SON DƏQİQƏ:

"Ədalət"in vaxtı: Yunus Oğuzla

  50621   |  
Şriftin ölçüsü  

Bir fransız filosofu deyir ki, "İnsan zamanın içində deyil, zaman insanın içində yaşayır”.  Zamana filosofların gözü ilə baxanda, hansının hansına sahiblik, hakimlik etdiyi, bəlkə də sıravi şüurları daha dərin müəmmalara aparır. Amma bir həqiqət var ki zaman və insan vəhdətdir.  Elə "Ədalət”in vaxtı”nın budəfəki qonağı demiş: "Zaman həddindən artıq mürəkkəb və qəribə anlayışdır”. Elə isə zamanın dərinliyə baş vurmazdan öncə qonağımızı daha yaxından tanıyaq:


Yazıçı-publisist Yunus Oğuz (Yunus İsaxan oğlu Əliyev) — 1960-cı ildə Şirvan şəhərində anadan olub. 1988-ci ildə Rostov Dövlət Universitetinin fəlsəfə fakultəsini bitirib. Ali təhsilini bitirdikdən sonra Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və hüquq institutunda kiçik elmi işçi vəzifəsində çalışıb. 1988-ci ildən Milli Azadlıq hərəkatına aktiv qoşulub. 1989-cu ildən 1991-ci ilədək "Azad söz” qəzetinə rəhbərlik edib.

1991-1992-cı illərdə "Ordu” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 1994-cü ildən bu günə qədər "Olaylar” informasiya Agentliyinin baş direktoru və eyniadlı qəzetin baş redaktoru vəzifəsində çalışır. Yüzlərlə elmi və publisistik məqalələrin müəllifidir.  "Türkün tarixinə yeni bir baxış”, "Nadir Şah”, "Türkün gizli tarixi”, "Əmir Teymur zirvəyə doğru”, "Əmir Teymur dünyanın hakimi” və s. kitabları ilə oxucularının görüşünə gəlib.

...Və Yunus Oğuzun zaman anlayışı:


"Gedən bizik – zaman öz yerində durur”


- Zaman nədir və sizin üçün nə əhəmiyyət kəsb edir?

- Zaman insanın məkan daxilində yerləşdiyi bir məfhumdur. Zaman insanın içində də yerləşir ki, buna subyektiv idealizm deyilir. Yəni, insan öz vaxtını guya özü müəyyənləşdirir. Bir də var obyektiv idealizm – kənarda başqa zaman var, amma insan onu bilmir. Yaxud fəzada bizim dərk etmədiyimiz bir zaman var. Odur ki, zaman həddindən artıq mürəkkəb və qəribə anlayışdır. Bunun həm dini, həm də fəlsəfi anlamı var. Şəxsən mənim üçün zaman yoxdur. Yəni, biz tuneldə - zaman və məkanın içində gedirik. Elə bilirik ki, zamanın içindəyik, zaman gedir. Amma gedən bizik – zaman öz yerində durur.  


- Onda siz başqa dövrlərə səyahət edən "Zaman yolçuları”na da inanırsınız...

- Bəli, mən buna inanıram. Başqa zamana transfer edilirlər. Bu çox normal bir şeydir. Bir dəfə mən başqasına belə bir sual verdim ki, insanın vücudu zamandan asılıdır, yoxsa ruhu? Suala cavab verə bilmədi...


- Bəs özünüz necə cavablandırardınız bu sualı?

- Zamandan asılı olan vücuddur, ruh zamandan tamamilə kənardadır. İnsan bir saniyəlik gözünü yumanda, uşaqlığından bu günə qədər bütün dövr gözünün önünə gələcək. Başqa sözlə, həmin zamana transfer olunacaq. Hətta gələcəyə də beləcə səyahət etmək olar. İnsan ruhu 1 saniyədə 100 milyard yol qət edə bilər. Bəs onda zaman hardadır?! Amma vücud zamanın içindədir, yəni bizim zaman hesab etdiyimizə tabedir.


"İnsan gərək özünü zamana hazırlasın”

 

- Bəzi insanlar özlərini yaşadıqları zamana aid etmirlər. Ya təəssüflənirlər, ya xəyal edirlər ki, "başqa zamanda doğulmalıydı”. Niyə insan öz zamanı ilə ayaqlaşa bilmir?

- Belə düşünən insanlar zəif iradəli insanlardır. Hər kəsin öz zamanında doğulması üçün Allah ona ömür biçir. "Zamanında doğulmamışam” – fikri bir insanın öz yaşadığı dövrlə ayaqlaşmaması, fərasətsizliyidir, burda heç nə edə bilmir, amma günahı uyğun olmayan zamanın üstünə atır. Əslində isə, öz dövründə əlindən heç nə gəlmir, bunun da sosial, şəxsi – müxtəlif səbəbləri var. Ya özü səhlənkarlıq edib, həyatını düz qura bilməyib, ya başqalarına güvənib, sonra da ortada çarəsiz qalıb. İnsan gərək özünü zamana hazırlasın, dövrünə uyğunlaşsın. Uşaq vaxtı tarixi romanlar oxuyanda adam fikirləşir ki, kaş ki o zamanda yaşayaydım, inqilablarda iştirak edəydim. Amma zaman elə gətirdi ki, elə özümüz də inqilab etdik, tarixi romanlar yazdıq. Deməli, vaxtında - elə öz zamanımızda doğulmuşuq.


- Bəs özünüz, zamanla ayaqlaşan insanlardansınız?

- Mənəvi cəhətdən götürsək, yox! İnsanlarımız, xüsusən gənc nəsil mənəvi dəyərlərimizi yadlaşdırıblar. Ailə məsələləri, kişi sözü və. s – bunları o qədər adiləşdiriblər ki!.. Deyilən sözün məsuliyyəti qalmayıb. Burdan söz verib, ordan "sözdür də dedim”, - deyərək hər şeyi dəyərdən salıblar. Bax, sizin dediyiniz o zaman dəyərləri dəyişdirib.     


- Onda, zaman pisləşib, ya insanlar?

- Təbii ki insanlar!


- Bəs insanları pisləşdirən həmin zamanın gətirdikləri deyil?


- Zaman vücudları dəyişir. Mənəviyyat, dəyər vücuda aid deyil ki!.. Bunlar ruha, şüura aiddir... İnsanların ruhları korlanıb.


- Zamanın sizdən aldıqları çox olub, ya sizin zamana verdikləriniz?

- Zaman mənim ömrümü-günümü yamaq-yamaq edib. Təbii ki, aldıqları çoxdur. Əslində,  onu zaman almır, həyat alır. Yaşadığımız həyat tərzi, çevrəmizdəki insanlar alır!..


"Ən böyük dahinin də keçmişində təəssüfləndiyi məqamları olur”

 

- Yəni, hər kəsin anladığı zamanı götürsək, keçmişdə nələr qalıb ki, ona təəssüflənəsiniz?

- Mən o keçmişə ruhən, fikrən qayıda bilirəm, amma bir şey edə, dəyişə bilmirəm. Təəssüfləndiyim məqamlarım çox olub, bunu dansam yalan olar. Amma bunları sadalasam, bəlkə də 6-7 roman yazmaq mümkündür. Səmimi olmalıyıq, hər bir insanın, hətta ən böyük dahinin də keçmişində təəssüfləndiyi məqamları olur.


- Vaxt itkisi necə, olubmu? Bilərəkdən vaxt "öldürmüsünüz”?

- Vaxt itkisi insanın özündən asılıdır. Vaxt "öldürməyim” isə o qədər olub ki! Fikirləşirsən ki, nəyisə gözləmək lazımdır, indi vaxtı deyil. Gözlənti isə fəlsəfi mənada zamana aiddir. Bu isə öz növbəsində vaxt itirməkdir, ya da öz əlinlə vaxtı "öldürməkdir”.  Yaradıcı insanlara gəldikdə isə, onlar çox zaman vaxtın içində ilişib qalırlar. Özləri üçün məşğul olmağa başqa bir şey tapa bilmirlər, vaxtı beləcə itirirlər. Bu da öz növbəsində psixoloji gərginlik yaradır. İnsan gərək özünü bir şeyə bağlamasın, çünki onunla bağlı gözləntiləri olur, buna vaxtı gedir, amma gözlədiyi olmayanda ruh düşkünlüyünə qapılır.


- Vaxtınızı ən çox nə alır?

- Mütaliə, bir də düşünmək...


- Nə barədə düşünürsünüz?

- Hər şey – həyat, yaradıcılıq, dövlətimizin, millətimizin gələcəyi, insanların durumları, psixoloji halları. Cəmiyyətdə müxtəlif sosioloji, psixoloji durumlar var ki, istər-istəməz adamı düşündürür.


- Qazandığınız uğurların təməlində zamanı düzgün dəyərləndirməyiniz, vaxtı planlı bölməyiniz dayanırmı?

- Yox. Vaxt - saniyə, dəqiqə, saatlara və s. onsuz da bölünür və bu insanın şüurundan gələn bir şeydir. Amma, əslində biz bilmirik ki, dəqiqə, saat var, ya yox. Bunu biz bölmüşük. Kosmosda tamamilə başqa bir zamandır, burdakı bir il, orda bəlkə də bir gündür. Ona görə də vaxt bölgüsü də nisbi məfhumdur.

 

"Yaradıcı adamlar üçün zaman anlayışı yoxdur”

 

- Amma ən azından bir vaxt bölgüsünə riayət etmək lazımdır...

- İnsan beynində özü üçün bölgülər aparır. İşə gəlmək, yemək və s. Amma bu da həmişə özünü təsdiqləmir axı! Bəlkə fəhlə, məmur, həkim bu bölgüyə əməl edə bilər, amma yaradıcı adama nə vaxt bölgüsü?! Tutaq ki, mən vaxtımı bölüşdürdüm ki, bu gün yazacam – ilham, təb gəlməyəndən sonra həmin vaxt çərçivəsində necə yaza bilərəm?! Qələmi götürürsən, qələm sözə baxmır. Yaradıcı adamlar üçün zaman anlayışı yoxdur.  Onlar sadəcə, vücudun zamana tabeliyini dərk edirlər, yəni vaxtı gələndə dünyasını dəyişəcəklərini bilirlər. Bununla da ruhu cisimdən azad olur. Lermantov 27 yaşında, Mikayıl Müşfiq 29 yaşında dünyasını dəyişdilər, amma qısa ömür yolunda başqa bir adamın 90 illik işini gördülər.  


- Vaxtla bağlı insanlara nə tövsiyə edərdiniz?

- Vaxtlarını itirə bilərlər, amma ruhlarını itirməsinlər. Ruhları azad qalsın!


Biz də "Ədalətin” vaxtı”nın qonağına əlahəzrət Vaxtın onunla həmişə ədalətli davranmasını arzu edirik.

Şəfiqə Şəfa

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 19 16 14 12 09 07 05 02
September: 25 18,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK