SON DƏQİQƏ:

Mənim ilk müəllimim- İltifat Hacıxanoğlu yazır...

  38378   |  
Şriftin ölçüsü  

Düz 20 il əvvəl, 2001-ci ilin iyunun 16-da “Ekspress” qəzetində “Mənim hobbim, mənim zövqüm, mənim dərdim” başlıqlı yazımla mətbuata ayaq açmışam. Onda adi bir konduktor idim. Murovda hərbi xidmətdə olanda tanıdığım, abi dediyim İlham Tumasa utana-utana felyotonlar yazdığım dəftəri verdim ki, abi, buna bax da... Baxdı, yazılardan birinin altına İltifat Hacıxanoğlu imzasını qoyub, qəzetdə çap etdirdi və özü dediyi kimi həmin gün məni “imnovat” elədi. 20 ildə zəif olduğumu düşünüb getmək istədiyim günlər də oldu, “Mərkəz” kimi gündəlik çıxan bir qəzetdə baş redaktorluq etdiyim "xoşbəxt" günlər də. Bəlkə də əsgərlikdən sonra Hökumət evinin qarşısında  təkər qaraldanda mənə desəydilər ki, 10 il keçəcək bu binada 5-ci mərtəbədə “müdir” olacağam, 2 “şirvan”a görə məni ordan döyüb qovan polislər mənə “çest” verəcək inanmazdım...
İctimai Televiziya təzə yarananda bir çox həmkarım kimi mən də layihə vermişdim. O dövrdə İctimai Televiziyanın baş direktoru İsmayıl Ömərov həmin layihəni bəyənib  "Ədəbiyyat və İncəsənət" departamentinin direktoru  Rafiq Səməndərə göndərmişdi. O da “bundan Aztv-nin iyi gəlir” deyib layihəni özümə qaytaranda dilim dinc durmadı. Qayıtdım ki, Rafiq müəllim Aztv-də neçə il işləmisiz? Dedi ki, 20 il necə bəyəm? Dedim ki, hiss olunur  ki, həmin 20 ildə AzTv-ni çox iyləmisiz, qoxusu hələ də burnunuzdan getməyib, hər şey sizə oranı xatırladır... Bu hadisədən illər sonra mən İctimai Radioda “Səhnə həyatı” adlı müəllif-verilişi aparmağa başladım. Bir gün işə gələndə gördüm ki, Rafiq Səməndər İctimai Televiziyanın girişində dayanıb kimisə gözləyir, içəri buraxmırlar. Yenə dilim dinc durmadı, dedim ki, Rafiq müəllim, görürsüz, siz burda gözləyirsiz, içəri buraxmırlar, amma mən keçirəm...
Bu 20 ildə çox şey gördüm, öyrəndim. Amma hələ də jurnalistikada təhsil alan tələbələrə həsəd aparıram. Çünki hələ də “jurnalistika təhsilli” həmkarların “birtəhər” baxışlarını hiss edirəm. Azərbaycan Bəstəkarlar İttifaqının sədri hörmətli Firəngiz xanım Əlizadənin də 13 ildən sonra yadına düşdü ki, “jurnalistika təhsilim” yoxdur və məni işdən çıxardı... Halbuki, haqqında saysız-hesabsız məqalələr yazmışdım.
Jurnalistika fakültəsinin tələbəsi olmasam da, İlham Tumas, Qəzənfər Bayramov, Qalib İbrahimoğlu, Əvəz Zeynallı, Elçin Alıoğlu, Sabir Rüstəmxanlı, Aqil Abbas və Aydın Quliyev kimi ustadların yanında o məktəbi keçmişəm.
Mən bu gün daha çox nədənsə ilk müəllimimi də xatırladım... Nübar müəlliməni.
Əvvəlcə qeyd edim ki, məktəbə getməklə bağlı hekayəm bir qədər yaddaqalan olub. 1985-ci ildə Müşviqabad qəsəbəsində, 274 saylı məktəbin açılışında birinci sinfə gedəcək böyük bacım şeir deməliydi. O, şeiri əzbərləyə bilmədi, onun yerinə mən öyrəndim və açılışda dedim. 
Və ilk zəng çalındı...
 Birincilər əllərində gül dəstələri ilə siniflərinə keçəndə, mən də onlarla içəri girmək istədim. Amma qapıçı məni buraxmadı. Başladım ağlamağa ki, axı mən  şeir demişəm... Məktəbin ilk direktoru Qara müəllim məni sakitləşdirib dedi ki, get oğul bala, 2-3 gündən sonra gələrsən...
Bir qədər sonra məni hazırlıq kursuna götürdülər. Məktəbin giriş qapısının yanındakı sinif idi. Qismətə bax, oğlum da birinci sinifdə həmin otaqda dərs keçib.
...Vədə yetişdi, məktəbə getdim. Sinif otağına qədəm basdığım ilk anda Nübar müəllimənin nur üzündəki təbəssümlə qarşılaşdım. Bir ana şəfqəti ilə məni partamda əyləşdirdi. O gündən Nübar müəllimə mənim üçün yalnız elmin sirlərini açan bir müəllim yox. Mənim və sinif yoldaşlarımın saf mənəviyyatına, hislər, duyğular aləminə yeni-yeni lövhələr, məziyyətlər, nur və sevinclər gətirən bir insan oldu. Elə o gündən də gözümüz onun gözlərindən nurlanmağa, ürəyimiz onun ürəyinin hərarəti, məhəbbəti ilə çırpınmağa başladı. Birimizin başı ağrıyanda, xəstələnib yorğan-döşəyə düşəndə müəllim özünə yer tapa bilmir, qayğısı, nəvazişi məlhəm təsirli şirin sözləri ilə bizə şəfa verir, ruhumuzu qidalandırırdı. Onun ürəyi sanki bir məşəl idi və bizim hamımızı işıqlandırır, qəlbimizə nur saçırdı. Hər dəfə əli ilə başımızı sığallayanda sanki göyün yeddinci qatına qalxır, qürurlanır, fəxr edirdik.
O günlər bir kino lenti kimi gözümün önündə canlanır...
Nübar müəllimənin stolunun qarşısındakı partada sakit bir oğlan uşağı əyləşirdi. Qəribədir, bütün uşaqlarla mehriban olan Nübar müəllimə məhz bu uşaqla sanki düşmən idi... Hər zaman onu acılayır, hətta xətkeşlə belə vururdu. Həqiqətən o uşağa yazığım gəlirdi. Bir dəfə tənəffüslərin birində ona yerimizi dəyişdirməyi təklif etdim, uşaq ağlımla. Demişdi ki, yerimi dəyişdirsəm, babam məni öldürər. Onun atasına “baba” deməyi də qəribə idi bizə... Hardan bilim ki, bu Ceyhun Nübar müəllimənin öz oğludur? Ermənistanın Türkiyə ilə sərhəd kəndlərindən birində böyüyən Ceyhun türklər kimi ataya “baba” deyirdi. Hardan bilərdim ki, 11-ci sinifdə oxuyanda “Üç qəzəbli kişi" hind filmindən təsirlənib, biz Ceyhunla barmağımızı kəsib, qanımızı qarışdırıb “qan qardaşı” olacağıq? 
Vaxt gəldi, Nübar müəllimə bizi ikinci sinifdə tərk edib, fənn müəllimi keçsə də, sonradan yenə yollarımız kəsişdi. 10-11-ci sinifdə Azərbaycan dili və ədəbiyyat dərsini bizə Nübar müəllimə tədris etdi. Mənim uşaqlıqdan ədəbiyyatı Nübar müəllimə sevdirib. İlk dəfə 6 yaşımda onun mənə verdiyi “Xudafərin körpüsü” kitabını oxumuşam... O, dərsi elə izah edirdi ki, həqiqətən evdə kitabdan oxumağa ehtiyac qalmırdı.
Nübar müəllimənin mənim boynumda böyük haqqı var. Bəlkə də, 3-4 dəfə dünyaya gəlsəm və bu ömürləri Nübar müəlliməyə xitmətə həsr etsəm, haqqını ödəməz. 
Çünki maddi sıxıntılara görə 11-ci sinifdən çıxıb, rəngsaz sənətini öyrənməyə başladım. Digər müəllimlər məni əvvəlki əla qiymətlərə görə qiymət yazsalar da, ilk müəlliməm, qan qardaşımın anası mənə qiymət yazmadı. Xəbər yolladı ki, bu boyda əziyyət çəkmisən, heyifdir. Çoxu gedib, azı qalıb. Ya məktəbə qayıdacaqsan, ya da sənə qiymət yazmayacağam. Hətta oğlu Ceyhun belə onu yola gətirə bilmədi... Və bir gün Nübar müəllimə məni məktəbə qaytardı. O, məni bir qəpik belə almadan ali məktəbə də hazırlaşdırdı. Onun sayəsində qəbul imtahanında Azərbaycan dili və  ədəbiyyatdan düşən bütün sualları düzgün cavablandırdım.
Qeyd edim ki, 20 ildir jurnalistika sahəsində çalışıram. Bu sənətin ali təhsilini mənə orta məktəbdə Nübar müəllimə keçib. Uzun illər müxtəlif qəzetlərdə müxbir, baş redaktor, İctimai Radioda müəllif-aparıcı, Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətinin rəhbəri vəzifələrində çalışmışam. Milli Qəhrəmanlar haqqında “Laçın qartalı” və “Şərəfli ömrün manifesti” adlı sənədli filmlərin müəllifiyəm. Bütün bunları Nübar müəllimənin əziyyəti sayəsində əldə eləmişəm. 
Ümummilli Lider Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək, deyirdi: "Mən, yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq”.
Müəllim sözü müqəddəs deyil, müqəddəs olan müəllimlikdir. Yəni müqəddəs olanlar öz vəzifələrini layiqincə yerinə yetirən insanlardır. Müəllim gənc nəslin formalaşmasında böyük rol oynayır. Uşaq ikən bizə qələm tutmağı öyrədən, bildiklərini bizimlə bölüşən dəyərli varlıqlardır, müəllimlər. 
Hara getsəm, mənim ilk müəllimim,
Əziz adın çıxmaz heç vaxt dilimdən.
Ana, Vətən kəlməsini ilk dəfə,
Yazdırmısan, tutub kiçik əlimdən…

Bütün müəllimlərə sevgilərlə
İltifat Hacıxanoğlu

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-08-01
2021-07-31

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 17, 10, 03, 01,
June: 26, 24, 22, 19, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK