafatı) layiq görülüb, Ali Media Mükafatı ilə təltif olunub.

 

... Və Elçin Mirzəbəyli ilə zaman yolçuluğu:


-  Zaman nədir və məhz sizin üçün nə əhəmiyyət kəsb edir?

- İlk növbədə yaşadığım və itirdiyim zaman kəsiyidir. Saat əqrəblərinə pərçimlədiyimiz vaxt,  uydurduğumuz ölçüdür. Zamanın əhəmiyyətinə gəldikdə isə mən nə qədər ki, yaşayıram zamanın içərisindəyəm, mən ondan, o isə məndən kənarda deyil. Mən olmadıqdan sonra ölçülər dəyişəcək yəqin...

 

- İnsan zaman ölçüsünü uydurmaqla zamanı idarə edir, yoxsa özü özünü buxovlayır?

- İnsan zamanı idarə etmək gücündə deyil. O, yalnız hadisələrin axarını dəyişə bilər. Mən indiki halda yalnız öz adımdan çıxış edə, düşüncələrimi ifadə edə bilərəm.

 

Çarmıxa çəkildiyim

saat əqrəblərinin

sınmış çərxi-fələyi,

Bir bəyaz beşik üstə

bəyaz ölüm mələyi,

Nəhayətsiz bir yuxu-

Qorxu... qorxu... qorxu...

 

Hər kəs öz çarmıxını da, buxovunu da öz çiynində, öz qollarında daşıyır. Hər kəs özünə buxovlanıb.

 

- Hər halda zamana təsir etmiş, hətta onun istiqamətini dəyişmiş insanlar da var. Sizcə bunu kimlər bacarır? Zaman özümü seçir qəhrəmanlarını?

- Zamanın yox, hadisələrin, tarixin gedişatını dəyişməyi bacaran insanlar var və olacaq da. Bunu bacaranlar isə seçilmişlərdir. Burada isə müxtəlif amillər rol oynaya bilər: şəxsi keyfiyyət, xarakter, yaranmış tarixi şərait, toplum və şans. Qəhrəmanları da, anti-qəhrəmanları da onlara layiq olan toplum və bu toplumun inkişaf səviyyəsi müəyyənləşdirir.

 

"Kimlərsə zamanın nəbzini əyilərək, kimlər isə ayaq üstə tutur”

 

-Ümumiyyətlə, zamanın nəbzini tutmaq asandır?

- Bu fərdi keyfiyyətlərlə bağlı olan məsələdir. Mənə görə insan ətrafında baş verənləri daim diqqət mərkəzində saxlamalı, daim inkişaf etməli, yeni çağırışlara hazır olmalıdır. Buna zamanın nəbzini tutmaq deyilirsə, o zaman bir o qədər də çətin olmadığını deyə bilərəm. Bəzən insanın seçim etmək şansı olmur... Ya yaranmış vəziyyətə uyğunlaşmalı, ya da məhv olmalısan. Burada da hər şey fərdin özü ilə, onun xarakteri ilə bağlıdır. Kimlərsə zamanın nəbzini əyilərək, kimlər isə ayaq üstə tutur.

 

- Maraqlıdır, siz bunlardan hansına aidsiniz? Və... sizcə zaman sizi layiqli qiymətləndiribmi?

- Mən öz yerişimi yeriyirəm. Çünki mənim üçün zaman nisbi anlayışdır. Mən zamandan yox, zaman məndən keçir. Ona görə də öz nəbzimi tuturam. Həm də oturaraq, bilgisayar arxasında...

 

- Zamandan şikayətçi deyilsiniz ki?

- Təbii ki, yox. Zaman sadəcə vaxtdır. Yaradanın öz, yaradılanın isə öz vaxtı var. Zamandan şikayətçi olmaq, təxminən insanın qolundakı saatdan şikayətçi olmasına bənzəyir. Nə qədər ki, yaşayırsan ixtiyarında olan anı necə sərf edəcəyin səndən asılıdır.

 

"Keçmişdən asılıb qalmıram

 

-"İtirdiyim zaman kəsiyi" dediniz, bəs təəssüfləndiyiniz zaman kəsiyi olubmu? Keçmişlə bağlı "kaş ki"lər sizi narahat etmir ki?

- Təəssüfləndiyim vaxtlar da olur. Amma keçmişdən asılıb qalmıram. Keçmiş sadəcə lokal, yaxud qlobal mənada yaşanmış zaman kəsiyidir, tarixdir. Bu mənada mənim üçün daha çox sabah var. Ola bilsin ki, ani olaraq, "kaş ki" tərəddüdünü ağlımdan keçirim. Amma bu ani olacaq. Çünki hadisələri geriyə qaytarmağın mümkün olmadığını yaxşı başa düşürəm.

 

-Bəzi insanlar var öz zamanlarında doğulmadıqlarından təəssüflənirlər. Bu nədən qaynaqlanır: xəyal gücündən, yoxsa həqiqətənmi zamanın belə "yanlış"ları ola bilər?

- Bizim dünyaya nə zaman gələcəyimizi müəyyənləşdirmək imkanımız yoxdur. Bu məsələdə insana seçim azadlığı verilməyib. Sizin sualınızda ehtiva olunan insan tiplərinin bunun üçün müxtəlif səbəbləri ola bilər. Məsələn, özünü büruzə vermək imkanlarının məhdudluğu, natamamlıq kompleksi, psixoloji problemlər və s. 100 il sonra nələrin baş verəcəyini bilmək maraqlı olardı. Amma... insana bu qədər ömür və yenidən doğulmaq şansı verilməyib. Ona görə də hər kəsin öz zamanında doğulduğunu düşünürəm. Yoxsa ilahi harmoniya pozulardı.

 

- Amma "zaman yolçuları"nın olduğu artıq sübuta yetirilib...

- Mən belə bir sübutla tanış deyiləm. Bu barədə fərziyyələr ola bilər. Adətən fantastik filmləri izləməyə vaxtım olmur. Hətta uşaqlıq illərimdə belə fantastikaya meyilli deyildim.

 

- O zaman fantastikadan yenidən ədəbiyyata keçək. Zaman ədəbiyyatın gözü ilə necə görünür?

- Bir ədəbiyyat adamı olaraq bu sualla bağlı yalnız öz mülahizələrimi bölüşə bilərəm. Ona görə də təbii, səmimi bir zaman kəsiyi yaşayıram. Zaman da mənim gözümdə məhz belə görünür. Yəni necə var elə...


"Ömrün geriyə sayımı başlayıb”

 

- Zamanın sizdən aldıqları çox olub, ya verdikləri?

- İnsan üçün ən dəyərli olan onun ömrüdür. Artıq ömrün geriyə sayımı başlayıb. Nə qədər ki, yaşayıram bu dünyada qazandıqlarımın müəyyən qədər əhəmiyyəti var, şübhəsiz. Amma nəzərə alsaq ki, qazandıqlarımızı özümüzlə aparmayacağıq, o zaman fərd olaraq qazandığımız heç nə yoxdur. Lakin yaratdığımız əsərlərlə, təbliğ etdiyimiz dəyərlərlə biz insanlığa, bəşəriyyətə nələrisə qazandıra bilərik. Əgər bu çərçivədən yanaşsaq, zamanın məndən aldığı heç nə yoxdur, mənim zamana, sabaha, gələcəyə verdiklərim var. Ömrü isə verən Allahdır, zaman deyil.

 

- Kimdən soruşsan, vaxtın yel kimi uçmağından gileylənir. Siz necə, vaxtın tempini tuta bilirsiniz?

- Dostum Rəşad Məcidin bu məsələ ilə bağlı çox maraqlı fikirləri var. Onun qənaətinə görə, müasir insan ona verilən ən qısa zaman kəsiyində belə özündən əvvəlkilərdən daha çox yaşayır. Təsəvvür edin 100 il öncə harasa səfər etmək üçün günlərlə, bəzən isə aylarla yol getməli olurdun. Amma indi bir neçə saatdan sonra istədiyin yerdə, yaxud yerlərdə ola bilərsən. Telefonla, yaxud digər kommunikasiya vasitələri ilə bir neçə dəqiqə ərzində onlarla insanla təmasda ola bilərsən. Yaşamaq həm də təəssüratdır. Vaxt uçmur, insanın iddiaları, istəkləri artır. O, daha çox təəssürat, yaşantı istəyir. Daha dərin hisslər arzulayır. Mən də həmçinin...

 

- Yəni istədiyiniz işlərə vaxt çatdırırsınız...

- Əgər çox istəyirəmsə, çatdırıram. Ən önəmlisi, insanın öz seçimidir. Üzərimdə bir çox öhdəliklər, işimdən doğan məsuliyyət var. Əgər yalnız özümü, öz arzularımı düşünsəm, nəinki vaxt çatdıraram, hətta vaxtımı sərf etməyə yer belə tapmaram... Amma özümlə yanaşı, başqalarını da düşünməli, zamanımı mümkün qədər paylaşmağı bacarmalıyam.

 

- Vaxt qrafikinə əməl edən insansınız, yoxsa hər şey ekpromt baş verir?

- Mümkün qədər əməl etməyə çalışıram. Amma bizim sahədə gözlənilməyən hadisələrin baş verməsi an işidir. Buna görə də ekspromtları da qrafikimə daxil etməyi bacarıram.

 

"Vaxt qatillərinin tələsinə düşməməyə çalışın”

 

- Vaxtla bağlı insanlara tövsiyəniz?

- Əlinizdə olan zamandan daha keyfiyyətli istifadə edin. Daha çox yox, daha dərin təəssüratlara üstünlük verin. Arzuladığınız ömrü yaşayın. Başqalarının arzu və istəklərinə qurban getməyin. Türkiyə türklərinin təbirincə desək, duyğu sömürücülərinin, vaxt qatillərinin tələsinə düşməməyə çalışın. Tanrının sizə, məhz sizə verdiyi ömrü özünüz kimi yaşayın.


Biz də "Ədalətin” vaxtı”nın qonağına Vaxtın onunla həmişə ədalətli davranmasını arzu edirik.

  

Şəfiqə Şəfa