adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
04 May 2015 20:42
51811
RUBRİKA
A- A+

“Köklü problemlər öz həllini tapıb” - Müsahibə

Mandat. O hər kəsə qismət olmur. Gərək seçiləsən, xalq tərəfindən seçilmiş olasan. Azərbaycanda hər 5 ildən bir, 125 nəfərə belə səadət nəsib olur: xalqını, onları seçəni təmsil etmək. Bu il ölkəmizdə Milli Məclisə növbəti seçki keçiriləcək. İndiki deputatlardan yenə seçilmək istəyənlər olacaq. Son sözü həmişə xalq deyir. Maraqlıdır, xalq onlara yenə "hə" deyərmi? Özlərindən soruşmaq daha məqsədəuyğundur. Necə deputat olduqlarını, hansı təkliflərlə, çıxışlarla, mövqeləri ilə seçildiklərini daha yaxşı özləri bilər. Əlbəttə, qiyməti seçici müəyyənləşdirir, ancaq dəyərini gərək mütləq və mütləq özün biləsən.

Beləliklə, "Mandat” rubrikasının bugünkü qonağı 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən millət vəkili Rövşən Rzayevdir.

- Rövşən müəllim, Milli Məclisdə 5 illik fəaliyyətinizi necə dəyərləndirirsiniz?

- Bunu mənim deməyim düzgün olmaz. Mən işimi necə qura bilmişəm, seçki dövründə verilən vədləri nə dərəcədə yerinə yetirə bilmişəm? Bunu seçicilərdən soruşsanız, daha doğru olar.

- Bu sualı verməklə seçicilərin qaldırdığı məsələləri nə dərəcədə həyata keçirdiyinizi öyrənmək istədik...

- Mən ilk dəfə 2004-cü ildə Göygöl-Daşkəsən seçki dairəsindən Milli Məclisin deputatı seçilmişəm. 2005-ci ildə və daha sonra 2010-cu ildə seçilər mənə yenidən etimad göstəriblər. Ötən illər ərzində seçicilərimlə daima təmasda olmuşam. Onlarla mütəmadi olaraq görüşürəm, qaldırdıqları məsələlərin həlli üçün bütün imkanlarımdan istifadə edirəm. Onu da qeyd edim ki, 2004-cü ildən etibarən möhtərəm Prezidentin rəhbərliyi ilə həyata keçirilən "Regionların sosial-iqtisadi inkişafı üzrə” Dövlət Proqramları Göygöl və Daşkəsən rayonlarında da öz müsbət nəticəsini göstərir. Əgər ötən illərdə işıq, qaz, su, yol problemləri var idisə, bu gün onların böyük əksəriyyəti aradan qaldırılıb. Bu məni sevindirir. Çünki insanlarımızın sosial qayğıları azalır. Bu problemlərin həllində millət vəkili olaraq mən də əlimdən gələn köməyi göstərməyə çalışmışam. O cümlədən son 5 ildə seçicilərin qaldırdığı bir çox məsələlər həllini tapıb. Bu gün, digər bölgələrimiz kimi, Daşkəsən və Göygöl rayonları da inkişaf edir, abadlaşır. Sözsüz ki, görüləcək işlər, həlli vacib məsələlər də var və seçicilərlə hər görüşümdə onların bu barədə fikirlərini, qayğılarını dinləyirəm.

- Mandatını qazandığınız seçicilərin həll olunmamış problemi kimi nələri sadala bilərsiniz?

- Ümumiyyətlə, inkişaf olan yerdə problemlər də olur. Ancaq dediyim kimi, artıq köklü problemlər öz həllini tapıb. Eyni zamanda, inkişaf prosesi özlüyündə yeni addımları, təşəbbüsləri zəruri edir. Bu baxımdan bölgələrimizin böyük potensialı var. Bu potensialdan daha geniş istifadə olunması yerlərdə əhalinin rifah halını da yaxşılaşdırar. Göygöl və Daşkəsən rayonları turizm baxımından çox əlverişli yerdir. İstərdim ki, iş adamları bu bölgəyə investisiya yatırsınlar. Bu həm yeni iş yerlərinin açılmasına, həm də turizmin inkişafına töhfə vermiş olar. 

- Qarşıdan gələn parlament seçkilərində iştirak etmək niyyətiniz varmı?

- Bu məndən yox, seçicilərdən asılı olan məsələdir.

- Azərbaycanın regionda və dünyada yeri, Milli Məclisinin bu baxımdan rolu barədə nə deyə bilərsiniz?

- Bu gün Azərbaycan dövləti sürətli inkişaf yolundadır. Bu inkişaf həm siyasi cəhətdən, həm iqtisadi baxımdan ölkəmizin müsbət imicini formalaşdırır. Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət ölkəmizin beynəlxalq arenada mövqelərini möhkəmlədir, dünyada Azərbaycanın haqlı mövqeyini müdafiə edənlərin sayı artır. Təbii ki, Azərbaycanın bu uğurunu gözü götürməyən qüvvələr də var. Onlar daim Azərbaycan əleyhinə iş aparır, ölkəmizə qarşı münasibətdə ikili standartlarla davranırlar. Onlar erməni lobbisinin və ermənilərin fitnəsi ilə dünyanın gözünə kül üfürən siyasətçiləridir. Dünya birliyinin Azərbaycanın məruz qaldığı işğala səssiz qalması ikili standartların ən yüksək həddidir. Təbii ki, Azərbaycan Milli Məclisi də ali qanunverici orqan kimi bu və ya başqa istiqamətdə ölkəmizlə bağlı həyata keçirilən ikili standartlara qarşı öz haqq səsini qaldırır. Bütün bunlar onu deməyə əsas verir ki, Milli Məclis öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir. Bununla yanaşı, Milli Məclisin deputatları həm də beynəlxalq qurumlarda təmsil olunurlar, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların Parlament Assambleyalarında ölkəmizin maraqlarını müdafiə edirlər.

- Rövşən müəllim, siz həm də Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvüsünüz. AŞPA-da son sessiyasında erməni əsirliyindəki soydaşlarımızla bağlı məsələ qaldırıldı. Bununla bağlı müvafiq qərar qəbul oluna bilərmi?

- Erməni əsirliyindəki soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələ bir neçə dəfə AŞPA-da qaldırılıb. AŞPA-nın yaz sessiyasında bununla bağlı Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi həyata keçirən Belçikanın xarici işlər nazirinə sual ünvanlamışdım. Belçikalı nazir bu günlərdə Bakıda olanda da bu sual ona verildi. Amma o, Qərb siyasətçilərinə uyğun tərzdə suala cavabdan yayındı. AŞPA nümayəndə heyətinin üzvü kimi onu deyə bilərəm ki, bu məsələ ilə bağlı millət vəkillərimiz bütün imkanlarını səfərbər ediblər. Azərbaycan vətəndaşlarının Dağlıq Qarabağ bölgəsində bu cur saxlanması, onlara işgəncə verilməsi, qondarma məhkəmənin keçirilməsi beynəlxalq hüquqa ziddir. Bu bizi narahat edir. Çox təəssüf ki, bu gün Ermənistan rəhbərliyi bu məsələdə konstruktiv mövqe göstərmir. Ancaq iş gedir. Azərbaycan öz vətəndaşlarını azad etmək üçün öz imkanlarından maksimum istifadə edəcək. Ümid edirik ki, yaxın vaxtlarda bu məsələ həllini tapacaq.

- Avropa Oyunları öncəsi Azərbaycana qarşı qərəzli çıxışlar davam edir...

- Öncə onu qeyd edim ki, ölkəmizin Birinci Avropa Oyunlarına ev sahibliyi etməsi Azərbaycanın uğurudur. Dünya miqyaslı idman yarışının Bakıda keçirilməsi, dünyanın nəzərini yaxşı mənada Azərbaycana yönəlməsi ölkəmizin bu gününə, gələcəyinə töhfə verən bir hadisədir. Təbii ki, belə bir uğurun qarşısında bizi istəməyən qüvvələr tərəfindən Azərbaycan əleyhinə kampaniya aparılır. Bu erməni lobbisinin və erməni dostu olanların siyasətidir. Onlar Azərbaycanın uğuruna müsbət baxa bilmirlər. Ancaq bunların heç biri bizim uğurumuza kölgə sala bilməyəcək. Yeri gəlmişkən, mən Azərbaycan idmançılarına arzu edirəm ki, onlar Avropa Oyunlarında ən yüksək nəticələr göstərsinlər.

- Adətən millət vəkilləri ilə icra hakimiyyətləri və ya məmurlar arasında müəyyən soyuqluq olur...

– Məmurlarla heç bir problemimiz yoxdur. Mən nə zaman məmurlara müraciət etmişəmsə, heç bir problemlə üzləşmədən qaldırdığım məsələ öz müsbət həllini tapıb.

Ədil Ədilzadə