SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: FİRONLUQ ELƏMƏYİN

  57827   |  
Şriftin ölçüsü  

... Qurban olum o bir Allaha! Çünki dünyanı altı gündə yaradan, yeri, göyü, bütün səmanı və kainatı quran da Odur, idarə eləyən də. Yəni bir "Ol!” sözüylə hər şey yaranıb və ömrünü yaşayıb...

... Heç kəs Yaradanla bəhs eləyə bilməz. Və bəhs eləsə də bir nəticəsi olmaz. Ən azından ona görə ki, Allahdan savayı heç bir qüvvə, heç bir varlıq adi bir şey belə yaratmaq gücünə malik deyil. Və kimsə adi bir şey yaratmaq gücünə malik deyilsə, bəs niyə insan oğlu insan yerə, göyə və Allahın yaratdığı bütün varlıqlara meydan oxumaq istəyir?!.

... Onların ürəyindən allahlıq keçib. Bəs Firon yadınızdan çıxıb? Firon məgər allahlıq eləmirdimi? Və hətta Musa peyğəmbər onun yanına gedib "mən Allahın sözüylə sənin yanına gəlmişəm” deyəndə, o gülüb və deyib ki, "mən özüm Allaham və sizin Allahınız mənə lazım deyil”. Bax, bütün bundan sonra Allah-Təala öz gücünü o Firona göstərir, onun özünü və dəstəsini dənizdən keçərkən məhv eləyərək Musa peyğəmbəri xilas eləyir...

Mən dindar adam deyiləm, amma bir müsəlman olaraq "Qurani-Kərim”i oxumuşam və eyni zamanda Allahın böyüklüyünü bir daha qəbul eləmişəm. Çünki müsəlman olmaq özünü Allaha təslim etmək deməkdir. Və əgər kimsə "müsəlmanam” deyib özünü Allaha təslim etmirsə, ona inanmırsa və böyük Yaradana sığınmırsa, deməli, o insan heç müsəlman deyil...

Sözümün canı ondan ibarətdir ki, bugünkü cəmiyyətimizdə və yaşam tərzimizdə Allahlıq iddiasında olan o qədər vəzifəli şəxslər var ki, o adamlar sanki dünyanı yaradıblar... Və o adamlar vəzifə kreslosuna qalxandan sonra gözləri ayaqlarının altını görmür... O adamlar o qədər haram və ədalətsiz işlər görürlər ki, heç yerə-göyə sığmaz... Və o adamlar düşünürlər ki, əgər nazir kreslosunda, icra başçısı vəzifəsində və digər səlahiyyətli yerlərdə əyləşiblərsə, nə istəsən eləmək olar. Və daha doğrusu, elə eləyirlər də. Çünki onlar özlərinə çox arxayındılar. O qədər arxayındılar ki, nə qanundan qorxurlar, nə də Allahdan!..

Zarafat deyil, bizdə nazir var ki, 15-20 il işləyib, sonra da çıxıb bala-bala yığdığı pulları sağa-sola xərcləyir. Evinin, mülkünün, maşınlarının və kommersiya mağazalarının sayı-hesabı belə yoxdu...

Ən çox da o qorxuludur ki, yüksək vəzifədə oturanların əksəriyyəti heç kəsdən çəkinmədən uzun müddət qaz vurub qazan doldurublar. Heç altıda alımı, beşdə də verimi olmayıb. Həddindən çox varı, dövləti, pulu-parası olan bu adamlar nə xalqı sayır, nə də hətta özündən yuxarıda oturan şəxsi. Və bu adamlar özlərini Allahın bacısı oğlu kimi yox, Allah kimi aparıblar. Hətta vəzifədən çıxsalar belə, yenə öz keflərində- damaqlarındadılar.

Çünki kişinin oğlanları nəinki özləri üçün, hətta övladları, nəvələri, nəticələri, kötücələri üçün milyonlar, milyardlar yığıblar. Və o pulların yüz il bundan sonra da nəsli-nəcabəti xərcləsə, tükənmək bilməyəcək. Özləri vəzifədən çıxsa da, övladları, nəvələri yenə də müxtəlif vəzifələrdə əyləşiblər. Və müxtəlif vəzifələrdə əyləşən o övladlar, nəvələr də babalarının yolunu davam etdirirlər. Fürsət düşən kimi yəqin babaları onlara təkan verəcək və onlar da ya icra başçısı, ya nazir müavini, ya da nazir olacaqlar. Camaatın canı babalarından qurtarmamış, övladları və nəvələri bu millətin dərisini soyub içinə saman təpəcəklər...

"Qabusnamə”də yazılıb ki, harda uca imarət, dəbdəbəli saray gördün, bil ki, onun hər kərpici, hər daşı haramlıqdan yoğrulub. Görün nə qədər müdrik və ağıllı fikir səsləndirilib.Bizim Bakı şəhərində "milyonerlər məhəlləsi” var və eləcə də şəhərin çox yerində dəyəri milyonlarla ölçülən mülklər, malikanələr, villalar var. Bu mülklərin, malikanələrin və villaların heç biri Xalaoğlu Tərxanın deyil. Hamısı haram yolla əldə edilmiş pullarla tikilən imarətlərdir. Əgər halal yolla tikilibsə, halal da xoşları olsun! Çünki o milyonlar, o milyardlar bu millətin kisəsindən, qabından oğurlanmış vəsaitlərdir.

... Qırx il dövlətə və xalqa xidmət eləyən adam yaşa görə təqaüdə çıxanda 200 manat pul alır. Amma yüksək vəzifdə 3-4 il işləyən bir şəxs isə milyonlar qazanıb bütün həyatını təmin edir. Bəs bu ədalətdirmi? Namusla, vicdanla çalışıb, işləyib heç yüz ilə bir imarət tikmək olmaz. Ən yaxşı halda, Bakıda 3-4 otaqlı mənzil tikə bilərsən. O mənzili də tikəndə sənin başına icra hakimiyyətinin əməkdaşları olmazın müsibətin açacaqlar: deyəcəklər ki, filan qədər ver, sonra o evi tik! Əgər filan qədər vermirsənsə, evin bünövrəsini töksən də bir-iki daş qaldırmağa belə imkan verməyəcəklər. Tay o vaxta qədər ki, o icra hakimiyyəti işçilərini razı salasan.

Bəlkə yalan deyirik, düz demirik? Qoy bu suala Bakıda həyətyanı sahədə ev tikən insanlar cavab versinlər. Bir daşı daş üstünə qoyan kimi, bir də görürsən ki, budu gəldilər ha: icra nümayəndəsi, "uçastkovu”, bələdiyyə, tay nə bilim kimlər. Bundan sonra ay yetim, gəl indi özünə bir koma qaralt görüm, necə qaraldırsan?! Bax, oğul odur ki, o axının qabağına dursun, onları yerində oturtsun, evini tiksin! Bu da çox çətin məsələdi.

... Bir Qarabağ qazisi tanıyıram – Arzuman Mahmudov. Abşeron rayonunun Xırdalan şəhərində yaşayır. 20 il bundan qabaq çox çətinliklə 3-4 sot torpaq alıb. İndi o torpaqda özünə bir koma tikmək istəyir, icra hakimiyyətinin və memarlıq idarəsinin işçiləri ona göz verib, işıq vermirlər. Deyirlər ki, sənədlərin düz deyil . Filan qədər ver, sonra nə tikirsən, tik! Bax, filan qədər verəndən sonra işlər düzəlir və sənədlər də yerində olur. Təki o deyənləri eləyə biləsən. O Qarabağ qazisi də ölkə başçısına müraciət edib. Görəsən, Qarabağ qazisini incidən, haqqını yeyən o harınlamış adamlar Allahdan qorxmurmu? Axı o Qarabağ qazisi bu vətənin yolunda sağlamlığını itirib və bu gün də bədənində qəlpə gəzdirir. Görünür, allahlıq iddiasında olanlar nə vətən hərləyir, nə Qarabağ qazisi sayır, nə də onun bədənində gəzdirdiyi qəlpələrə əhəmiyyət verir. Təki onların dediyi olsun! Onsuz da həmişə bizim məmələkətdə şər xeyirə qalib gəlib. Ancaq şər xeyirə qalib gəlsə də, o həmişə belə olmayacaq.

... Və nə vaxtsa gözü ayağının altını görməyən, haqqı nahaqqa verən, kasıb və kimsəsiz adamların hüququnu tapdayan və bəzən də onların kimsəsizliyindən istifadə edərək başına qapaz vurub əlindəki beş-on manatı alan o harınlamış adamlar Allahın cəzasını alacaqlar. Çünki bunun geci və tezi var. Kiminsə ürəyindən allahlıq keçirsə, deməli, onun qəlbində, içində bir damla da olsa Allah sevgisi, Allah qorxusu yoxdur...

... Məmləkətimizdə allahlıq iddiasında olan vəzifə sahibləri az deyil. Və onlar hər gün bu kasıb və imkansız adamların başına olmazın oyununu açırlar, haqqını yeyirlər. Ancaq onlar heç də Firondan güclü deyillər. Fironun taleyi necə olubsa, onların da aqibəti ona bənzəyəcək. Buna heç kəsin şübhəsi olmasın! İntəhası, bu işlərin geci və tezi var...


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK