adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Müstəqilliyin 30 illiyi və bizim polemikamız - Mehman Cavadoğlu yazır

MEHMAN CAVADOĞLU
143764 | 2020-09-15 09:10

Bax, görürsәn, o adamlar o tәrәfә gedir, bu adamlar bu tәrәfә gedir; mәn bu işi başa düşmürәm. Yәqin ki, dәli olublar. 

 (Mirzə Cəlil, “Anamın kitabı”)

 

Ölkəmizin ötən əsrin əvvəllərində qazandığı ilk müstəqilliyi dönəmində ən böyük problemlərindən biri milli kadrların azlığıydı. Rusiya imperiyasında məcburi orta təhsilin olmaması və mentalitetimizin dünyəvi təhsilə yava baxışı nəticəsində kütləvi savadsızlıq baş alıb gedirdi. Gənc respublika təhsilə önəm verən bəzi imkanlı ailələrdən çıxmış və yaxud maarifpərvər mesenatların yardımıyla təhsil almış bir ovuc milli ziyalının ümidinə qalmışdı. Əsasən Rusiyada və Avropada oxumuş bu ziyalıların mütləq əksəriyyəti təhsil aldıqları və böyüyüb boya-başa çatdıqları siyasi coğrafiyada mövcud olan aparıcı dillərin, yəni Şərq dillərinin ən azı biriylə yanaşı, öz ana dillərini də mükəmməl bilirdilər. Buna baxmayaraq milli kadr qıtlığı o səviyyədəydi ki, ana dilini yaxşı bilməmək elə də böyük qəbahət sayılmır, məsələn, öz dilində səlis danışmağa çətinlik çəkən Səmədağa Mehmandarov kimi peşəkarlar qınaq obyektinə çevrilmirdilər.

İkinci müstəqillik dövrünə qədəm basmağa hazırlaşdığımız dövrdəsə cəmiyyətdə savadlı kadr problemi deyə bir əndişə yox idi. Sovetin gətirdiyi məcburi orta təhsil, çoxsaylı ali və orta ixtisas məktəbləri bu problemi ən azından kəmiyyət baxımından həll etmişdi. İmperiyanın neft paytaxtına çevrilməsi ucbatından beynəlmiləl şəhərə dönmüş Bakının milli tərkibi də bu dəfə artıq öz əyalətlərimizdən axışanların hesabına xeyli dəyişmiş, yerli xalq itirilmiş üstün mövqeyini bərpa eləmişdi. Ancaq bütün bu müsbət tendensiyalara rəğmən bu xalq hələ də öz paytaxtında “ikinci sort vətəndaş” kimi yaşamaqda davam eləyirdi. Görünür, “ikinci sort vətəndaş” epiteti vaxtilə alnımıza necə həkk olunubsa indinin özünə kimi ondan yaxa qurtara bilmirik. Həmin vaxt bizi öz ölkəmizdə “ikinci sorta” çevirən əsas amil mövcud qanunların ziddinə olaraq rus dilinin şəhərdəki hakim mövqeyini qoruyub saxlamasıyla bağlıydısa, bu gün sosial səbəblərdən qaynaqlanır. Vaxtilə Bakının beynəlmiləlləşməsinin kökündə də neft amilinin həlledici rol oynadğını nəzərə alsaq, hər iki halda günahkar istisinə qızınmadığımız, tüstüsünə kor olduğumuz neftdir – fəxrlə şəninə nəğmələr qoşduğumuz, adına dastanlar bağladığımız Qara qızıl!

Ötən əsrin sonlarında başlayan xalq hərəkatının ilk dönəmlərindən, Azərbaycan hələ müstəqilliyini əldə etməmişdən rus dili məsələsi sanki təbii şəkildə öz həllini tapmışdı. Rayonları demirəm, rayonlarda ana dilində təhsil həmişə, elə bu günün özündə də mütləq üstünlüyünü qoruyub saxlayıb. Söhbət Bakıda da milli məktəblərin dəbə minməsindən, ön plana keçməsindən gedir. Mən ailələr tanıyıram ki, həmin illərdə hətta yuxarı sinifdə oxuyan uşaqlarını belə rus bölməsindən çıxardıb, Azərbaycan bölməsinə keçirirdi. Bəs, bidən-birə nə baş verdi, hansı yellər əsdi ki, bir müddətdən sonra yenidən əks axın başladı və müstəqilliyimizin 30 illiyi ərəfəsində “Azərbaycan, yoxsa rus bölməsi” diskussiyası yenidən cəmiyyətin əsas müzakirə movzusuna çevrildi?

Səbəblər çoxdur, ən birinci səbəb isə heç şübhəsiz, rus bölməsindəki təhsilin keyfiyyətcə üstünlüyüdür. Bizdə hər iki bölmədə tədris aparan çoxsaylı məktəblər, bu məktəblərdə hər iki dildə dərs deyən eyni müəllimlər var. Həmin məktəblərin ayrı-ayrı bölmələrində təhsil alan, eyni dərəcədə əqli və fiziki göstəricilərə malik şagirdlərin ümumi səviyyəsini yoxlasanız bu sözlərin həqiqətdən uzaq olmadığının şahidi ola bilərsiniz. Bəli, ana dilində tədrisin səviyyəsi aşağıdır və müstəqilliyimizin yaşı artdıqca daha yüksək templə aşağı düşməkdə davam eləyir. Üstəlik, ana dilli məktəblərdəki ab-hava, davranış, pedaqoq-şagird və pedaqoq-valideyn münasibətləri, alış-verişlər, nə bilim daha nələr, insanların gözünü əməlli-başlı qırıb. Əlbəttə, rus məktəbləri də bu cür neqativlərdən xali deyil, sadəcə, hər bir problem kimi bunun da böyüyü-kiçiyi var.

İkinci əsas səbəb ölkənin idarəetmə strukturlarında hökm sürən anormal vəziyyətlə bağlıdır. Orda işə girmək, işdə irəli getmək istəyənlərin qarşısına qoyulan birinci tələb rus dilini, ikinci tələbsə ingilis və ya hər hansı xarici dili bilib-bilməməkləriylə bağlıdır. Azərbaycan dilini, yəni dövlət dilini bilib-bilməmək isə heç kimi maraqlandırmır. Elə bunun nəticəsidir ki, bu ölkədə nəinki orta səviyyəli məmurların, hətta ən yüksək vəzifələrdə çalışan rəhbər işçilərin belə Azərbaycanca danışıqları zaman-zaman mətbuatın qınaq və gülüş obyektinə çevrilir, camaatın dilində dastan olur. Özü də söhbət təkcə keçmiş baş nazir Artur Rəsizadədən və keçmiş xarici işlər naziri Elmar Məmmədyarovdan getmir. Bu yaxınlarda internetdə, yalan olmasın, on beş nəfərə yaxın yüksək çinli məmurun ana dilini necə ağlar qoyması barədə maraqlı bir süjet paylaşılmışdı. Halbuki, hansı postda əyləşməsindən asılı olmayaraq dövlət dilini mükəmməl bilmək hətta fenomenal peşəkarlığa malik istənilən vəzifəli şəxsin qarşısına qoyulan ilkin tələb olmalıdır.

Azərbaycan hələ ki, rus dilinin hakim olduğu geosiyasi və mədəni məkanda yerləşdiyi üçün həmin dili bilmək bu ölkənin vətəndaşları üçün hələ uzun müddət, yəni Rusiya regionun böyük dövləti kimi öz mahiyyətini itirdiyi dövrə kimi aktual olaraq qalacaq. Düşməndir, qoy olsun, düşmənin dilini bilməyin xeyrinin ziyanından çox olması min illərin aksiomudur. Üstəlik, qonşu ölkədə bir ordu qastarbayterlərin mövcudluğunu da nəzərdən qaçırmaq olmaz. Bu ölkə hələ də xalqımızın əsas dolanışıq subyekti kimi öz birinciliyini qoruyub saxlamaqdadır. Hərçənd, bizim əmək mühacirlərinin heç kimdə olmayan müstəsna qabiliyyətləri də var. Məsələn, mən bir dəfə Rusiyadan gələrkən rusca həqiqətən “salam-sağol” səviyyəsində anlayışı olmayan cavan bir həmyerlimizin 6 ay Volqoqradda qaldıqdan sonra bir torba pulla geri qayıtdığının şahidi olmuşam. Amma bunlar istisnalardır, üstəlik, adam həmin pulu qazanınca öz milləti haqqında nə qədər aşağılayıcı kəlmələrin işlədilməsinə bais olub, bunu bir allah bilir – özü anlamasa da.

Rus məktəblərinin guya ölkəmizdə “beşinci kolon” formalaşdıran bir məkan olduğunu söyləyənlər də yanılır, Azərbaycanın ötən əsrdəki hər iki müstəqillik mücadiləsində rusdillilərin və rustəhsillilərin oynadığı rolu, yumşaq desək, unudurlar. Vətənpərvərlik həm də mükəmməl təhsil hadisəsidir. Belə təhsilin olmadğı cəmiyyətlərdə bu hiss qıy-qışqırığa çevrilir ki, onun da ziyanı xeyrindən qat-qat çoxdur. Yeri gəlmişkən, son vaxtlar dilimizdə bitmiş bu “beşinci kolon” söhbəti stalinizm dövrünün “kim neçə dil bilirsə o qədər ölkənin cəsusudur” formullu məşhur ittihamını xatırladır. Bütün dövlətlərin əlləri çatan başqa dövlətlərdə cəsusları olub, var və bundan sonra da olacaq. Böyük dövlətlərin əlləri uzun olduqlarına görə onların cəsus şəbəkələri dünyanın hər yerində fəaliyyət göstərir. Odur ki, cəmiyyətin siyasi, sosial-mədəni problemlərini bu cür yayğın tezislərə söykənməklə cözmək olmaz.

Bu fikirləri eyniylə rus təhsilinin guya daha müasir insan yetişdirilməsinə səbəb olduğunu söyləyən əks qütbün nümayəndələrinə də şamil etmək olar. Mühafizəkar dünyagörüşünə malik adamların, eləcə də bir çox radikal təriqətlərin üzvləri arasında rustəhsillilərin xüsusi çəkisinin heç də az olmaması bunun əyani sübutudur. Bu mənzərəni görmək bizim ölkənin timsalında bir az çətin olsa da, təhsilin büsbütün rusca olduğu qonşu Dağıstan və Şimali Qafqaz muxtariyyatlarında, rusca təhsilin bizdən qat-qat geniş yayıldığı Orta Asiyanın müstəqil dövlətlərində daha aydın müşahidə etmək mümkündür.

Bir vaxtlar oxumuşlarının ana dili farsca, çox oxumuşlarının ana dili ərəbcə olan bu diyarın müxtəlif dillər arasında giriftar günə qalması tale yazısıdır. Sonralar ərəbcə sıradan çıxdı, fars, osmanlı və rus dilləri hakim mövqeyə qalxdı, lap sonralarsa, osmanlı dilinin yerini türkcə tutdu, fars dilini ingiliscə əvəzlədi. Ötən zəmanələrdə baş verənləri anladıq, həmişə özgə yedəklərdə sürünən bir məmləkətin başqa taleyi ola bilməz. Bəs indi dilimizi üstün mövqeyə çıxarmağa hansı amillər mane olur? Otuz illik müstəqillik dövründə biz bu vacib, vacib olduğu qədər də sadə bir milli məsələni niyə həll edə bilmirik? Həll edə bilməmək bir yana qalsın, yuxarıda dediyimiz kimi günbəgün geri gedirik. Axı, biz birincidən fərqli olaraq, ikinci müstəqillik dövrünə artıq 70 il idi ki, milli məktəblərdə oxumuş, üstəlik, hərəsinə haqlı-haqsız bir vedrə bağladığımız Sovet ədəbiyyatı klassiklərinin hesabına xeyli inkişaf etmiş, cilalanmış, durulmuş ana dilində oxumuş kadrlarla qədəm qoymuşduq. Özü də indi-indi məlum olur ki, hər fürsətdə ağız büzdüyümüz sovet məktəblərindəki təhsilin səviyyəsi də, mühiti də bugünkündən qat-qat yuxarıydı. Bu 30 ildə mükəmməl təhsil sistemi yaratmaq bir yana qalsın, saysız-hesabsız qanun, fərman, sərəncam, qərar, göstəriş və nə bilim, daha nələrə baxmayaraq biz hələ Bakının dövlət dilinə həqarətlə, ən azından ondan xala -xətrin istifadə olunmaqla hazırlanmış lövhə, reklam və elanlarından yaxa qurtara bilməmişik. Bu da Qarabağ deyil ki, taleyi özümüzün, öz hökumətimizin əlində olmasın?! Yoxsa yenədəmi Kreml günahkardır?

Yazının əvvəlində rus dilinə marağın artmasına gətirib çıxardan xeyli arqument sadalamağıma rəğmən mən orta tədrisin tam dövlət dilində keçirilməsinin tərəfdarıyam. Xarici dillərdə tədris yalnız özəl məktəblərdə olmalıdır. Amma bu sənin-mənim istəyimizlə yox, hökumətin iradəsi və peşəkarlığıyla, ana dilində yüksək səviyyəli təhsilə nail olmaqla əmələ gələn bir işdir. Nə qədər ki, vəziyyət beləcə davam edəcək valideynləri qınamağın yeri yoxdur.

Valideyn uşağını “beşinci kolon”un nümayəndəsi kimi yetişdirmək üçün yox, yaxşı təhsil naminə rusdilli məktəblərə üz tutur, övladının normal pedaqoq-şagird münasibətlərinin hökm sürdüyü mühütdə yetişməsini istəyir. Bununçün rəsmilərimiz hər fürsətdə Rusiya rəsmilərinə ölkəmizdə gün-gündən sayı çoxalan rus məktəbləri haqqında hesabat vermək əvəzinə milli təhsil sistemini qaydaya salmaq, burda baş alıb gedən hərcmərcliyin qarşısını almaq haqqında düşünməlidirlər.

Rus bölmələrində tədrisin Rusiya məktəblərinin proqramları və dərslikləri əsasında aparılmasısa bir ayrı dərddir. Riyaziyyatı, fizikanı-filanı başa düşdük, bəs humanitar fənlər? Həmin fənlərin də ordan gələn dərsliklərlə keçildiyini nəzərə alanda adam bu biabırçılığa ad qoymaqda, sadəcə, çətinlik çəkir.

TƏQVİM / ARXİV