SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: BİR OVUC TORPAQ

  86486   |  
Şriftin ölçüsü  

... Dünyada hər şeyi təmizə çıxaran, durulaşdıran sudu. O su ki, bütün canlılara çox gərəkdi. Ən azından ona görə ki, susuz uzaqbaşı 3-4 gün yaşamaq olar. Və 3-4 gün su tapmayan canlı gec-tez ölümə məhkumdu. Amma suyu da təmizə çıxaran müqəddəs bir varlıq var – torpaq! Torpaq Yer üzünün şahıdır. Və bütün gözümüzə nə görünürsə, hamısı o torpağın, o müqəddəs varlığın üstündə dayanıb. Və biz bir gün o torpağa köçəcəyik və o torpağın altında əbədi uyuyacağıq. Xalq şairi Musa Yaqubun bir bənd şeiri yadıma düşür:

 

Bəlkə də borcundan çıxmadım, Vətən,

Ömür bahar deyil, bir də qayıtsın.

Ölsəm də, qoynunda qoy ölüm ki, mən

Çürüyüm, bir ovuc torpağın artsın!

 

... Torpaq olmaq, bir ovuc torpağa çevrilmək hər bir insanın əbədi və əzəli borcu olmalıdır. Azərbaycanın azadlığı və müstəqilliyi yolunda, eləcə də Birinci və

İkinci Qarabağ Savaşında şəhid olan igidlərimiz bir ovuc torpağa, bir çiçəyə, bir gülə, bir çinara, bir palıda döndülər. Və onlar bu Vətənin, bu yurdun, bu torpağın uğrunda qan tökərək işğal altında olan torpaqlarımızı azad elədilər. Yaz gələndə (o yaza çox qalmayıb), onlar lalə kimi, gül kimi, çiçək kimi, yasəmən kimi torpaqdan yenidən boylanacaq, bu vətənin, bu yurdun hər qarışında onların nəfəsini, onların səsini, onların ürək döyüntülərini eşidəcəyik...

... Torpaq həmişə müqəddəs olub. Biz uşaq vaxtı kəndin yollarında ayaqyalın ora-bura qaçanda, futbol oynayanda, ayağımız yaralanardı, qan açılardı. Və biz o yaraya həkimə gedib dərman vurdurmaz, sarğı qoydurmazdıq. Əyilib torpaqdan bir ovuc götürüb yaramıza basardıq. Və yaramızdan da axan qan həmin anda kəsilər, çox keçməzdi ki, heç onun yeri də qalmazdı. Ilahi, torpağın gücünə bir bax e.

Insan gücü bir Allahdan alır, bir də torpaqdan. Əgər torpaq yoxsa, Vətən yoxsa, deməli, sən ən gücsüz bir adamsan. Və nə yaxşı ki, 44 günlük Böyük Vətən Savaşında biz o torpaqlarımızı yağılardan azad edib, geriyə qaytardıq. Indi həmin torpağın üstündə dayanırıq və özümüzü dünyanın ən güclü ordusu, ən güclü əsgəri və ən güclü insanı hesab edirik. Bundan gözəl nə ola bilər?!

Azad olunan torpaqlarımızda çox möhtəşəm quruculuq, tikinti, abadlıq işləri görülür. Amma ölkəni çapıb-talayan bəzi inhisarçı qüvvələrin gözü işğaldan azad olunmuş torpaqlarımıza düşüb. Təsadüfi deyil ki, Ali Baş Komandan, ölkə prezidenti cənab İlham Əliyev ona zəng vurub Şuşada obyektlər və onların qurumları üçün tikintilər inşa etmək istədiklərini bildirən yüksək vəzifəli nazirlər və digər xidmət sahələrinin rəhbərləri var. Və cənab prezident də çox yaxşı bilir ki, bu adamlar dövlət tikintisi adıyla Şuşada özlərinə villalar, hotellər və digər istirahət mərkəzləri inşa etmək istəyirlər. O vəzifə sahiblərinə cənab prezident çox yaxşı təpindi və gedib öz işləri ilə məşğul olmağı xatırlatdı.

Həmin inhisarçı qüvvələr Şuşadan gözlərini çəkəndən sonra yəqin ki, Kəlbəcərə, Laçına, Füzuliyə, Cəbrayıla, Zəngilana, Ağdama göz dikəcəklər. Çünki o rayonlar da çox gözəl flora və faunaya məxsusdur, əkinçilik üçün yararlı torpaq sahələri var. Axı bizim məmurlar da öyrəşib min hektarlarla torpaq sahəsini ələ keçirib orda taxıl əksinlər, meyvə bağları salsınlar və ferma yaratsınlar. O torpağı azad edən əsgərə və digər Qarabağ qazisinə 15 sot torpaq qıyılmır, amma bir oliqarx o dəqiqə gətirib çomağını yerə vurur ki, burdan mənə min hektarlarla torpaq verilməlidir.

Torpaq dedim, yadıma 90-cı illərin əvvəllərində işğaldan azad olunmuş torpaqlarımız düşdü. Təqaüddə olan sabiq polis rəsilərindən biri deyir ki, icra başçısından xahiş etdim ki, mənim polis zabitim canını bu vətən yolunda qoyub, Qarabağ qazisidir. Ona 15 sot torpaq ver, biz də kömək edək bir ev tikək. Ancaq başçı torpaq sahəsini o qaziyə vermədi. Amma torpaq şöbəsi heç döyüşməyən adamlara torpaq “bağışlayırdı”.

Çox qəribədir ki, bizim məmləkətdə elə nazir, elə icra başçısı var ki, 20-25 ildir ki, bu kresloda əyləşib “babam mənə kor deyib, gəlib gedəni vur deyib” prinsipi ilə işləyir. Və onlar özlərini balaca padşah kimi aparırlar. 20-25 ildən sonra daha da ürəklərindən böyük arzular keçir və böyük padşah olmaq istəyirlər. Məgər az olub dövlət çevrilişinə cəhd edən yüksək vəzifəli şəxslər. Bunları heç kim bilməsə də, bu xalq, bu millət yaxşı bilir və tanıyır.

Bu gün icra başçılarının çoxu yenə öz işlərindədi. Onların tikinti və memarlıq şöbələri bir adama pulsuz bir qarış torpaq verməzlər. Çünki harda boş yer var və oranın da fantastik qiymətləri olur. Əlləri hər yerə çatan pullu adamlar bax, o tikinti və memrlıq şöbələrinin köməyi ilə o boş yerləri qamarlayıb obyektə çevirirlər.

Ümumuyyətlə, 20-25 il bir vəzifədə işləmək o deməkdir ki, həmin adam çinar kimi, palıd kimi dərinliklərə kök atır və bu müddətdə yaxınlarını, doğmalarını vəzifələrdə yerləşdirir və hər şeyə nəzarət edir. Palıdı, çinarı kökündən çıxarmaq çətin olduğu kimi, onları da vəzifədən azad eləmək bir o qədər də asan olmur. Amma nə yaxşı ki, Dövlət Təhlükəsizlik Xidməti korrupsiyaya qurşanmış belə vəzifəli şəxsləri elə “iş başında” pul alarkən yaxalayır. Bu təmizlənmə əməliyyatını xalq da bəyənir, dövləti və DTX-nı dəstəkləyir.

Bütün ölkələrdə korrupsiya və vəzifə səlahiyyətlərindən istifadə etmə qanunsuzluqları mövcuddu. Təbii ki, vicdanını itirmiş hər hansı nazir, icra başçısı və digər səlahiyyətli şəxslər bu təmizləmə əməliyyatından nəticə çıxarmırlarsa, deməli, onlar bu dövlət, bu xalq üçün daha təhlükəlidir. Bu təhlükəni hiss etməmək, duymamaq və görməmək isə aydındır ki, daha aydın nəticələrə gətirib çıxarır.

Adi bir müəllimi 65 yaşı tamam olan kimi təqaüdə göndərirlər. O müəllim ki, təhsil sahəsində həyatını qoyub, sağlamlığını itirib. Amma buna baxmayaraq, 65 yaşı tamam olursa, təqaüdə çıxmalıdır. Çox nadir halda olar ki, təhsil şöbələri nazirliyə təqdimat versin və birillik müqavilə ilə həmin müəllimin müddəti uzadılsın. Yaxşı, müəllimə belə münasibət bəslənilirsə, guya onların qayğısına qalınırsa, bəs onda niyə 75-80 yaşında bir alimi, yaxud bir akademiki vəzifəyə təyin edirlər?! 80 yaşında vəzifədə bir akademik qala bilir, amma 65 yaşında Azərbaycan təhsilində saçını ağartmış müəllim işləyə bilmir. Bax, ən böyük haqsızlıq da elə burdan qaynaqlanır.

Mən başa düşmürəm, bizdə bu qədər akademik var, bu qədər alim var, onların hansı biri dünyada tanınır və hansının bir kəşfi var? Nazir işləyən, komitə sədri olan necə akademik olub? Heç həmin nazirin, komitə sədrinin işlədiyi vaxt elmlə məşğul olmağa vaxtı olubmu? Bəlkə olub, qoy özləri cavab versinlər. Heç onların pul qazanmaqdan vaxtları vardımı? Hər hansı bir elmi işi yazmaq üçün gündə ən azından 3-4 saat kitabxanada olmalısan. Onlar kitabxananın yolunu tanıyırsa, Allah mənə lənət eləsin! Bizim elmimiz də bax, belə yaman gündədi.

“Akademiklər”, “professorlar”, “alimlər” bu gün bizim elmimizi yaman günə qoyublar. Vətənpərvər, savadlı ziyalıları isə vəzifədən uzaqlaşıdırb onun yerinə iki eşşəyin arpasını bölə bilməyən adamları təyin edirlər. Bunu kim bilməsə də, əsl elm adamları çox yaxşı bilirlər.

Biz həmişə vətənin ağır günündə, çətin anında bu vətəni, bu xalqı sevən insanları görmüşük. Onların nə varı-dövləti olub, nə vəzifələri, nə də arxaları. Və onlar quru canlarıyla, böyük ürəkləriylə müharibənin ən ağır günlərində sinələrini irəli veriblər, döyüşüblər, şəhid olublar, qazi olublar və qəhrəman olublar. Indi biz belə insanları müharibədən sonra arayıb-axtarmalı, onlara qayğı göstərməli və arxa durmalıyıq. Nə qədər yaralımız və qazimiz var. Dövlət səviyyəsində onların müalicəsi diqqət mərkəzində saxlanılıb. Amma bəzən görürsən ki, hər hansı məmur o dəyərləri unudur, yaralıya və qaziyə kömək etmək istəmir.

Təbii ki, bizim varlı iş adamlarımız, sahibkarlarımız da az deyil. Orta səviyyəli bir müğənniyə “Galenüaven” bağışlayan pullu adam heç olmasa, bir dəfə də bir şəhid ailəsinə, bir yaralı qaziyə arxa dursun və onun müalicəsini boynuna götürsün. O, bu addımı atarsa, digər günahları da Allah-Təala tərəfindən bağışalnılar. Pulu var, nə istəsə eləyə bilir. Amma savab iş də görmək Allaha çox xoş gedər. Və həmin xərclənən pulu Ulu Yaradan 3-4 qat artığına həmin iş adamına qaytarar.

...Vətən onda güclü olur ki, onun hər bir vətəndaşı, hər bir övladı xalq şairi Məmməd Arazın diliylə demiş olsaq, “vətən daşı” olur. Deməli, bizim hər birimiz ölkəmizin daha da iqtisadi, hərbi və mədəni baxımdan inkişaf etməsi üçün öz xidmətimizi göstərməliyik. Başqa sözlə demiş olsaq, vətən daşı olmalıyıq. Əgər vətən daşı olsaq, biz Cənubi Qafqazda iqtisadi və hərbi cəhətdən ən güclü ölkəyə çevrilə bilərik!..

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 30,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK