adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Aqil ABBAS:RUSİYANIN ÜSTÜNƏ ÇOX GETMƏYİN

AQİL ABBAS
44645 | 2021-04-07 14:49

çünki Rusiya heç vaxt Ermənistana silah-sursat, raket-maket, tank-top, isgəndər-misgəndər satmayıb. Çünki Ermənistanın  pulu yoxdur ki, o qədər  silah-sursat alsın.  Ya bağışlayıb, ya da guya kreditə verib. Bağışlayıb deyəndə, əslində bağışlamayıb, əvəzində Ermənistanın sənaye müəssisələrini, nə bilim elektrik stansiyalarını, zavod və fabriklərini, bir sözlə daşlı-torpaqlı bütün Ermənistanı  verdiklərinin əvəzinə  girov götürüb.

Əslində Ermənistan Rusiyanın for-postu  deyil, forsuz-morsuz postudu.

İndi araşdırma gedir, Şuşaya «İsgəndər M»  raketini kim atıb, hardan atıb  və Ermənistan həmin qadağan olunmuş raketi kimdən alıb?  Rusiya Federal Təhlükəsizlik Xidməti də vurhavur guya araşdırır.

Mətbuatda gedən  yazılar və müzakirələri oxuyub  gülürəm.  Müzakirələrə  gülmürəm ey, əslində bütün bunlar Əziz Nesinin «Apona sərgisi» hekayəsini yadıma  salır, gülürəm.

Deməli, Aponada sərgi açılacaq, Türkiyəyə də yer ayırıblar. Bütün hökumət Türkiyənin  bu sərgidə nəyini  nümayiş etdirəcəkləri  üstündə baş  sındırırlar. Qırğın-qiyamət, baş nə təhər itibsə… Tapın hekayəni  oxuyun, onda siz də güləcəksiniz. Başını itirən hökumət bu arada belə ticarət  sazişləri hazırlayır: «İsveçrəyə saat  ixrac etmək, Misirə pambıq  satmaq, Həbəşistandan da atom bombası almaq».

İndi Ermənistan  «İsgəndər M» raketlərini yəqin ki, Həbəşistandan alıb. Heç Rusiya özü də «İsgəndər» raketləri  istehsal eləmir, o da Həbəşistandan alır. Yəqin Həbəşistandan çerez İran gətirəndə yolda  üç-dördünü  salıb  itirib. Ermənilər də bicin  biridi də, oğurlayıblar.

Biz də  düşmüşük  yazıq  Rusiyanın  üstünə. Türkiyə başını o vaxt  Apona sərgisi zamanı  itirdiyi  kimi,  Rusiya da başını itirib. Ukrayna bir tərəfdən, Krım bir  tərəfdən, nə  bilim Donbas bir tərəfdən, «Şimal axını» bir tərəfdən, NATO bir tərəfdən, pandemiya da ki qoymur   heç gözünü aça. Navalnı da lap zəhlələrini  töküb. ABŞ da üzünə dirənib.

Ona görə də inanmıram ki, Federal Təhlükəsizlik Xidməti bu məsələni  çözə bilsin.

Çözə bilsə  Sülhməramlıların komandanı Rustəm Muradov  çözə bilərdi, intəhası, o yazığın da başı qarışıb Dədəvəngdə kəbin kəsdirməyə gedən erməni  gənclərinə yengəlik eləməyə.

TƏQVİM / ARXİV