adalet.az header logo
  • Bakı 13°C

Faiq QİSMƏTOĞLU: Ağ şəhərin böyük oğlu

FAİQ QİSMƏTOĞLU
50891 | 2021-06-21 12:50

Böyük ziyalı, el ağsaqqalı, əməkdar jurnalist Həmzə Vəliməmmədovun Allahın dərgahına qovuşmasından bir il keçdi

 

Elə insanlar var ki, çox yüksək vəzifə tutur, böyük imkanlara malik olur, onun işığı heç doğmalarını, əzizlərini, hətta qardaşının, bacısının üstünə düşmür. Və bu insanlar vəzifədən gedən kimi ən yaxınlarının yadından belə çıxarırlar. Amma elə də adamlar var ki, vəzifədə olub-olmamasından asılı olmayaraq, həmişə elinə-obasına, doğmasına, hətta tanımadığı adamlara arxa durub, kömək olub. Bu insanlar ömürlərini özləri üçün yaşamayıblar. Onlar günəş kimi üfüqdən boylanıb, hamıya öz nurunu, işığını paylayıblar. Və bu adamlar da heç vaxt, heç zaman nəinki doğmalarının, heç yadların da yadından çıxmayıblar.

Böyük ziyalı, böyük el ağsaqqalı və böyük jurnalist Həmzə Vəliməmmədov da məhz belə ağayanı kişilərdən olub. O kişilər ki, tək özləri üçün, öz övladları üçün ömür sürməyiblər. Onlar bir elin, bir obanın, bir yurdun sevincini, kədərini yaşayıblar və həmişə də elə o elin, o obanın yanında olublar. Əlbəttə, Allah-Təala hər insana, hər ziyalıya böyük ürək bəxş eləmir. Sevdiyi və seçdiyi insanlara istedadla yanaşı, bir böyük ürək də verir. O ürək ki, orda dünya yerləşə bilir... Orda həmişə Günəş olur... Orda şeytanın, iblisin yeri yoxdu... Və orda həmişə işıq olur, mələklər olur...

Həmzə Vəliməmədov 1938-ci ildə dünyanın ən gözəl yurdlarından olan dağlar şəhəri Lerikdə anadan olub. O Lerik ki, Həmzə müəllim həmişə onu «Dağların ağ şəhəri» adlandırıb. Və bu ağ şəhər ona anadan olduğu gündən ömrünün son anına qədər bir söykək olub, arxa durub və başının üstündə günəş kimi dayanıb. Onun udduğu hava, içdiyi su, yeridiyi torpaq həmişə bu böyük ziyalıya bir söykək olub. Ataların bir yaxşı məsəli var: «O insan ki, elə söykənir, o ən böyük uca dağa sığınmış olur». Həmzə müəllim də həmişə öz elinə, obasına, uca dağına söykənib. Düşünüb ki, Lerikin hər bir uca dağı, hər bir bulağı, hər gülü, hər çiçəyi ona həyat, yaşam ümidi verirsə, təbii ki, o da bu yurdun adını uca tutmağa, namusunu və şərəfini qorumağa borcludur.

O böyük ziyalı həm ictimai-siyasi xadim idi, həm də məşhur yazıçı, publisist, jurnalist idi. Qələm onun üçün Allahdan sonra ən müqəddəs varlıq idi. Və qələm həm də bu böyük ziyalının çörək ağacı, ümid yeri, sevinci idi. Əli qələm tutduğu ilk gündən ömrünün son anına qədər o qələmə sadiq oldu. Heç vaxt haqqı nahaqqa vermədi. Məzlumun haqqını zalıma, zalımın almasına göz yummadı. Əksinə, həmişə, hər an məzlumların, alın təri ilə yaşayan insanların haqqını qorudu. Harda işləməsindən asılı olmayaraq Həmzə müəllim hər an, hər dəqiqə, vicdanının səsi ilə hərəkət etdi. Ağa qara və qaraya ağ demədi.

Uzun müddət Lerikdə çıxan «Bolluq uğrunda» («Lerik») qəzetində məsul vəzifədə çalışdı, redaktor oldu. Və həmin dövrdə də bir yazar kimi, jurnalist kimi hadisələrə, haqqa-ədalətə vicdanla yanaşdı. 1976-cı ildə Respublika Mətbuat Komtəsinin müsabiqəsində birinci yerə layiq görülərək, yüksək mükafat aldı. Eyni zamanda 1985-ci ildə isə müxbirlərlə kütləvi işin təşkilinə görə onun rəhbərlik etdiyi qəzetə SSRİ Jurnalistlər İttifaqının diplomu verildi. 1987-ci ildə qəzet Azərbaycan SSRİ Ali Soveti Rəyasət Heyətinin «Fəxri fərmanı» ilə təltif olundu. Həmzə müəllim isə «Qızıl qələm» media mükafatı aldı. Onun üçün ən böyük yaddaşlara yazılan gün 1990-cı il oldu. Belə ki, həmin ildə Həmzə Vəliməmmədov «Əməkdar jurnalist» fəxri adına layiq görüldü.

Belə bir deyim var. «Ömür mənalı yaşanırsa, ölüm də mənalı olur». Həmzə müəllim elə bir ömür yaşayıb ki, o ömür hər adama qismət olmur. Bilirsiz o ömür nədir? O ömür insanın halallığı, tutduğu düz yol, qüruru və şərəfidir. Və Həmzə Vəliməmmədov da həmişə bu dediyimiz elementləri və xüsusiyyətləri ömrünün son anına qədər qoruya bildi. İstedadlı yazıçı-publisist və mənim dostum, prezident təqaüdçüsü Səməndər Məmmədov Həmzə müəllimin 80 illiyi ilə bağlı unikal bir yazı qələmə alıb və bu unikal yazıda böyük ziyalı, böyük jurnalist və böyük yazıçı-publisist kimi onun bütün cizgilərini incəliklə qələmə alıb. Və o yazını oxuyanda bir daha Həmzə müəllimin necə bir mənalı ömür yolu keçdiyinin şahidi olursan. Şahidi olursan ki, o böyük ziyalı çox zəhmətkeş, çox halal, çox namuslu və vicdanlı bir şəxsiyyət olub.

Ömrü boyu sözə, vicdana və qələmə xəyanət etməyib. Neçə-neçə gözəl kitablar araya-ərsəyə gətirib və o kitabları oxuyanda orda Lerikin təmiz havasını, təmiz suyunu, bərəkətli torpağını hiss edirsən. Hiss edirsən ki, Həmzə müəllim Lerikin dağ bulaqları kimi dupduru bir ziyalıdır. Ağ saçların, müdrikliyin nəticələrini görürsən. Görürsən ki, o yaşadığı ömrü yalnız və yalnız xeyirxahlıqla keçirib. Onun unikal bir kitabı işıq üzü görüb: «Dağdan ağır kişilər» . Bu kitabda Lerikin böyük ziyalılarının, tarixi şəxsiyyətlərinin portreti yaradılıb və o ağayana kişilərdən biri də elə Həmzə müəllim özüdür. Düzdü, özü haqqında bir söz demir. Amma o yazdığı dağdan ağır kişilər barəsində portret oçerklər deyir ki, bizi qələmə alan Həmzə müəllim də Lerikin dağdan ağır kişilərindəndi.

Heç vaxt onun üzünü görmədim. Amma üzünü görməyə-görməyə onu o qədər çox istəyirdim ki, sanki mənim doğmalarımdan biri idi. Elə ilk tanışlığım da telefonda olmuşdu. Mənim hansısa yazımı oxuyub, nömrəmi öyrənib telefon açmışdı. Üzünü görməsəm də səsindən müdriklik, ağsaqqallıq yağırdı və həmişə də deyirdi ki, Bakıya gələndə səninlə görüşəcəm, oğlumla tanış edəcəm. Hətta hər həftə mənə yazılarımla bağlı zəng vururdu. Çox maraqlı fikirlər səsləndirirdi. Mən də deyirdim ki, Həmzə müəllim sizin kimi böyük ziyalı və böyük jurnalist mənim o yazımı oxuyursa, bundan qürur duyuram. Həvəsə gəlib yeni yazılar qələmə alıram. Onunla görüşə bilmədik və bir də eşitdim ki, Haqqın dərgahına qovuşub. Artıq bu el ağsaqqalının Allahın dərgahına qovuşmasından 1 il ötür.

Və bu 1 ildə bir Allah şahiddir ki, mənim yaxın dostum və qardaş qədər hörmət etdiyim Səməndər müəllimlə onu tez-tez yad etmişik, xatırlamışıq. Adam var ki, heç sağlığında kiminsə yadına düşmür. Amma Həmzə müəllim kimi böyük ziyalılar dünyalarını dəyişsələr də, həmişə xoş əməlləri ilə tanıyanların qəlbində yaşayırlar və yeni bir ömür sürürlər. Həmzə müəllim dostluğa, duz-çörəyə və yoldaşlığa çox sədaqətli adam olub. Bunu mən demirəm, onunla 40 il dostluq eləmiş, düz-çörək kəsmiş yazıçı-publisist Səməndər Məmmədov deyir. O deyir ki, mən Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib Lerikə təyinat aldım və təyinatla Lerikin Vistan kənd orta məktəbində işə başladım. Həmin vaxtda mənim əmim, əməkdar jurnalist Məmməd Məmmədov «Sovet kəndi» qəzetində şöbə müdiri işləyirdi. Zəng edib məni «Lerik» qəzetinin redaktoru Həmzə müəllimə tapşırdı. Bir müddətdən sonra həyat yoldaşım Şahpəri xanım da həmin kənddə dərs deməyə başladı. Həmzə müəllim kəndə gəlib məni tapdı və dedi ki, elə bilmə ki, sənin heç kimin yoxdu. Bugündən bil ki, mənim kimi bir dostun var. Həmin gündən o məktəbdə işlədiyimiz son ana qədər Həmzə müəllimin atalıq qayğısını, kölgəsini, köməyini hiss elədik. Hiss elədik ki, sən demə, dünyada təmənnasız olaraq yaxşılıq edən böyük kişilər də varmış.

Bir dəfə həyat yoldaşımı götürüb getdim Lerikə. Şəhərin mərkəzində «Uzunömürlülər» muzeyinin qarşısında dayanıb Həmzə müəllimə telefon açdım. Soruşdu ki, Bakıda nə var, nə yox? Dedim ki, Bakıda deyiləm ey. Lerikdə muzeyin qarşısındayam. Heç 10 dəqiqə keçmədi ki, özünü ora çatdırdı. Götürüb məni də, ailəmi də evlərinə apardı. Gözəl süfrə açdı. Sonra da dedi ki, axşam bizdə qalarsan. Amma mən də əvvəldən meşənin içində gözəl bir yerdə yer sifariş etmişdim. Dedim ki, Allah haqqı yer sifariş etmişəm. Yoxsa qalardım. Mənimlə razılaşdı və küçəyə qədər bizi ötürdü. Maşına əyləşmək istəyəndə əlini çiynimə qoydu və dedi ki, bu evin qapısı həmişə sənin üzünə açıqdı. Mən də dedim ki, Həmzə müəllim, çox sağ ol, Allah üzünüzü ağ etsin. Maşına əyləşib Vistan kəndinə getdim. Ordakı müəllim yoldaşlarımı ziyarət eləyib, sifariş etdiyim otelə qayıtdım.

Həmzə Vəliməmmədov böyük ziyalı, böyük jurnalist, el ağsaqqalı olmaqla yanaşı, gözəl də ailə başçısı idi. Onun 10 övladı, 18 nəvəsi var. Hamısı da ziyalı, savadlı və hörmətli. Təbii ki, ot kökü üstə bitər. İnsan özü hansı yolu tutursa, övladları da o yolla, cığırla gedirlər. İndi Həmzə müəllimin övladları ölkənin sayılıb-seçilən ziyalılarından və vətənpərvər insanlarındandır. Və bu gün Həmzə müəllim Allahın dərgahında çox rahat uyuya bilir. Ən azından ona görə ki, onun övladları sarıdan heç bir narahatlığı yoxdur. Elə dünyada da ən böyük var-dövlət bu dünyada tərbiyəli, savadlı, vətənpərvər övladlar yetişdirməkdir. Bu borcu da Həmzə müəllim çox şərəflə yerinə yetirib. Yazımı yaxın dostum, yazıçı-publisist və şair Səməndər Məmmədovun Həmzə müəllimin 75 illiyinə həsr etdiyi «Ay Həmzə qağa» şeiri ilə bitirmək istəyirəm.

 

Od kimi alışdın, sönmədin heç vaxt,

Doğru-düz yolundan dönmədin heç vaxt,

Öz uca zirvəndən enmədin heç vaxt.

Qələmin itidir, ay Həmzə qağa,

Sözün qiymətlidir, ay Həmzə qağa.

 

Haqqa sən haqq dedin, haqqı danmadın,

Budaqdan-budağa uçub qonmadın,

Arxan, dayağındı öz təmiz adın,

Yazıb-yaradırsan, ay Həmzə qağa,

Belə yaşayırsan, ay Həmzə qağa.

 

Satmadın sözünü sərvətə, vara,

Sən ağa ağ dedin, qaraya qara,

Hər kəlmən nur oldu, qaranlıqlara.

Çağlayır ilhamın, ay Həmzə qağa,

Təmizdi vicdanın, ay Həmzə qağa.

 

 

TƏQVİM / ARXİV