SON DƏQİQƏ:

FAİQ QİSMƏTOĞLU: ARVADININ MƏZARI ÜSTÜNDƏ…

  41273   |  
Şriftin ölçüsü  

… Bizim kənddə çox zəhmətkeş, halal, yayın istisində  tər töküb  çörək qazanan sürücülər olub. O sürüclər ki, onlar Bəhmənlidə böyük maşınla taxıl sahəsindən buğda daşıyıblar. Amma heç vaxt yorulmayıblar, əksinə, xırmandan çıxıb pambıq sahəsinə gediblər. Sahədən pambığı qərargaha, ordan isə pambıq qəbulu məntəqəsinə zavoda aparıblar. Bu sürücülər kim idi? Bu sürücülər Tuğay kişi idi, Tofiq kişi idi, Süleyman kişi idi. Lap mənim əmim  Hüseyn kişi idi. Onlar hamısı Allahın dərgahına qovuşub və Allahın dərgahına da alnıaçıq dönüblər…

El arasında o adamlara heç kim sürücü demirdi. Hamı deyirdi ki, şofer Tuğay, şofer Tofiq, şofer Süleyman, şofer Hüseyn. Və onlar da bu  adla qürur duyurdular. Zarafat deyil, Sabir adına kolxoz Füzulinin ən iri təsərrüfatlarından idi. İstər pambıq, istərsə də taxılçılıq sahəsində ən çox məhsul burda yetişərdi. Sonradan  üzüm plantasiyası saldılar və rayonda elə ən çox da üzüm  bizim kənddə  yığılardı. Gəlinbarmağı üzümlər vardı, dadından doymaq olmurdu. Elə doğrudan da barmaq yekəlikdə idi…

O kəndin, o elin, o obanın yolları, izləri hamısı indiyədək yadımdadır. Bir cığır da yadımdan çıxmayıb. Palıdlı bağdan tutmuş Çalağaya, Şirəliyə, Matora qədər hamısını  ayaqyalın gəzmişik. Çox vaxt ayaqqabı da geyməzdik. Yaz və yay aylarında dediyim o yerləri  ayaqyalın o qədər  gəzmişik ki, ayağımıza tikan batardı, yaxud da  şüşə kəsərdi, həmin yerə dərman vurmazdıq. Və qan axan yerə torpaq basardıq. Sonra  da gedib ayaqyalın Şirəlikdə futbol oynayardıq. Şirxanın, Həsənin, Təbrizin, Zülfüqarın, Əsgərin, Tubunun oğlanları  Dilavərin və Yavərin səsləri hələ də qulağımdadır.

Düzdür, dostlarımızın  bir çox  dünyasını dəyişib. Amma onların  heç biri yadımızdan çıxmayıb. Və kəndə gedəndə o yolu, o cığırı, o izi keçəndə bax, yadıma o uşaqlıq dostlarım düşür. Bir az kövrəlirəm, bir az gözüm  dolur və bir  az da gözüm  dolandan sonra ürəyim sakitləşir…

Bizim kənddə bir şofer Muxtar da vardı. Və bu şofer Muxtar  çox başıaşağı, zəhmətkeş, səmimi və hamıyla dil tapmağı bacaran insandı. Düzdür, hardasa  bir 30 ildi  onu görmürəm. Görməsəm də söz-söhbətini, müəyyən işlərini  tez-tez eşidirəm. O, heç vaxt  evinə, ailəsinə haram  çörək  aparmayıb, əksinə, balalarını  alın təri ilə qazandığı  çörəklə böyüdüb. Və heç kəsin yanında gözükölgəli deyil. Xeyirdə-şərdə  həmişə öz yeri var. Özü də gəlib əyləşər köhnə şoferlərin yanında. Düzdür, köhnə şoferlər bir o qədər də çox deyil, amma bir-ikisi qalıb. Və o bir-ikisi də bir-biriylə çox qəşəng dil tapırlar.

Şofer Muxtarın həyat yoldaşı bir xeyli vaxtdır ki, rəhmətə gedib. Əlbəttə, yaşlaşanda ömür-gün yoldaşını  itirmək insan  üçün çox ağırdı. Özü də bu mehriban, bir-biriylə yağla-bal kimi yola gedənləri. Deyirlər ki, insanlar qocalanda və yaşa dolanda bir-birlərini daha çox sevirlər. Aydındır ki, xanımını itirmək şofer Muxtara çox ağır təsir edib. Hər gün, hər səhər Bəhmənlidəki  qəbiristanlığa gedər və yoldaşının  məzarını ziyarət edərdi. Bir gün getməyəndə özünə gələ bilməz və düşünərdi ki, xanımının  ruhu çox narahatdı. Və həmin anda özünü  danlayardı. Deyərdi ki, a Muxtar, yekə kişisən, niyə gedib  arvadının qəbrinə  dəymirsən?..

… İnsanlar bayaq dedik, yaşa dolanda  öz xanımını  daha çox sevir. Oğulun, qızın, nəvənin öz yeri var. Amma o qadının yerini  heç bir övlad və nəvə verə bilmir. Mən dəfələrlə yaşlı adamlar görmüşəm, xanımın  əlindən  elə bərk-bərk tutub ki, sanki  ikisi də bu dəqiqə yıxılacaq. Heç cavan vaxtı xanımın  əllərini belə  möhkəm  tutmayıblar. Axı ürək də o ürək deyil, pilə kimi  yumşaqdı. Və bu yumşaq ürək hər an, hər dəqiqə o ömür gün yoldaşının  sevigisi ilə çırpınır.

Bu yaxınlarda eşitdim, özü də bu xəbəri  eşidəndə çox pis oldum. Çünki mən şofer Muxtarı  uşaqlından tanıyıram və uşaqlıqdan görmüşdüm ki, o hansı ürəyin, hansı qəlbin sahibidi. Səhər  açılır, durub gedir arvadının məzarı üstünə. Bəlkə də axşam xanımını  yuxudan görübmüş. Ona görə də darıxıb  məzarına baş çəkir. O qədər ağlayır ki, az qala göz yaşıyla  qəbri tam islatsın. Ürəyi dözmür və şofer Muxtar  qəbrinin  üstündə keçinir.

Bu hadisə hardasa bir rəvayətə, bir nağıla bənzəyir. Amma bir onu bilirik ki, elə nağıl da, rəvayət də insanların həyatından yaranır. Biz adətən  görmüşük ki, xanımlar ərlərinə çox sədaqətli olur. Qadınlarına da sədaqətli olan şofer Muxtar kimi kişilər də varmış. O kişilər ki  yaşa dolandan sonra xanımları dünyasını  dəyişdikdə elə də çox yaşaya bilmir. Heç uzağa getməyək, mənim  rəhmətlik  qayınatam Nəbi kişi qayınanamın qırxından sonra  dünyasını dəyişdi və bir də qadınlar tək yaşamağı bacarırlar. Amma biz kişilər bu sahədə çox zəif və acizik.

Bilmirəm bu xoşbəxtlikdir, yoxsa bədbəxtlik, hər halda gördüyümüz belədir. Və bir də şofer Muxtarın  yoldaşının  məzarı  üstündə  rəhmətə getməsi bir daha təsdiq edir ki,  məhəbbətin yaşı olmur. Yəni məhəbbət  həmişə yaşayır və axırda da  bax beləcə hər iki insanı bir-birinə qovuşdurur. Bu dünyada qovuşduqları kimi, o dünyada da yeni bir ömür  yaşayırlar. Allah-Təala şofer Muxtara  rəhmət eləsin. İndi xanımıyla oturub dərdləşir. Bəlkə də deyir ki, bu vəfasız dünyadan canımı  yaxşı qurtarıb sənin yanına qayıtdım. Hər halda, o ruhlar  qovuşub…

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK