SON DƏQİQƏ:

"FƏXRİ KÜRSÜ"də Kifayət Qasımova : "Elxan Məmmədov bəxti gətirdiyi üçün dünya çempionu oldu"

  55845   |  
Şriftin ölçüsü  

Bir çox Şərq ölkələrində olduğu kimi Azərbaycanda da qadın idmançılar əks cinsə nisbətdə azlıq təşkil edir. Kəmiyyət baxımından az olmaqla yanaşı karyeralarında da uğurlu deyillər. Ancaq cüdo üzrə Azərbaycan yığma komandasının üzvü Kifayət Qasımova bu baxımdan istisnalardandır. 57 kiloqram çəki dərəcəsində qadınlardan ibarət yığmanın yeganə üzvü olan K. Qasımova karyerası ərzində bir çox uğurlar qazanıb. O, böyüklər arasında 2006-cı ildə Tamperedə keçirilən Avropa çempionatının gümüş, 2007-ci ildə Belqradda və 2008-ci ildə Lissabonda keçirilən analoji turnirin bürünc mükafatçısı olub. O, 2009-cu ildə Hollandiyanın Rotterdam şəhərində keçirilən dünya çempionatında da fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.Bundan başqa, o, böyüklər arasında keçirilən Qran-pri turnirlərinin, yeniyetmə və gənclər arasında qitə və dünya birinciliklərinin dəfələrlə qalibi, mükafatçısı olub.

Adalet.az-ın "Fəxri kürsü" rubrikasının növbəti qonağı Kifayət Qasımovadır.



 "Cüdoda yaş keçdikcə daha yaxşı çıxış etmək olur"



- Kifayət xanım, qarşıdan I Avropa yay Olimpiya Oyunları gəlir və siz bu yarışda iştirak edəcəksiniz...

- Yarışa hazırlıq prosesi çox yaxşı keçirdi, təəssüf ki, Gürcüstanda keçirilən təlim-məşq toplantısında çiynimdən zədələndim. Yaxşı ki, əməliyyatlıq olmadı, amma yenə də həkimlər ay yarım məşq etməyə icaz vermədilər. Neçə müddətdir ki, məşq etmirəm, bu da məni formadan salır. Hələ dörd ay qalıb, bərpa olunmaq üçün vaxtım var.


- Zədəyə çox meyllisiniz...

- Elə idmançı yoxdur ki, karyerası ərzində zədə problemi ilə üzləşməsin. Mənim ən pis zədəm 2009-cu ildə olub, o vaxt dizimdən əməliyyat olunmuşdum, biri də indiki zədəmdir. Digər zədələrim dözüləsi, birtəhər toparlanıb, mübarizə aparılası vəziyyətdə olub.


- Bəs 2008 və 2012-ci il Olimpiya Oyunlarında medal qazanmaq üçün sizə nə mane oldu?

- Pekində ilk görüşdə ippon atmışdım, lakin hakimlər qeydə almadı, vazari ilə kifayətləndilər. Sonradan o məni ipponla məğlub etdi. 2012-ci ildə isə zədəm vardı.


- Hər iki görüşdə yapon idmançıya məğlub olmuşdunuz. Ümumiyyətlə, yapon idmançılarla görüşdə çox çətinlik çəkirsiniz. Demək olarmı ki, sizin üçün bir yapon səddi formalaşıb və bunu keçməkdə çətinlik çəkirsiniz?

- Bəxtimdən hər iki çempionatın startında yapon idmançısı ilə qarşılaşası oldum. (gülür). Londondakı yapon təmsilçisi açığı, çox güclü idmançı idi, sonda da birinci oldu. O gün sanki onun günü idi. Əvvəlki qaydalar olsaydı - uduzduğum idmançı finaladək irəliyəcəyi təqdirdə üçüncülük uğrunda mübarizə aparmaq şansı əldə etsəydim, çox güman ki, bürünc medal qazanardım. Çünki orda ikinci və üçüncü yerə çıxan idmançılarla dəfələrlə qarşılaşıb, məğlub etmişəm.


- Artıq 6 ildir ki, Avropa və dünya çempionatlarında nəticə göstərə bilmirsiniz. Sonuncü dəfə Rotterdamda keçirilən dünya çempionatında üçüncü olmuşdunuz...

- 2009-cu ilə kimi bütün yaş kateqoriyalarında keçirilən qitə və dünya çempionatarında nəticələrim olub. 2 dəfə çempion, 7-8 dəfə mükafatçı olmuşam. 2009-cu ildən sonra keçirdiyim əməliyyat səbəbindən 2 ilə yaxın güləşmədim. Bu iki il də mənim karyeramın pik dövrü idi... 
2011-ci ildə Bakıda keçirilən Qran-pri turnirində qalib oldum. Düzdür, Avropa və dünya çempionatlarında nəticələrim olmasa da, digər mötəbər turnirlərdə müxtəlif nailiyyətlərim olub.

- Çoxdankı müsahibələrinizin birində demişdiniz ki, 30 yaşdan sonra bir qadının idmanla məşğul olmasına normal baxmıram. Sözünüzü tutmadınız...

- Mənə elə ifadə işlətməmişəm. Müsahibələrdə çox vaxt birinin üstünə beşin qoyub yazırlar. Əksinə, cüdo elə idman növüdür ki, yaş keçdikcə daha yaxşı çıxış etmək olur. Mənim üçün yaş problem deyil, əsas odur zədə olmasın. 2008-ci il Pekin yay Olimpiya Oyunlarında holland idmançısı 38 yaşında gümüş medal qazandı. Uzağa getməyək, Mövlud Mirəliyev 34 yaşında olimpiadada üçüncü olmuşdu.



"Hərdən düşünürəm ki, kaş 63 kiloqrama keçərdim"



- Hazırda Beynəlxalq Cüdo Federasiyasının reytinqində 25-cisiniz. Bu pillə də olimpiadada iştirak hüququ vermir. İlk 14-lüyə düşmək şansınızı necə dəyərləndirirsiniz?

- Öndə olan idmançılar demək olar hər həftə reytinq xalı verən turnirlərdə iştitrak edirlər, mən isə əksinə. Bu səbəbdən reytinqdə geri düşmüşəm.


- 57 kiloqram çəki dərəcəsində sizin əsas rəqibləriniz braziliyalı Rafaela Silva, avstriyalı Sabrina Filzmozer, portuqaliyalı Telma Montero, alman Miryam Roper, Fransa təmsilçisi və kimliyindən asılı olmayaraq yapon cüdoçularıdır. Hansından çəkinir, qarşılaşarkən üzərinizdə psixoloji təzyiq hiss edirsiniz?

- 57 kiloqram qadın cüdosunda ən güclü çəki dərəcəsidir. Bu çəkidə mübarizə aparan idmançıların demək olar hamısı güclüdür. Digər çəkilərdə əsasən iki-üç nəfər lider olur. Bizim çəkidə isə 30 nəfər mübarizə aparırsa, onların hamısı bir-birinə layiq rəqiblərdir. Bir-iki nəfər zəif ola bilər. Miryam Roperlə güləşim tutmur, portuqal da eləcə, çətin rəqibdir. Fransızla görüşlərim asan alınır. Filzmozer isə məni əsasən parterdə yorub məğlub edir, ayaq üstdə o heç vaxt mənimlə bacarmır.


- Niyə çəkinizi dəyişib, digər çəkilərdə mübarizə aparmırsınız?

- Axır vaxtlar çox çəki salmalı oluram, hərdən düşünürəm ki, kaş 63 kiloqrama keçərdim. Ancaq indi gecdir, altı-yeddi ilə öncə keçmək lazım idi, yeni çəkiyə öyrəşmək üçün azı bir- iki il vaxt lazımdır. 63 kiloqramda da mübarizə aparmaq üçün gərək 67-68 kilo olaydım, ancaq mənim normal çəkim 60 kilodur. Çünki çəki vaxtı bütün idmançılar 2-3 kilo salmalı olurlar. Mənim boyum da 57 kiloqrama daha çox uyğun gəlir. Həm də bu çəkini çox xoşlayıram, artıq öyrəşmişəm.


- Komanda yoldaşınız Elxan Məmmədov 90 kiloqramda son vaxtlar uğurlu çıxış etmirdi, çəkisini dəyişib 100 killoqrama keçdikdən sonra isə dünya çempionatının qalibi oldu...

- O, yarışqabağı çox çəki salırdı, belə 96-97 kiloqram olurdu. Boyu da 100 kiloqrama uyğun gəlir. .


- Hazırda Azərbaycan qadın cüdosunun bir nömrəsisiniz. Münasibət necədir sizə qarşı?

- Belə də, normal(gülür).


- Bir ara maaşlarınızın gecikməsindən şikayətlənirdiniz...

- Maaşlarımızı gecikmək bir yana qalsın, xeyli azaldıblar. Əvvəllər 1000-1300 manat alırdıq, indi 200-250 ediblər. Əslində, bu əməkhaqqı idmançı üçün heç nədir. Neyləmək olar ki, bununla... Deyilənə görə, federasiyada maddi durum bir o qədər də yaxşı deyil.


- Bu son uğursuzluqlarla əlaqəli deyil ki?

- Yox, bununla bağlı deyil. Bizdə çox olub ki, uzun müddət yığma komanda medalsız qalıb, ancaq maaşda heç bir fərq olmayıb. Piter Zeyzenbaxer belə bir sistem formalaşdırmışdı ki, maaşlar reytinqə əsasən verilsin. Hər beş pilləyə görə əməkhaqqı qalxırdı. Əslində, bu düzgün deyil. Çünki biz yüksək reytinqə malik olmaq üçün bayaq vurğuladığım kimi, gərək turnirlərdə tez-tez iştirak edək. Əvvəl elə deyildi, yığmanın üzvü birinci nömrəydisə, normal maaş alırdı. Zeyzenbaxer söz vermişdi ki, maaşlar qaldırılacaq, ancaq o bu vədindən bir neçə gün sonra istefaya göndərildi.



 "Bizə yaxşı maaş verilsə, nəticə göstərmək çox asan olar"



- Yığma komandada tez bir zamanda üç məşqçi dəyişikliyi oldu. Ağayar Axundzadə Piter Zeyzenbaxerlə, o da Hacıağa Hacıəhmədovla əvəzləndi. Ümumiyyətlə, avstriyalı mütəxəssis komandaya nə verdi?

- Nə fərqi var ki...İdmançı yaxşı təmin olunursa, onun üçün məşqçinin kim olmasının heç bir fərqi yoxdur. Bizim məşqçilər də yaxşı mütəxəssislərdir. Zeyzenbaxerə qədər də bizim dəfələrlə Avropa və dünya çempionlarımız olub.


- Dünya çempionu olmayıb. Elxan Məmmədov məhz Zeyzenbaxerin dövründə Azərbaycan cüdosu tarixində ilk dəfə dünya çempionu oldu.

- Yaxşı. Avropa çempionları və dünya mükafatçıları olub(gülür). Zeyzenbaxer pis məşqçi deyildi, professional idi. Ancaq yenə deyirəm, bizə yaxşı maaş verilsə, yüksək səviyyədə təlim-məşq toplanışı üçün şəraiti yaradılsa, nəticə göstərmək çox asan olar.


"Kişi cüdoçular qadınlara qarşı hörmətsizlik edirlər"


- Komanda Ağayar Axundzadə üçün darıxırmı?

- Hə. Elə mən özüm onun üçün çox darıxıram. Kaş elə həmişə o olaydı... Ağayar müəllim hərtərəfli insan idi. İndi kişi cüdoçular məşq zamanı maykalarını soyunurlar, qadınlara qarşı bir növ hörmətsizlik edirlər, amma onun vaxtında belə şeylər yox idi, o, komandada əsil dəmir nizam-intizam formalaşdırmışdı.


- Kişi cüdoçulardan kimlərlə yaxın ünsiyyətiniz var?

- Rəsul Səlimov və Mövlud Mirəliyevin(dünya və olimpiya çempionatının mükafatçıları) çıxış etdiyi dönəmlərdə mehriban komandamız var idi. İndikilərin heç biri ilə də yaxın münasibətim yoxdur, ancaq salam-sağol(gülür).


- Avropa Oyunlarında və Rio Olimpiadasında sizin fikirinizcə, hansı cüdoçularımız medal qazana biləcək?

- Daha çox İlqar(Müşkiyev) və Orxana(Səfərov) inanıram. Onlardan hansı getsə, medal qazana bilər.


- Mən Orxanı deyərdim...

- İkisi də yaxşı idmançıdır, İlqarın texnikası çox xoşuma gəlir


- Elxan Məmmədovun çempionluq şanslarını necə qiymətləndirirsiniz?

- Çətin çempion olsun. İnanmıram. O, bəxti gətirdiyi üçün dünya çempionu oldu.


- Niyə, o dünya çempionatında yüksək səviyyədə mübarizə apardı, finalda da çox güclü holland idmançısını - Henk Qrolu məğlub edib çempion oldu...

- Nə deyim vallah. Görək də. Onun çəkisində Elmar da yaxşıdır, o da yer tuta bilər.


- Ancaq, Elmar qeyri-stabil idmançıdır...

- Elədir. Bəzən elə yarışda elə rəqibləri məğlub edir, qaliblər sırasına düşür ki, heç inanmırsan. Birdən də çox zəif rəqibə məğlub olur.


- Yığmaya ilk dəfə olaraq legioner idmançı gətirilib; Kokauri Uşanqi. Millidə legionerlərin çıxış etməsinə necə baxırsınız?

- Mən legionerlərin heyətə cəlb olunmasına heç də yaxşı baxmıram, ancaq istəyirəm özümüzkülər olsun. Bütün xərcləri özümüzkülərə çəksinlər, bizim çox güclü idmançılarımız var. Cüdoda bu baxımdan elə də böyük problem yoxdu, indiyədək əsasən yerli idmançılarla təmsil olunmuşuq. Uşanqini də ağır çəkidə problem yaşandığı üçün Piter Zeyxenbaxer gətirmişdi.


- Qadın idmançılardan daha çox kimlərlə yaxınsınız?

- Demək olar heç kimlə. Bircə Zemfira Meftəhəddinova ilə az-çox ünsiyyətim var. Belə baxanda Azərbaycan idmanında qadınlardan kim var ki... Çox azdırlar. Hamısı oğlanlardı də.


- Karyeranızı haçan bitirməyi planlaşdırırsınız?

- Elə bu il. Uzağı 2016-da.


- Rio Olimpiadasında çıxış etmək fikriniz yoxdur?

- Belə də. 50-50-yə.


- Cəmi bir il qalıb...

- Çox adam deyir ki, bir il qalıb çox qalmayıb. Mən karyeramı 2012-ci ildə bitirmək istəyirdim, ancaq Avropa Oyunlarına görə davam etmək fikrinə gəldim, indi də qarşıdan Rio Olimpiadası gəlir, hamı deyir davam elə. Nə deyim valllah, bu baxacaq mənim həvəsimə, hazırlığıma.


- Bundan sonra məşqçilik fəaliyyətinə başlamaq fikriniz var?

- O da 50-50-dir(gülür).


- Belə bir təklif var?

- Bəli. Federasiyadan qadınlardan ibarət yığmanın baş məşqçisi postuna təklif gəlib...
Məşqçi kimi fəaliyyət göstərəcəyim təqdirdə istərdim ki, qızların təlim-məşqi ayrı keçirilsin. Bizdə yaxşı qadın cüdoçular var, sadəcə, onları yarışlara aparmırlar. 
Ramilə(2010-cu il dünya çempionatının bürünc mükafatçısı Ramilə Yusubovanı nəzərdə tutur) necə tanındı? Mən həmişə yarışlara tək gedirdim deyə, çox qorxurdum, gecə yata, səhər məşq edə bilmirdim. Nigar adlı məşq yoldaşım vardı, həmişə onu mənimlə yarışlara aparırdılar. O da lunatik idi, gecələr durub gəzirdi, qorxurdum. Sonradan o zədələndi, idmanı buraxdı. Sonra Ramiləni özümlə aparmaq qərarına gəldim. Ramilə iki-üç il heç bir yarışda nəticə göstərə bilmədi . Ancaq mənimlə gedə-gedə, məşqləri yarışları görə-görə püxtələşdi, sonradan nəticə verdi. Hazırkı qızlar ondan da güclüdürlər, heç bir-iki ilə ehtiyac yoxdur, yaxşı məşq prosesi keçsələr, xarici cüdoçularla birlikdə təlim məşq toplanışında iştirak etsələr, bir ilin içində yüksək nəticə verərlər.



"Şərəfsiz ermənilər bizim əsirlərə heç Böyük Vətən Müharibəsində görünməyən işgəncələri veriblər"

- Ramilə sizin bu əməyinizi qiymətləndirdi?

- Yox. Bu da mənə çox pis təsir etdi. Onu hər kəs bilsə də, özü boynuna almadı, onun üçün etdiklərimi dilə gətirmədi. Hətta Ramilə bir il ard-arda bütün turnirlərdə ilk görüşdən uduzurdu deyə, məşqçilər korpusu mənə dedi ki, bəlkə başqasını götürək: O vaxt Sona Əhmədli, Gözəl Zutova vardı, onlar Ramilədən daha potensiallı idilər. Ancaq mən razı olmadım, çünki ona öyrəşmişdim. O vaxtlar da mənim yüksək nəticə göstərən dövrlərim idi, kişi idmançılar yarışlarda əliboş qalırdı, mən qazandığım medalla komandanı xilas edirdim. Bu səbəbdən sözümü yerə salmırdılar, deyirdilər eybi yox, təki sənin üçün yaxşı olsun.


- O idmandan niyə belə tez getdi ?

- Ailə qurdu.


- Sizin xoş xəbəriniz haçan gələcək?

- Karyeramı bitirəndən sonra, inşallah!


- Bildiyim qədər Qarabağ bölgəsindənsiniz...

- Bəli. Kəlbəcərliyəm. Fəxr edirəm ki, o bölgədənəm. Oranın havasına-suyuna, xoş təbiətinə görə, belə güclüyəm də(gülür).


- Bu kimi məsələlərdə bir idmançı olaraq sizdə prinsipiallıq ikiqat olmalıdır. Maraqlıdır, heç indiyədək erməni idmançısı ilə qarşılaşmısınız?

- Razıyam. İranda keçirilən İslam Oyunlarında erməni əsilli idmançı ilə qarşılaşırdım, bu səbəbdən üzərimdə ikiqat məsuliyyət hiss edirdim. Görüş ərzində onu elə vəziyyətə saldım - zərblə yerə çırpdım ki, tatamidən çıxandan sonra ürəyi getdi, üstünə təcili yardım maşını gəldi. Bu kadrlar təəssüf ki, lentə alınmayıb.

 Mənim ermənilərə qarşı böyük nifrətim var. Bizim idmançılar bəzən ermənilərlə ünsiyyət saxlayırlar, mən onlara şərəfsiz kimi baxıram. Onlar dərk etmirlər ki, hazırda bizim nə qədər əsirlərimiz var orda, onlara olmazın zülmün edirlər. Elə oğlanların analarının, bacılarının, qızlarının gözü qarşısında başlarını kəsirdilər ki...


- Bu hadisələr sizin yadınızdadı?

- Bunları bizə ordan əsir gələnlər danışıblar. Bir uzaq qohumumuz vardı, onun saçları əsir düşərgəsində çəkdiyi əzablardan ağappaq olmuşdu. Şərəfsiz ermənilər bizim əsirlərə heç Böyük Vətən Müharibəsində görünməyən işgəncələri veriblər.


Sahib ƏSƏDBƏYLİ

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 28 26 23 21 19 16 14 12 09 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK