adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

“HARAMINIZ OLSUN!!!” - Rövşən Tahir yazır

67948 | 2020-10-30 11:14

“McDonald’s”ın Azərbaycan nümayəndəliyinin Ordumuza etdiyi hörmətsizlikdən, yəqin ki, xəbəriniz var. Bilməyənlər üçün bir də xatırladım. Belə ki, “McDonald’s”ın Azərbaycan nümayəndəliyi Azərbaycan Ordusunun düşmənə qarşı əks hücumlara başlamasından sonra sosial media hesablarında Ordumuza dəstək məqsədi ilə yaydığı postları və paylaşımları silib. Bu addım insanlar tərəfindən pis qarşılanıb və onlar “McDonald's”ı baykot ediblər. Biz bu restorandan həqiqətən imtina etmişikmi? Oyandığımda beynimdə yalnız bu sual dolanırdı.

Odur ki, bu gün səhər (red. 29.10.2020) yuxudan duranda artıq gedəcəyim ünvanı müəyyənləşdirmişdim-Mərkəzi park adlanan ərazidə yerləşən “McDonald's” restoranı. İşdən çıxar-çıxmaz birbaşa Mərkəzi parka yola düşdüm. “McDonald's” restoranının önünə çatanda məni fotoda gördüyünüz bu gənc qarşılayaraq dedi: "Olar, buradan yemək yeməyəsiniz? Biz buranı baykot edirik".

Kimliyimi bildirməmək üçün (Restoranın mühafizəçiləri jurnalist olduğumu bilərdilər və çəkiliş üçün məni birdən içəri buraxmazdılar) "xeyr" cavabı verdim. Sonra haqqımda mənfi düşünməsin deyə (Bu, təbii ki, mənim qeyrətimdən irəli gəlirdi) geri dönüb ona yaxınlaşıb qulağına pıçıldadım: "Jurnalistəm". Sözüm qardaşın üzündə təbəssüm yaratdı. İçəri keçdim, nəsə sifariş edib masada oturmalıydım ki, mənzərəni müşahidə edim. Tam səmimi orada olduğum 5 dəqiqə mənə 5 il kimi gəldi. Kin, küdurət, qəzəb hər biri canımda idi. İlk dəfəydi ki, mən nə sifariş edəcəyimi bilmirdim. Filmlərdə olduğu kimi yanımdakının çay sifariş verdiyini görüb “Mənə də çay verə bilərsinizmi?” deyə müraciət etdim. İnanın ki, 24 illik həyatımda mən birinci dəfə idi ki, çayı güclə içirdim. Amma məcbur idim. İçərini izləmək, mövcud vəziyyəti təhlil etmək baxımından məcbur idim. Bunu da əlavə edim, o qədər sıxılırdım ki, çayın soyumasını gözləmədən üzərinə soyuq su aldırdım. Yetər ki, mən orada foto çəkilişimi edim və bir-iki qurtum çay içib “guya çay içməyə gəmişəm" mənzərəsini yarada bilim. Fotoları çəkdikdən sonra missiyamın başa çatdığını düşünüb çölə çıxdım. Qapıda dayanan həmin o gəncə, qardaşa: "Mən də sizinləyəm, sizin kimi oğulların sayəsində bu Vətənə nəsə olmaz!",-dedim və ayrıldım.

Yol gələ-gələ bir şeyi düşünürdüm: "Çaya xərclədiyim 1 manat 30 qəpiyi". Ona görə yox ki, mən pula heyifsilənirdim, ona görə ki, layiq olmayan bir yerə pul xərcləmişdim. İçimdə bir cümlə dedim: "Haramınız olsun!" Bu cümlə altında həm orada oturan insanları, həm də işçiləri nəzərdə tutdum. İnsanların ona görə haramı olsun ki, bu Vətənin çörəyini yeyirlər, amma bu restorana gəlirlər. İşçilərin isə haramı olsun, ondan ötrü ki, mən Rövşən Tahir ac qalaram, gedib, küçələrdə oturub dilənçilik edərəm, amma Vətənin yanında olmayan bir yerdə əsla çalışmaram. Çalışmaram! Odur ki, bir də deyirəm, HARAMINIZ OLSUN!!!

P.s.Bir az öncə haqqında danışdığım qapıda duraraq insanları baykota çağıran gəncin ad, soyadı Hüseyn Həsənovdur. Yenicə öyrənmişəm ki, o, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında müəllimdir.

P.p.s.Yekun fikrim ondan ibarətdir ki, insanların çoxu bu məkana daxil olmasa da, bəzi nankorlar girib yemək yeyirlər.

Rövşən Tahir

TƏQVİM / ARXİV