Məmləkət xatirələri - Vüqar Abbasov yazır

VÜQAR ABBASOV
5838 | 2021-10-18 12:21

“Keçmiş xatirələrdə, gələcək isə xəyallarda yaşayır”

                                                                      Əbu Turxan

 

                              Dördüncü yazı

 

                            Diaspor barədə, qısaca

... “Maraqlı sual idi. Davamı növbəti yazımda” – ötən yazım (link: https://adalet.az/w226111) belə bitmişdi. Söhbət etdiyim dostum “... Sən niyə Şuşaya getmədin? Komitə (Diasporla İş Üzrə Dövlət Komitəsini nəzərdə tutur) Azərbaycanda olan diaspor nümayəndələrini Şuşaya aparırdı” – deyə sual vermişdi və sonra aramızda belə bir dialoq olmuşdu.

 

- Bilmirəm. Mənə deyən olmadı.

- Niyə?

- Bu sualın cavabı məndə deyil. Bəlkə də mənim burada olmağımdan xəbərləri olmayıb...

- Necə olmayıb, a kişi. Sən gəlməmişdən də fb-a yazmışdın ki, gələcəksən, gələndən sonra da burada olduğunu yazdın...

- Oxumamış ola bilərlər...

- Elə qəşəng oxuyublar ki... Günləri fb-dadır. Zatən işləri ancaq sosial şəbəkələrdə keçir. Bu şəbəkələrdə yazdıqları əsl reallığı əks etdirsə idi, gərək dünya bizi çoxdan dəstəkləmiş olaydı. Sən indi bir tənqid yaz, həmən oxuyacaqlar və səni hər şeydən kənar tutmağa çalışacaqlar... Yaz deyəndə ki, sən elə yazırsan da. Bəlkə də səbəb budur...

- Ola bilər...

- İndi ora apardıqlarından kimsə yaşadığı ölkəyə geri döndükdən sonra yerli mətbuatında Şuşa ilə bağlı nəsə yazacaq?

- Bilmirəm (və düzü bu yazını yazdığım dəqiqəyə kimi də belə bir yazı rastıma çıxmadı)...

Dostumla olan dialoqa burada son qoyuram. Sözügedən komitə ilə bağlı qısa olaraq onu qeyd edim ki, onların mənə münasibəti “Nə yardan doyur, nə əldən qoyur” məsəlini xatırladır. ...Niderlanda qayıtmağıma bir neçə gün qalmış komitənin bir əməkdaşından mesaj aldım, mənimlə görüşmək istəyirlərmiş. Kiminlə görüşəcəyimi soruşanda, Elşad müəllimlə (şəxsən tanımıram, sədrin müavinidir) dedilər. Nəsə, kimsə ilə görüşməkdən qaçmayan biri kimi razılaşdım. Görüş günü, təyin olunan vaxta iki saat qalmış əlaqə saxlayıb bildirdilər ki, xəbərləri olmadıqları təcili bir tədbirləri (?!) çıxıb, “Görüşü iki saat sonraya keçirtmək mümkündürmü?” - deyə soruşdular. Mən də bunun mümkün olmayacağını bildirərək, “Çünki həmən saatda başqa bir adamla görüşüm var, adam mənə görə vaxt ayırıb və ona hörmətsizlik edib görüşü ləğv edə bilmərəm” dedim və əlbəttə ki, qısa telefon danışığımızın hamısını burada yazmağa ehtiyac yoxdur. Anlayıram ki, rəhbər vəzifəlilərin gözlənilmədən tədbirləri çıxa bilər və çox vaxt da bu anlaşılan olur. Mənim vəzifəm yox, filan yox, kim məni anlayar?!

 

Qısası, sözügedən komitə ilə də, diasporun işinə müdaxilə edən heç bir kəslə də hər hansı münasibətim yoxdur. Onlar etdiklərini diasporumuza, onun fəaliyyətinə dəstək hesab etdiklərini deyirlər. Mənsə hesab edirəm ki, onların dili ilə desək, dəstəklərinin nəticəsidir ki, bir çox ölkələrdə Azərbaycan diasporunu Azərbaycan hökumətinin nəzarətində bilirlər və açıq desək, diasporun nüfuzu çox azdır. Xaricdə yaşayan insanlarımızın çoxunda da inam hissi qalmayıb. Təsəvvür edin ki, əvvəllər insanlarımızın əksəriyyəti tədbirlərə öz hesablarına və həvəslə gedərdilər. İndi isə sözügedən komitə yol pulunu da ödəyir, yenə də əvvəlki kimi izdiham alınmır. Kənara çıxmadan özümü deyim, vaxtilə, hələ nəyəsə inamım olanda Niderlanddakı (az qala hamısına), Belçikada, Almaniyada və.s. olan tədbirlərə öz hesabıma qatılsam da, indi heç bir tədbirə getməyə istəyim belə qalmayıb. Adam sayı artırıb kimlərinsə bundan şəxsi adları üçün faydalanması və.s. bu kimi hallar adamı yorur.

Diaspor barədə bu qədər, bəlkə nə vaxtsa geniş yazdım.

 

                                      Son, hələlik son xatirələr

 

 

Xatirələr sonsuzdur, həm də məmləkətlə bağlı. Yazsam, ən azı bir kitablıq mövzum var.

Açığı, hər addımda nəsə gərginliklə rastlaşmaq mümkündür. Təsəvvür edin, Avropadan gəlmişəm və təbii ki, özümlə gətirdiyim də avrodur və onu manata dəyişmək üçün mütləq banka getməlisən. Banklarda isə növbə o qədərdir ki, ən azı 20-30 dəqiqəni pul dəyişməyə həsr etməlisən. Sual olunur, niyə? Ölkəyə gələn turist vaxtını niyə belə şeylərə həsr etməlidir? Hələ əgər bazar günüdürsə və cibində manat qalmayıbsa (söhbət turistlərdən gedir) get başının çarəsini tap, çünki bazar günləri banklar işləmir və demək ki, pulunu dəyişmək imkanın da yoxdur. Bir də bura turistlərin Miqrasiya İdarəsində qeydiyyatdan keçməsini və.s. də əlavə etsək, turistin ölkədəki “rahatlığını” təsəvvür etmək çətin deyil. Bunu “Asan Xidmət”də də etmək mümkündür. Amma budəfəki səfərimdə şahidi oldum ki, artıq “Asan Xidmət”in xidmətlərindən istifadə etmək elə də asan deyil. Təsəvvür edin, şəxsiyyət vəsiqəsini almaq, dəyişmək üçün neçə gün sonraya növbəyə yazılmalısan, o da hələ yazıla bilsən... Əksər digər xidmət yerlərində yaradılmış süni növbələr, əngəllər...

Gördüyüm, yazmaq istədiyim o qədər məqamlar var ki, hansını deyim, hansından yazım. Bir onu bilirəm ki, fikrimcə, insanlarımız bundan daha yaxşısını haqq edirlər. Ancaq digər tərəfdən də “Narazı olduğumuz məqamlarda öz günahımız yoxdurmu? Sənin, onun, mənim və bizim günahımız yoxdurmu?” deyə düşünməyə bilmirəm. Var, təbii ki, var. Övladlarımıza orta məktəblərdə nəyinsə hesabına qiymət yazdıran, ali məktəblərə nəyinsə, kiminsə hesabına qəbul etdirən bizlər deyilik? İşə qəbul olunmaq da belə. Dükanda, bazarda və.s. digər bu kimi yerlərdə ilk fürsətdə özümüzü aldadan özümüz deyilikmi? Elə mənim işimi rüşvətsiz həll etməyən sən, sənin işini rüşvətsiz həll etməyən mən deyilikmi? Gözümü açandan belə gördüm, indinin söhbəti deyil axı bunlar. Gördüyümüz hər qanunsuz işi kimlərisə “görərək” qanuni don geyindərən də özümüzük, kimisə “görməyə” və qanunsuz işimizə qanuni don geyindirməyə gücümüz çatmayanda şikayət edən də bizik. Bütün bunların nəticələrini məmləkətdə hər addımda görmək mümkündür. Hər birimiz, öz məhəlləmizdən tutmuş, şəhərə, ölkənin ən ucqar yerlərinə qədər bu nəticələri görə bilərik. Kiçik oğrulara kəc baxıb, böyük oğruları ayaq üstündə qarşılayanda fərqli nəticələr görəcəyimizə inanmaq sadəlöhvlük olardı. Ötən yazımda yollardakı olan, olmalı olan yol işarələrinə, hərəkəti tənzimləməli olan işarələrə toxunmuşdum. Yenə də ona toxunmaq istəyirəm. Araşdırın da, yollarımızdan birinin bir neçə km.-lik məsafəni götürün və araşdırın ki, nə qədər işarə olmalıdır və nə qədəri var? Araşdırmaq çətindir? Deyil, amma etmirik. Xəstəxanaların durumuna baxın. Yazan da var, deyən də. Tədbir görən varmı? Yoxdur. Siyahını uzatmaq olar. Bütün bunlar gündəlik həyatımızdır və məsələ burasındadır ki, bunlar həm də sadaladığım bütün neqativ hallara səbəb olanların da gündəlik həyatının bir hissəsidir. Onlar da bu yollardan keçirlər, onlar da bu xidmətlərdən istifadə edirlər və.s. Axı onlar da bizlərdəndirlər... Hələlik imkanları bir qədər rahat yaşayışlarına şərait yaradır. Əgər bir gün əllərindəki “piy” əllərindən düşərsə, sənin, onun kimi yaşamağa başlayacaqlar... Bax onda onlar nə etdiklərinin fərqində olacaqlar. Bax onda onlar da şikayət etməyə başlayacaqlar. Axı onlar da bizlərdəndirlər...

“Məmləkət xatirələri” silsiləsindən yazılarıma bu yazı ilə hələlik son qoymaq istəyirəm. Əlbəttə, məmləkətlə bağlı yazılarım olacaq, ancaq başqa adlar altında. Növbəti yazılarımın birini isə məmləkətlə bağlı arzularıma həsr edəcəm...

 

                                    Geri dönüş

 

Bəli, Niderlanda qayıdırıq. Bəzən anlamaqda çətinlik çəkirəm; biz Niderlanda, yoxsa Azərbaycana gələndə geri dönmüş oluruq?

Haşiyə: Bir neçə il öncə kulis.az saytı ən qısa hekayə yarışı keçirirdi və mən də ora “Son göz yaşı” adlı bu hekayəmi göndərdim:

“Qürbətə gedəndə oğlum 6, qızım 8 yaşında idi. Yol boyu qucağımda yatan oğlum gözünü açıb: “Bura haradır?” – soruşdu. “Niderland”- dedim. Bir şey anlamasa da: “Azərbaycana nə vaxt qayıdırıq?” – deyə soruşdu. “Bilmirəm” – dedim. Uşaqların gözündə yaş göründü...

20 il sonra Azərbaycanın hava limanında, oğlumun qucağımda rahat yatan oğlu Azər gözünü açıb:”Bura haradır?” – soruşdu. “Azərbaycan” – dedim. Azər: “Niderlanda nə vaxt qayıdırıq?”- soruşdu. Gözlərimin dolduğunu hiss etdim. Sonra nə olduğundan xəbərim olmadı. Bu, mənim gözlərimdən çıxan son yaş oldu...”

...Hava limanının binasına kənar adamları, qarşılayıb yola salanları, buraxmırlar deyə kimsənin bizi yola salmasına razı olmadım. Hamı ilə göüşdükdən sonra evimizə ötəri nəzər salıb maşına otururam, kirayə etdiyim maşınla hava limanına yola düşürük. Qəribə təsadüf idi, radionu açan kimi qürbətə aid mahnı səslənir. Doluxsansam da, biruzə verməməyə çalışıram...

... Hava limanında bütün lazım olan mərhələləri keçdikdən sonra gözləmə zalındayıq. Cibimdə bir qədər manat var. Özümə və həyat yoldaşıma içmək üçün bir şeylər aldıqdan sonra qalan pula hava limanındakı kitab mağazasından kitab almağa qərar verdim. Satıcı kitablarla bağlı çox məlumatlıdır, hansı kitaba toxunuramsa onun müəllifi və kitab barədə məlumat verir. Doğrusu çox xoş idi. Kitabları seçdim və qalan pulumu bir də saydım, təxminən iki manat çatmırdı. Satıcı dedi ki, narahat olmayım, endirim verəcəklər. Beləcə kitabları alıb qayıdıram və bu ktabların birini əlimdə saxlayıram ki, təyyarədə oxuyum.

... Təyyarəyə oturumuşuq. Sərnişinlərə baxıram və düşünürəm ki, görəsən bunların nə qədəri başqa məmləkətlərdə yaşayan soydaşlarımızdır? Yadıma Z. Yaqubun bu misraları düşür:

 

Gözünün yaşında boğulan, axan,

Eldən aralanıb gedən yazıqdı.

Gözləri həmişə qürbətə baxan,

Qəribi çox olan Vətən yazıqdı.

 

... Təyyarə sürətlə yerindən tərpənir və getdikcə sürətini artırır. Mənsə gözlərimi qapamışam, bəzən nələrəsə açıq gözlə baxmaq adamı vahiməyə salır.

... Təyyarə artıq səmadadır. Hava limanından aldığım kitabı çıxardlram, oxumaq üçün. Gözüm kitabın arxasına yapışqan kağıza yazılmış qiymətə sataşır. Qopardıram və yapıqan kağızın altından kitabın gerçək qiyməti çıxır, üstünə yapışdırıldığından təxminən bir neçə manat ucuz imiş. Gülümsəyirəm və ürəyimdən N. Hikmətin sözləri keçir: Eh, məmləkətim, məmləkətim...

 

Vüqar Abbasov

"Ədalət"in Niderlandda xüsusi müxbiri

Niderland-Azərbaycan-Niderland.

[email protected]

 

TƏQVİM / ARXİV