adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
03 Mart 2015 18:59
54929
RUBRİKA
A- A+

"FƏXRİ KÜRSÜ"də Şahin İmranov : "Səhlənkarlıq etməsəydim, iki olimpiya oyunlarını qazanardım"

Azərbaycan boksunun ən ünlü isimlərindən biri şübhəsiz ki, Şahin İmranovdur. O, Pekin yay Olimpiya Oyunlarının bürünc, 2002-ci ildə Rusiyanın Perm, 2006-cı ildə isə Bolqarıstanın Plovdiv şəhərində keçirilən  Avropa çempionatının gümüş mükafatçısıdır. Şahin İmranov həmçinin Hərbçilər arasında Olimpiya Oyunları  və dünya çempionatlarının bürünc mükafatçısı, Afina yay Olimpiya Oyunlarının iştirakçısıdır. O, bir müddət Boks üzrə Azərbaycan yığma komandasının kapitanı olub.

Pekin yay Olimpiya Oyunlarında əldə etdiyi nailiyyətə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.


Adalet.az-ın "Fəxri kürsü" rubrikasının növbəti qonağı veteran boksçu Şahin İmranovdur.


"Tişşenko qalib olduqdan sonra fikirləşdim ki, deməli, onun yerində mən də ola bilərdim"



- Şahin bəy, hazırda nə işlə məşğulsunuz?

- Hazırda Sumqayıt Şəhər Baş Gömrük İdarəsində çalışıram.


- İdman sahəsindən uzaqlaşmısınız?

-Federasiyada çalışıram, amma sırf məşqçi kimi fəaliyyət göstərmirəm. Komandanın yanında oluram, onlarla birlikdə xaricdə keçirilən turnirlərə gedirəm. 


- 2002 və 2006-cı illərdə Avropa çempionatının finallarında məğlub oldunuz. Hər iki halda çempionluq üçün nə çatmadı? 

- Permdə Raimkul Malakbekovla görüşdə 6-5 hesabı ilə irəlidəydim, qaşımdan zədələndiyim üçün görüşü yarımçıq dayandırmalı oldum. 2006-cı ildə isə digər rusiyalı Albert Səllimovla final görüşünü hüç bir səbəb olmadan, həqiqətən uduzmuşdum. 


- 2004-cü il Afina Olimpiya Oyunlarında məhz qaşınızdan zədələndiyiniz üçün böyük hesabla irəlidə olduğunuz görüşü əldən verdiniz...

- Görüşdən sonra məğlubiyyətin acısını o qədər də çox hiss etmirdim, bunu qismətlə bağlayırdım. Ancaq, məğlub olduğum Tişşenko olimpiadanın qalibi olduqdan sonra qeyri-ixtiyari fikirləşdim ki, deməli, onun yerində mən də ola bilərdim...


- Görüş hələ də xatirimdədir, o, sizin qarşınızda çox aciz görünürdü. Tişşenkonun sonradan çempion olacağı heç kimin ağlına gəlməzdi...

- Afina Olimpiadasında onun adı favoritlər sırasında göstərilmirdi. Sonradan o Pekində ikinci dəfə çempion oldu. Belə demək olarsa, sanki, mənim ayağım ona düşdü. 2004-cü ilə kimi heç yerdə tanınmayan Tişşenko sonradan bütün mümkün titullara yiyələndi.
31-21 hesabı ilə öndəydim. Üçüncü raundda texniki məğlubiyyət verdilər. Məndə əvvəldən belə bir zəif cəhət vardı ki,  20-30 saniyəlik olsa da, bir növ, döyüşün axarını itirirdim. Bununla belə, əsla, bir raund ərzində on xallıq üstünlüyü əldən verməzdim. Beş zərbəyə heç olmasa iki dəqiq zərbə ilə cavab verə bilərdim.


- İndikindən fərqli olaraq, o vaxtlar baş geyimləri mövcud idi. Digər görüşlərə çıxmaq olardı...

- Mənim görüşümün sabahı Ukrayna bokçusu da eyni aqibəti yaşadı. Ancaq ona güzəşt edildi. Sonradan da mükafatçılar sırasına düşdü.


- Federasiya bununla bağlı protest verdi?

- Görüşün nəticəsi onsuz da dəyişməyəcəkdi, uzağı hakim cəzalandırılacaqdı. Boksun qaydalarına görə görüşün nəticəsi heç bir halda dəyişdirilə bilməz.


- 2008-ci ilin Olimpiya Oyunlarında yarımfinalda olsa belə, zədələndiyinizi əsas gətirərək məğlub oldunuz. Ancaq, çoxları sizin zədənizi ciddi hesab etmir, görüşdən imtina etdiyinizə görə sizi qınayırdılar...

-  Fransız boksçunu Plovdivdə keçirilən Avropa çempionatında tam üstünlüklə məğlub etmişdim. Ancaq olimpiadaya gedərkən zədəli idim. Təsnifat turnirlərində əlimdən xəsarət almışdım. Fikirləşirdim ki, ümumiyyətlə orda heç nə edə bilməyəcəm. Məşq zamanı əlimə zərbə dəyəndə az qalırdı, oturub ağlayım... Öz-özümə deyirdim, mən hara, nəyə gedirəm. Üstəlik də bir ay ərzində çox çəki salmışdım.

Hər kəs mənə deyirdi ki, medalı rəsmiləşdirdikdən sonra sanki, məğlubiyyyətlə razılaşdın. Onu saxlamaq üçün yaxşı zərbə lazım idi. Bir tərəfdən zədəm mane olurdu deyə, yaxşı zərbə endirə bilmirdim, digər tərəfdən də çox çəki saldığım üçün yorğun idim, vaxt udmaq üçün alternativ vasitələrdən istifadə edə bilmirdim. Bildim ki, görüşün nəticəsini sonadək saxlaya bilməyəcəm, onun üçün də görüşü dayandırdim. Biabırçı vəziyyətə düşməkdənsə, belə üzüsulu uduzmağı üstün tutdum. Birinci və ya ikinci görüşdə qarşılaşsaydıq, onu asanlıqla məğlub edərdim. Celkir fiziki göstəricilərdə güclü olsa da, taktiki cəhətdən çox zəifiydi, rahat aldadıb, yenmək olardı.


- Qalib gələcəyiniz təqdirdə finalda sizi dünya boksunun canlı əfsanəsi Vasili Lomaçenko gözləyirdi...

- Deyə bilmərəm nəticə necə olardı...Ən azından maraqlı görüş alınardı. O, çox güclü, məzmunlu döyüş sərgiləyən boksçudur. Ən əsası "pinti boksçu" deyil, səliqəli döyüş üslubu var.
Mənim olimpiadada ən çox ehtiyatlandığım rəqib Azərbaycan əsilli Qazaxıstan təmsilçisi Qalib Cəfərov idi. Düzdür, onu 3 dəfə məğlub etmişdim, ancaq yenə də çəkinirdim. Onunla görüş məni çox qayğılandırırdı. Kifayət qədər titullu, taktiki cəhətdən çox güclü boksçu idi. İlk görüşüm olduğu üçün də üzərimdə hədsiz həyəcan vardı. Görüşdən əvvəl səhərədək oturub beynimdə taktika cızmışdım.


"Hansı idman növündə çıxış etsəydim, mütləq nailiyyət qazanardım"
 



- "Pinti boksçu" dedikdə nəyi nəzərdə tutursunuz?

- Yəni məktəb keçməyən, loru dildə desək, "köntöy" boksçu. Elə boksçular çoxdur.


- "Atalar üçdən deyib" prinsipini rəhbər tutub, London yay Olimpiya Oyunlarında iştirak edərək, olimpiya çempionu olmaq arzunuzu reallaşdıra bilməzdiniz?

- Boks ağır idman növüdür. Həm də vaxtında getmək daha yaxşıdır.
Ürəyimdəkiləri tam reallaşdıra bilməsəm də, ölkə idmanı üçün az-çox nə isə etdim. İdmana yeni başlayanda ağlıma da gəlməzdi ki, haçansa belə uğurlar qazanaram. Əvvəllər səhlənkarlıq edirdim, idmana çox ciddi yanaşmırdım. Məşqçilərim mənə deyirdi ki, çox güclüsən, üzərində işləsən olimpiya çempionu da ola bilərsən. Vallah, bəlkə də səhlənkarlıq etməsəydim, iki olimpiya oyunlarını qazanardım.


- Səhlənkarlıq dedikdə?

- Belə deyək; Bu sahənin fanatı olmadım...
Keçmiş komanda yoldaşım Əli İsmayılov istedadlı deyildi. O, nəticəyə qazanmaq üçün gərək gərgin məşq prosesi keçəydi. Mən və digər komanda yoldaşlarımın hər birində müəyyən istedad varıydı, amma idmana onun qədər ciddi yanaşmırdıq, gəlirdik, beş-on dəqiqə məşq edib,  çıxıb gedirdik. Mən Əli qədər əziyyət çəksəydim, indi olimpiya çempionuydum. O vaxt gənciydim, fikirləşmirdim,  indi dərk edirəm ki, çox şey itirmişəm... Gənc boksçulara da deyirəm ki, nə qədər əlinizdə imkan var, nəticə qazanmağa çalışın. Bir növ, nailiyyətə tələsin. İdmanın, xüsusən də boksun ömrü çox qısadır. Elə bir zərbə alarsan ki, boksdan tamamilə iyrənərsən.



- Siz niyə digər idman növlərini yox, məhz boksu seçdiniz?

- Uşaqlıqdan əsasən döyüş növlərini sevmişəm. Əvvəllər karateylə, güləşlə də məşğul olmuşam. Yaxşı güləşə, futbol oynaya bilirdim. Məktəbli vaxtlarımda hansı yarış olsa, çıxış edib, nailiyyyət qazanırdım. Elə düşünürəm ki, hansı idman növündə çıxış etsəydim, mütləq nailiyyət qazanardım. Məndə o potensial var idi. Yoldaşlarım boksa gedirdi, mən də onlara qoşulub, məşqlərə getdim. Cəmi iki həftə məşq etməyimə baxmayaraq, Sumqayıt çempionu oldum. Bu uğurdan sonra da idman karyeramı məhz boksla bağladım.



"Yatsam yuxuma da girməzdi ki, Cavid Çələbiyev belə tezliklə dünya çempionu olar"



- Özünüz dediyiniz kimi, hələ də boks yığmamıza yaxınsınız. Sizin dövrlə müqayisə etdikdə, hazırda Azərbaycan boksunun vəziyyətini necə dəyərləndirirsiniz?

- Kəmaləddin Heydərov cənabları başda olmaqla, federasiya rəhbərliyi boksçularımız üçün yaxşı şərait yaradıb. Bu səbəbdən də nailiyyətlər bir-birini sıralayır. Artıq iki dünya çempionumuz var; Məhəmmədrəsul Məcidov və Cavid Çələbiyev.


- Cavid Çələbiyev cəmi 21 yaşında, heç kimin gözləmədiyi halda çempion oldu. Çoxları onun bu uğurunu təsadüf kimi qələmə verdi. Siz necə fikirləşirsiniz?

- Çoxları elə düşünür...
 Cavidin böyük ürəyi var, bir idmançı olaraq, onu məhz bu xüsusiyyəti xarakterizə edir. Elə bunun hesabına da dünya çempionu oldu. Onun dözümü, əzmi sonda öz sözünü dedi. Mən heç özüm də inanmırdım, yatsam yuxuma da girməzdi ki, Cavid belə tezliklə dünya çempionu olar.


- Orta çəkidə problem hiss olunur...

- Deməzdim. 60 kiloqramda Elvin İsayev çox yaxşı boksçudur...



- 64 kiloqramda Heybətulla Hacıəliyev kimi yerli boksçu ola-ola Sotamayorun heyətə cəlb edilməsinə necə baxırsınız?

- Sotamayorun çıxışını Azərbaycan çempionatında izlədim, yaxşı boksçudur. Finalda da Heybətullanı məğlub etdi. Mən özüm də istəmərəm ki, digər millətin nümayəndəsi gəlib, bizim adımızdan çıxış etsin, nailiyyət qazansın. İstərdim ki, bizi bu çəkidə Avropa Oyunlarında Heybətulla Hacıəliyev təmsil etsin. O, çox potensiallı, nəticə göstərmək iqtidarında olan boksçudur. Bir yandan da hesab edirəm ki, əcnəbi idmançıların heyətə cəlb edilməsi düzgün siyasətdir. Bu, əsas heyətə düşmək üçün idmançılar arasında güclü rəqəbətə səbəb olur.



- Bir ara o çəkidə Ramal Amanov çıxış edirdi. O, indi hardadı?

- Ramal Amanov hazırda Rusiyada professional boksla məşğul olur.


- Sizin haçansa peşəkar boksa keçmək fikriniz olub?

- Mən Pekin Olimpiadasından qayıtdıqdan sonra Almaniyadan təklif gəlmişdi. Federasiya rəhbərliyi bu barədə məni məlumatlandırdı. O vaxtlar zədəm olduğu üçün bu məsələni təxirə saldıq. Cavab olaraq yazdılar ki, Şahin İmranov hələlik zədələrinin müalicəsi ilə məşğuldur, altı aydan sonra sizə rəsmi məlumat veriləcək. Altı ay keçdikdən sonra da cavab verilmədi, bununla da sakitcə idmandan uzaqlaşdım. Çünki qaşımla bağlı çox problem yaşayırdım. Dəfələrlə böyük hesabla irəlidə olduğum görüşləri bu məsələyə görə texniki məğlubiyyətlə tərk etmişəm.


- Avropa Oyunlarında hansı boksçularımızdan medal gözləyirsiniz?

- Nəticələrimiz yüksək olacaq. Boks yığmamızdan bu yarışda  ən azı 2-3 medal gözləyirəm.


- Daha çox kimlərə ümidlisiniz?

- Elvin Məmişzadəyə...


- Ancaq Elvin son vaxtlar rinqdə heç nəylə yadda qalmır...

- Razıyam. Son vaxtlar "Baku Fires"da da uğurlu çıxış sərgiləmir. O, çox potensiallı boksçudur. Texniki cəhətdən çox hazırlıqlıdır. Mən bir azarkeş kimi onun döyüş üslubuna azarkeşlik edirəm. Nə bilim vallah... Nailiyyət qazanmaq üçün onda nəsə kiçik bir nüans çatmır.
Məhəmmədrəsul Məcidov, Teymur Məmmədov, Cavid Çələbiyev və Soltan Migittinovdan medal gözləyirəm.


- Soltan Migittinov uzun müddətdir yığmanın heyətində çıxış etsə də, heç bir nailiyyətlə yadda qalmayıb...

- Migittinov pis boksçu deyil. İstəklidir.



"Samir Məmmədov kimi vaxtından əvvəl karyerasını bitirən idmançılar ətrafının qurbanı olurlar"



- Bir vaxtlar Azərbaycan boksunda Samir Məmmədov dalğası hökm sürürdü. Hər kəs ondan yüksək nailiyyətlər gözləyirdi. O, gözlənilmədən idmandan uzaqlaşdı. Məmmədovun keçmiş komanda yoldaşı olaraq bu barədə fikirləriniz maraqlı olardı...

- Onun karyerasını bitirməyinə çox heyfsilənirəm. Həqiqətən də əsl tapıntı idi. Ya turnirlərin birində ciddi zədə aldı, ya düzgün istiqamətləndirmədilər....Nə deyim vallah...Pekin Olimpiadasında birlikdə iştirak edirdik, məndən çox onun adı medalçılar sırasında hallandırılırdı. Çox böyük təəssüflər olsun ki, o, idmandan arzularını reallaşdırmadan getdi. Onda bir az səhlənkarlıq oldu. Samir Məmmədov Avropa və dünya çempionatlarında medal qazananadək idmana tamam başqa cür yanaşırdı. Sonradan sanki ulduz xəstəliyinə tutuldu...
Plovdivdə keçirilən Avropa çempionatında onun məşhur fransız boksçusu Jerar Tomasla yarımfinal döyüşü heç zaman yadımdan çıxmaz. Fransadan onun haqqında film çəkməyə gəlmişdilər. Samir onu elə biabırçı şəkildə məğlub etdi ki, filmi yarımçıq saxladılar. Toması karyerası ərzində o cür məğlub edən olmamışdı. O, əslində həmin qitə çempionatının qalibi olmuşdu, sadəcə, final görüşündə hakimlər rus boksçusu Balakşinə güzəşt etdilər...
Qeyd edim ki, Samir kimi vaxtından əvvəl karyerasını bitirən idmançılar ətrafının qurbanı olurlar. Ətrafdakılar yaxşı olanda idmançının nailiyyət əldə etməsi asan olur. Əks halda idmançı belə desək, "pozulur".


- Sizin ətrafınız necə olub?

- Məndə çox yaxşı olub. Buna görə də Afina Olimpiadasından sonra həvəsdən düşmədim. Bütün dost- tanışlarım mənə Pekində iştirak üçün stimul verdilər. Halbuki, 2004-cü ildən sonra əksər komanda yoldaşlarım karyerasını bitirdilər.


- Necə fikirləşirsiniz, Azərbaycan olimpiya yığması Avropa Oyunlarında ilk üçlükdə qərarlaşa biləcəkmi?

- Əlbəttə. Bizim çox güclü güləşçilərimiz, boksçularımız var. Qeyri-olimpiya növlərindən sambo və karate də proqrama salınıb. Bu səbəbdən olimpiya yığmamızdan yüksək nəticələr gözləmək olar.


- Bəzi idmançılar Avropa Oyunları ilə əlaqədar idmana qayıtmaq qərarına gəlib. Məsələn, Mövlud Mirəliyevin iştirakı demək olar qətiləşib. Elnur Məmmədlinin də idmana qayıdıb, Avropa Oyunlarında iştirak etməsi ilə bağlı xəbərlər yayılmışdı. Sizin necə, belə fikriniz olub?

- Mövludun nəticə qazanmasını çox istəyirəm, o buna layiqdir. Elnurla görüşəndə mənə dedi ki, qayıtmaq istəyirəm. Mən Elnura dedim ki, "istəyirəm" yox, qayıtmalısan, çünki hələ çox gəncsən.
Mən peşəkar idmana çox ara vermişəm. 2008-ci ildən bu yana bir dəfə də olsun rinqə çıxmamışam. Boks da elə idman növüdür ki, cəmi bir həftə məşq etməyəndə formadan xeyli geri düşürsən. Mənim çəkim də imkan vermir. Əvvəlki çəkiylə 3-4 kiloqram fərq olsaydı, hardasa düşünmək olardı. İndiki halda qətiyyən mümkün deyil.



"Bütün komanda yoldaşlarımla ünsiyyətimi davam etdirirəm"



 - Maraqlıdır, hansı döyüşünüzü hələ də unutmursunuz?

- Uşaq idim, Atlanta olimpiadasında Raimbek Malakbekovun çıxışlarını böyük maraqla izləyirdim, ağlıma gəlməzdi ki, onunla haçansa finalda qarşılaşaram. Permdəki qitə çempionatının finalında onunla görüşərkən həyəcandan başım gicəllənirdi. Arena ağzınadək doluydu, boş yer yox idi. Karyeramın ilk vacib döyüşü idi. Bu baxımdan o görüş xatirimdə dərin iz buraxıb.


- Medal kolleksiyanızda yeganə çatışmayan dünya çempionatının mükafatıdır. İştirak etdiyiniz mundialların hansında medala yaxın olmusunuz?

- 2007-ci ildə ABŞ-ın Çikaqo şəhərində keçirilən dünya çempionatında. 1/4 final görüşündə Hindistan boksçusunu açıq-aşkar məğlub etmişdim, hakimlər qələbəni əlimdən aldı. Bu mundial mənim üçün əsasən olimpiadaya lisenziya qazanmaq üçün önəmliydi, nəinki medal qazanmaq baxımından. Şükürlər olsun ki, İtaliyada keçirilən son təsnifat turnirində rəqiblərimi böyük üstünlüklə məğlub edərək, Samir Məmmədovun ardından Pekin Olimpiadasına vəsiqə qazandım.


- Keçmiş komanda yoldaşlarınızla hələ də ünsiyyətiniz var?

- Bütün komanda yoldaşlarımla ünsiyyətimi davam etdirirəm. Cavid Tağıyev, Vüqar Ələkbərov, Nəsimi Aydınov, Fuad Aslanovla hər gün bir yerdəyik. Görmədiklərimlə tez-tez zəngləşib, hal-əhval tuturuq. Onların çoxu hələ də Boks Federasiyasında müxtəlif sahələr üzrə fəaliyyətlərini davam etdirirlər. Rövşən Hüseynov hazırda federasiyanın vitse- prezidentidir, beynəlxalq dərəcəli hakimdir. London Olimpiadasında da əsas hakimlərdən biri idi. Fuad Aslanov da hakimdir, bu yaxınlarda beynəlxalq dərəcə aldı. Nəsimi Aydınov və Ceyhun Əbiyev də hakimliklə məşğuldurlar. Vüqar Ələkbərov, Ağası Məmmədov, Emil Məhərrəmov, Cavid Tağıyev, Tofiq Əhmədov hazırda müxtəlif klublarda, idman mərkəzlərində məşqçi kimi çalışırlar.

Sahib ƏSƏDBƏYLİ